Son gündə daha 1 qızıl və 2 bürünc medal qazandıq

23:28 26 İyun 2016

Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı başa çatıb.

Sərbəst güləşçilərin ilk yarış günündə Murad Süleymanov (74 kq) qızıl, Əliabbas Rzazadə (50 kq) və Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) bürünc medal qazanıb.

Çempionatın son günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz son yarış günündə də 1 qızıl və 2 bürünc medal qazanıb.

55 kq-da mübarizə aparan Mahir Əmiraslanov ilk görüşdə Rusiya idmançısına məğlub olsa da rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Moldova təmsilçisinə tam üstünlüklə qalib gələn güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Makedoniya idmançısına da tam üstünlüklə qalib gələn Mahir çempionatın bürünc medalını qazanıb.  

84 kq çəkidə təmsilçimiz Hacımurad Məhəmmədsəidov ilk görüşdə İspaniya, ardınca Ermənistandan olan rəqiblərini vaxtından əvvəl tam üstünlüklə məğlub edib. Yarımfinalda Türkiyə idmançısına da vaxtından əvvəl qalib gələn güləşçimiz finala yüksəlib. Son görüşdə onun rəqibi Rusiya təmsilçisi olub. Gərgin keçən görüşü üstün tamamlayan güləşçimiz çempionatın qızıl medala sahib olub.  

120 kq-da mübarizə aparan Alimaqomed Alixmoyev ilk görüşdə Ukraynadan olan rəqibini üstələsə də Rusiya təmsilçisi ilə görüşü məğlub başa vurub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşdə güləşçimiz Yunanıstan idmançısı ilə qarşılaşıb. Tam üstünlüklə qazanılan qələbə güləşçimizə bürünc medal uğrunda görüşə haqq qazandırıb. Almaniya idmançısı ilə görüşdə rəqibə heç bir şans verməyən təmsilçimiz çempionatın bürünc medalını qazanıb.  

55 kq 
1/8 final - Abasqadji Maqomedov (RUS) - Mahir Əmiraslanov 10:8
Təsəlliverici görüş - Mahir Əmiraslanov - Petru Craciun (MDA) 12:2
Bürünc medal görüşü - Mahir Əmiraslanov - Elmedin Seyfulau (MKD) 10:0

66 kq
1/16 final - Fazil Həsənov - Uladzislau Zharykau (BLR) 12:2
1/8 final - Fazil Həsənov - Oleksiy Boruta (UKR) 3:4

84 kq
1/8 final - Alejandro Canada Pancorbo (ESP) - Hacımurad Məhəmmədsəidov 0:10 (48 san.)
1/4 final - Sargis Hovsepyan (ARM) - Hacımurad Məhəmmədsəidov 0:10 (65 san.)
1/2 final - Hacımurad Məhəmmədsəidov - Semih Yazıcı (TUR) 11:0 (32 san.)
FİNAL - Batirbek Çakulov (RUS) - Hacımurad Məhəmmədsəidov 2:3

120 kq
1/8 final - Maqomed Zakariev (UKR) - Alimaqomed Alixmoyev 0:11
1/4 final - Alimaqomed Alixmoyev - Maqomedamin Dibirov 2:5
Təsəlliverici görüş - Kristos Mavridis (GRE) - Alimaqomed Alixmoyev 0:11
Bürünc medal görüşü - Alimaqomed Alixmoyev - Marcel Boehme (GER) 9:0


Digər xəbərlər

Xəbər xətti