"Düdelanj"ın baş məşqçisi: "Qarabağ"ı məğlub etmək çətin olacaq"

00:10 13 İyul 2016

“Ağır oyun oldu. Belə olacağını gözləyirdik. Xüsusən, “Qarabağ” ilk 15 dəqiqədə yaxşı oyun göstərdi. Bizi təzyiq altında saxladılar”.Bu sözləri “Düdelanj” klubunun baş məşqçisi Dino Topmöller deyib.
 
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Düdelanj” matçı Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Matçdan sonra keçirilən mətbuat konfransında Lüksemburq təmsilçisinin çalışdırıcısı məğlubiyyəti şərh edib: “İkinci hissədə daha yaxşı oynadıq. “Qarabağ”a qol imkanı vermədik. Oyunu demək olar ki, bərabərləşdirmişdik. Demək olar ki, yarımhəvəskarlar peşəkarlara qarşı yaxşı oyun nümayiş etdirdilər”.
 
- Lüksemburq çempionunun gücü bu idi?
- Düzdü, futbolda pul hər şey demək deyil, amma yaxşı futbolçu müəyyən məbləğ qarşısında cəlb olunur. Pis mübarizə aparmadıq. Komandalar arasındakı fərqi nəzərə alsaq, düzdü, hesab bizim üçün yaxşı deyil. Evdə də “Qarabağ”ı məğlub etmək çətin olacaq. Amma mən futbolçularımdan məmnunam. Başımız dikdi.
 
- “Qarabağ”ın ilk dəqiqələrdəki təzyiqini sizin taktiki gedişinizlə bağlamaq olar?
- Bunun da rolu var idi. Amma birinci hissə ilə müqayisədə ikinci hissədə dəyişikliklər etdik. Müəyyən taktiki dəyişikliklər etdik. İkinci hissədə rəqibə çoxlu qol imkanı vermədik.
 
- Dünən komandanızın növbəti mərhələyə şansını saxlayacaq hesabın sizi qane edəcəyini demişdiz. 0:2 hesablı məğlubiyyət sizi qane edən hesabdı?
- Futbol hər nəticəyə açıqdı. Çalışacağıq ki, cavab matçına yaxşı hazırlaşaq. Bizim üçün çətin olacaq. Alınacaqsa, alınacaq, alınmayacaqsa, “Qarabağ”ı təbrik edəcəyik.
 
- “Qarabağ” hücum etməkdən çox top saxlayırdı. Komandamızın oyunu siz təəccübləndirdimi?

- “Qarabağ” müəyyən dərəcədə riskə getmək istəmədi. Hesabın onları qane etməsinə görə daha ağıllı oynadılar. Bizim futbolçular da qol vura bilərdilər. Rəqib də qol vurmağa çalışırdı, sadəcə ağıllı oyuna üstünlük verirdi.
 
- Matçdan sonra futbolçuları yığanda onlara nə dediniz?
- Bu, komandadaxili bir şey idi. Açıqlaya bilmərəm.

 

Apasport.az


Xəbər xətti