"Qəbələ" MTK ilə matçın hazırlığına başladı

17:19 17 İyul 2016

“Qəbələ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununun hazırlığına start verib. 


Sportarena.az xəbər verir ki, iyulun 14-də Macarıstanın Dyer şəhərində MTK ilə keçirilən ilk qarşılaşmanın (2:1) ardından bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” məşqlərini iyulun 16-da bərpa edib. 


Bakıda baş tutan hazırlıq prosesində futbolçular iki qrupda bölünüb. Günün ikinci yarısına təsadüf edən məşq zamanı Macarıstandakı görüşün iştirakçıları bərpaedici məşqlə kifayətləniblərsə, digər oyunçular toplu çalışmalara üstünlük verib. Budapeşt klubu ilə qarşılaşmanın hazırlığını davam etdirəcək “Qəbələ” bu gün növbəti məşqini keçirəcək. Hazırlıq günün ikinci yarısında baş tutacaq.


Xatırladaq ki, cavab oyunları çərçivəsində baş tutacaq “Qəbələ” – MTK qarşılaşması iyulun 21-də Bakıda keçiriləcək. “Bakcell Arena”dakı görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Xəbər xətti