"Viktoriya"nın baş məşqçisi: "Qarabağ" rəqabət aparan, stabil oynayan komandadı"

10:26 26 İyul 2016

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" bu gün III təsnifat mərhələsinin ilk oyununda "Viktoriya"nın qonağı olacaq. 


Sportarena.az xəbər verir ki, qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında Çexiya təmsilçisinin baş məşqçisi Roman Pivarnik "Qarabağ" haqda kifayət qədər məlumat əldə etdiklərini bildirməklə yanaşı, komandasının hazırkı gücündən də söz açıb.

 
"Bu, bizim üçün vacib qarşılaşmadı. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Çünki bunu bacaracaq komanda hazırlamışıq. Rəqibi analiz etmək üçün kifayət qədər vaxtımız olub. Belə qənaətə gəlmişik ki, "Qarabağ" rəqabət aparan, stabil futbol sərgiləyən komandadı" - deyə, Pivarnik bildirib.
 
 
Çalışdırıcı rəqibin bir oyununu canlı izlədiyini də vurğulayıb: "Bir sözlə, "Qarabağ"  haqda yetərincə məlumat əldə edə bilmişik. Bizim üçün vacib olan yaxşı təlim-məşq toplanışı keçmək idi. Futbolçularım da hazırlıq vaxtı bundan maksimum yararlandılar. Düzü, buna görə də heyəti formalaşdırmaqda çətinlik çəkirəm. Çünki hər futbolçu start heyətdə oynamağa layiqdi. "Qarabağ"la oyunda Plzen azarkeşlərinə də inanıram. İnanıram ki, bizi möhtəşəm atmosfer  gözləyir. Onların dəstəyi bizim üçün çox önəmlidi".
 

Qeyd edək ki, "Viktoriya" - "Qarabağ" matçı saat 22:15-də start götürəcək.(apasport.az)


Xəbər xətti