Ramin Musayev: "Düşünürəm ki, çempionat daha maraqlı olacaq"

15:16 26 İyul 2016

Bu gün AFFA-nın inzibati binasında Topaz Premyer Liqasının 2016-2017-ci illər mövsümünün püşkatması keçirildi. 


Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, püşkatmada Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə yanaşı elita klublarının nümayəndələri və jurnalistlər də iştirak etdilər. 


CBC-Sport kanalı vasitəsi ilə canlı yayımlanan tədbiri giriş sözü ilə Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev açaraq, püşkatma barədə məlumat verdi. Daha sonra söz alan PFL prezidenti Ramin Musayev qonaqları salamlayıb, çıxış etdi: 
“Püşkatma CBC-Sport kanalı ilə canlı yayımlanır. Bu kanalı yaradanlara, yayımda əməyi olanlara təşəkkür edirəm. Mən həmişə bildirmişəm ki, çempionatın daha yaxşı yayıma ehtiyacı var. “CBC-Sport”dan əvvəl yayım edən kanalları pisləmirəm. Sadəcə, oyunları daha yaxşı təqdim etmək olar və biz bunu ötən mövsüm gördük.  İnşallah, avqustun 6-da çempionata start verəcəyik. Düşünürəm ki, çempionat daha maraqlı olacaq. Ən azı 6 komanda yüksək yerlər uğrunda mübarizə aparacaq. Bu mövsüm bəzi dəyişikliklər də reallaşacaq. Məsələn, legionerlər üçün 5 min manat rüsum olacaq. Bu addım klubların şəraitinin yaxşılaşması üçün atılan addımdır. Vurğulayım ki, Premyer Liqanın  2016/2017-ci illər mövsümünün də sponsoru Topaz olacaq. Dəstəyə görə onlara təşəkkür edirəm”. 

 

Ramin Musayev son vaxtlar futbolumuzda baş vermiş hadisələrə də münasibət bildirdi: “Sevindirici haldır ki, avrokubokdakı bütün komandalarımız mərhələ keçdilər.  Bu gün “Qarabağ” oynayır, onlara uğurlar arzulayırıq. Çalışacağıq bu oyun canlı yayımlansın. “Qəbələ” də  növbəti oyununa çıxacaq. Ümidvarıq ki, uğurlu oyunları ilə bizi sevindirəcəklər. 

 

R. Musayev FİFA referisi Əliyar Ağayevin 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatının final matçını idarə etməsinə və 2 futbolçumuzun  Portuqaliyaya yollanmasına da biganə qalmadı və bunu önəmli hadisə kimi qələmə verdi: “Əliyar Ağayevin finalı idarə etməsi də sevindirici haldı. Bu, hakimlərlə görülən işin nəticəsidi. Əliyar Ağayevin adının altında AFFA və ya PFL deyil, Azərbaycan yazılırdı. Bu həqiqətən də sevindirici məqamdır. 2 futbolçumuz – Elnur Cəfərov və Budaq Nəsirov isə Portuqaliya çemponatında çıxış edəcəklər. Bütün bunlar Azərbaycan futbolunun inkişafda olduğunu göstərən məqamlardandır. Əlbəttə ki, nöqsanlarımız da var.  Bunların aradan qalxması üçün çalışacağıq”.


PFL prezidenti I Divizionla bağlı danışaraq, bir sıra məqamlara aydınlıq gətirdi: “I Divizion limitini Premyer Liqa limitinə uyğun olaraq, təsdiqlədik. Bu addım I Divizion klublarının elitaya hazır olması üçün atılıb. I Divizion böyük ehtimalla sentyabrın 15-dək başlanacaq”.


Digər xəbərlər

Xəbər xətti