Astaranın "can verən" futbolu və heyvanların otlağına çevrilən stadionu - Layihə

15:55 7 Avqust 2016

Sportarena.az saytı “Cənub  futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasını davam etdirir.  Layihəmiz çərçivəsində bu dəfə Astara rayonuna ziyarət etdik. Ziyarətimizin əsas məqsədi Astarada futbolun hansı səviyyədə olduğu, futbol üçün hansı şəraitin olduğunu bilmək idi. Futbol deyəndə ilk olaraq ağlımıza gələn stadion olur. Astarada da ilk olaraq hansı stadionların olduğunu araşdırdıq. Qarşımıza çıxan mənzərə isə heç də ürəkaçan deyildi. 
Gördüklərimiz, eşitdiklərimiz və şahidi olduğumuz məqamlar onu göstərdi ki, Astarada nəinki futbol, heç futbol oynamaq üçün düz-əməlli stadion belə yoxdur. 

Cənub Futbol Federasiyasının Astaradakı nümayəndəsi Afət Əkbərov ilə görüşdük. Söhbətimiz zamanı ona Astaradakı uşaq futbolunun hansı səviyyədə olduğunu sual verdim. Astarada 5 yaş qrupunda futbol komandası var. U-10, U-11, U-12, U-13, U-14 komandaları hər il AFFA-nın bayrağı altında keçirilən yarışlarda mükafatçılar sırasına düşməyi bacarırlar. Bu, alqışalayiq məqamdır. Amma gəlin görək bu uşaqlar necə və harda futbolu öyrənirlər. Bax bu, həqiqətən də ürəyağrıdan məqamdır. 

Hardasa 5 il öncəyə kimi Astarada uşaqlar  1 saylı orta məktəbin aşağıda şəkili göstərilən stadionunda məşq edirdilər.

1 saylı

Daha sonra Astara İdman Olimpiya Kompleksi tikildi və kompleksin nəzdində fəaliyyət göstərən mini stadion uşaqları orta məktəbin beton stadionundan xilas etdi.  Amma necə xilas etdi?!

Kompleksin daxilində fəaliyyət göstərən bu stadionlarda məşq etmək, yarışlara hazırlaşmaq üçün uşaqlar aylıq 150 manat pul köçürməlidirlər. Bu pulu da heç bir qurum üzərinə götürmədiyi üçün məşqçi balaca bir daxıl yaradıb. Ay ərzində uşaqlar qəpik-quruş bu daxıla ataraq aylıq stadion kirayəsinin pulunu özləri yığırlar. 

- 2014-cu ildə  2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında zona birinciliyində I yer və Respublika birinciliyində II yer
- 2016-cı ildə yeniyetmələr arasında futbol üzrə  “Sabahın ulduzları”  zona birinciliyi I yer, final mərhələsi III yer
- 2016-ci ildə yeniyetmələr arasında futbol üzrə “Sevinc kuboku” Respublika birinciliyində II yer

Yuxarıda sadaladığım uğurlar məhz bu uşaqların son 3 ildə qazandığı naliyyətlərdir. Şəraitsizlikdə belə bu nəticələri göstərən uşaqlar görün yaxşı imkanlar çərçivəsində nələr edə bilərlər. Amma onların nə məşq etməyə  stadionları, nə formaları, nə də yetişib oynayacaq klubları yoxdur.  Yeri gəlmişkən klub mövzusu da astaralıların  yaralı yeridir. Astara UGİM-in direktoru Cəbrayıl Məmmədov bu durumdan çox narahat olduğunu bildirdi:

“Qabaq “Xəzər Lənkəran”  var idi, ən azından bilirdik ki, yaxşı futbolçularımız orada çıxış edəcək. “Xəzər Lənkəran” dağılandan sonra uşaqlarımızda futbola həvəs qalmayıb. Yaxşı, indi bunların yaşı azdır, oynayıb, öyrənirlər. Bəs sonra necə olacaq? Cənubda bir futbol klubu belə yoxdur. Bu yeniyetmələr harda böyük  futbolu öyrənəcəklər? “

Astara səfərimiz davam edərkən biz hələ də stadion axtarışındayıq. Bu ana kimi tanış olduğumuz iki stadion (1 saylı orta məkəbin betonlu stadionu, Kompleksin pullu və suni qazonlu mini stadionu) hər ikisi futbolun inkişafı üçün yararsız idi. Öyrəndik ki, Astaranın Süparibağ  kəndində  köhnə stadion var. Adı da elə kəndin adı ilə bağlıdır (Süparibağ stadionu). Tez ora yol aldıq ki, stadionla tanış olaq. Çatdığımızda isə mənzərə bizi “valeh” etdi. Gözəl şərait var idi, amma futbol oynamaq üçün yox, mal-qaranın otlaması üçün... Əslində bu stadionun yerində çoxdan hansısa obyekt və yaxud da şəxsi mülk ola bilərdi.  Stadionun bu vaxta kimi “yaşaması” kənd sakini Məhəmməd Məmmədovun sayəsində olub. Yerli sakinlərin fikrinə görə bir neçə dəfə oranı satmaq istəsələr də məhz Məmmədov buna imkan verməyib.  

Həqiqətən də, bu vəziyyət Astaradakı yeniyetmələrin futbola olan həvəsini öldürüb.  Bir zamanlar Novruz Şərifov, Nurəli Əsədov, Namiq Musayev, Rasim Məmmədov və s. kimi futbolçular yetişdirən Astarada bu gün futbol “can verir”. Bir neçə dəfə rayon icra başçısı stadionun tikiləcəyinə söz versə də, ortada heç nə yoxdur. 

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Vüsal Yalçınoğlu


Xəbər xətti