"Qəbələ" Bakı Olimpiya Stadionundan imtina etdi

15:30 11 Avqust 2016

"Qəbələ" Avropa Liqasında Sloveniya "Maribor"u ilə avqustun 18-də keçirəcəyi ilk matçın stadionunu müəyyənləşdirib. 


Sportarena.az xəbər verir ki, ev arenası kimi UEFA-ya Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"nın adı göndərilib. 
 

Məktubda stadionun yerinin dəyişdirilməsinə 8-ci kilometr qəsəbəsi stadionunun ot örtüyündəki yenilənmə işləri səbəb göstərilib. Başlama saatı isə dəyişdirilməyib - 21:00. Hazırda "Qəbələ" Avropa futbol qurumunun cavabını gözləyir.


Ot örtüyündəki yenilənmə işləri ilə əlaqədar "Bakcell Arena"nın təmirə bağlanmasından sonra seçim üçün 2 variant olub. Bakı Olimpiya Stadionuna baxış keçirən klub nümayəndələri orada ot örtüyünün o qədər də yaxşı vəziyyətdə olmadığı qənaətinə gəliblər. Üstəlik 70 minədək tamaşaçı tutumuna malik arenada azarkeşlərin az görünəcəyi və tribunaların meydandan uzaqlığı "Qəbələ" rəsmilərini 6500 nəfərlik "Dalğa Arena" variantına üstünlük verməyə sövq edib. 
 

Amma Mərdəkandakı stadiona yolun uzaqlığı azarkeşlərə və jurnalistlərə problem yarada bilər. Üstəlik, oyun gecə yarısınadək davam edəcəyindən, evə dönüş üçün nəqliyyat tapmaq müşkülə çevriləcək.


“Qəbələ”nin meneceri Səbusi Səfiyarlı narahatlığa əsas görmədiklərini, oyun günü Mərdəkana azarkeşləri aparıb-gətirmək üçün nəqliyyat vasitələrinin ayrılacağını açıqlayıb.
 

Qeyd edək ki, bu komandaların cavab görüşü avqustun 25-də keçiriləcək (sportnet.az).


Digər xəbərlər

Xəbər xətti