"Neftçi"də gizlənən "fətullahçı"

17:11 14 Avqust 2016

Türkiyədə 15 iyulda baş verən hərbi çevriliş cəhdindən sonra Fətullah Gülənin tərəfdarlarının təmizlənməsi prosesi başlayıb. İndiyədək minlərlə FETÖ-çü (Fetullahçı Terror Örgütü) üzvü həbs edilib, onminlərlə tərəfdarı işdən azad olunub.
 
Elə Azərbaycanda da bu prosesə başalnılıb. Gülənçilərin nəzarətində olan Qafqaz Universitetinin rəhbərliyi dəyişdirilib, ali təhsil ocağı Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib, "Zaman" qəzeti və zaman.az saytı bağlanıb. Bu, Fətullah Gülən tərəfdarlarına qarşı ikinci kampaniyadı. İlk mərhələdə özünü qorumağı bacaranlar, indi daha çətin situasiya ilə üz-üzədilər. 
 
Onu da deyək ki, Azərbaycanda müxtəlif vəzifələrdə olan gülənçilərin xeyli hissəsi ilk təqibdən qurtula bilib. Nə qədər qəribə olsa da,  Azərbaycanın futbol təsərrüfatında da Fətullah Gülənin tərəfdarları var. Mötəbər mənbədən Fanat.Az-a verilən məlumata görə, futbol təsərrüfatında Fətullah Gülənin baxışlarını dəstəkləyənlərdən biri də "Neftçi"nin vitse-prezidenti Elnur Məmmədovdu. 
 
Elnur Məmmədov uzun illərdi Fətullah Gülənin ideyalarının təbliğatçısı kimi tanınır. O, Mingəçevirdə fəaliyyət göstərmiş Gülən məktəbini - Mingəçevir özəl türk litseyini bitirib. 
 
Məmmədov Gülən hərəkatının Azərbaycandakı lideri - Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanovla yaxın dost olub. Elnur Aslanov Gülən hərəkatına qarşı təqiblərin ilk mərhələsində "vurulub". O, həm də "İrəli" İctimai Birliyinin fəallarından olub. Bu birliyin keçmiş rəhbəri Ceyhun Osmanlı da gülənçi olduğu ifşa edilmişdi. İddiaya görə, Məmmədov ABŞ-da səfərdə olarkən bir neçə dəfə Fətullah Gülənlə də görüşüb.  
 
İlk təqiblər vaxtı kölgəyə çəkilən Elnur Məmmədov AFFA-da çalışaraq, diqqətdən kənarda qalmağı bacarmışdı. Ara sakitləşəndən sonra isə onu "Neftçi"yə rəhbər vəzifəyə göndərdilər. Məmmədov hazırda demək olar ki, "Neftçi"yə rəhbərlik edir. 
 
Ancaq son hadisələrdən sonra onun da vəzifəsindən azad olunacağı gözlənilir. Sadəcə, Elnur Məmmədov hələ ki, kimlər tərəfindənsə ciddi-cəhdlə müdafiə olunur. Amma hakimiyyətin yuxarı dairələrində Azərbaycanda vəzifədə olan gülənçilərin siyahısının tutulduğu, Elnur Məmmədovun da adının həmin siyahıda olduğu bildirilir. Onların yaxın günlərdə vəzifələrindən azad olunacağı deyilir.  
 
Mənbə: Fanat.az


Xəbər xətti