Paralimpiya Oyunlarının açılışı

10:11 8 Sentyabr 2016

Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XV Yay Paralimpiya Oyunlarının möhtəşəm açılış mərasiminə start verilib.

Sportarena.az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, maestro Joao Karlos Martinsin dirijorluğu ilə Braziliyanın dövlət himninin səsləndirilməsindən sonra yığma komandaların təntənəli keçidi olub.

Açılış mərasimində Azərbaycanın paralimpiya yığmasının keçidi zamanı bayrağımızı ikiqat Paralimpiya çempionu, “Bakı-2015” birinci Avropa Oyunlarının çempionu və milli komandamızın kapitanı İlham Zəkiyev aparıb.

İdmançıların paradı ev sahibi ölkənin – Braziliya paralimpiyaçılarının keçidi ilə başa çatıb.

Komandaların paradından sonra Braziliya Milli Olimpiya Komitəsinin prezidenti, “Rio-2016” Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri Karlos Artur Nuzman çıxış edərək Rio-de-Janeyronun daha bir möhtəşəm tarix yazmağa – XV Paralimpiya Oyunlarına ev sahibliyi etməyə tam hazır olduğunu bildirib. “Siz bizim qəhrəmanlarımızsınız”, - deyən Karlos Artur Nuzman paralimpiyaçıları təbrik edib, onlara uğurlar arzulayıb.

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kraven isə çıxışında paralimpiyaçıların tükənməz qələbə əzmi ilə bütün maneələri, o cümlədən öz fiziki imkanlarının məhdudluğunu aşaraq parlaq nailiyyətlər qazanacaqlarına əminliyini bildirib.

Çıxışlardan sonra Braziliya Prezidenti Mişel Temer XV Paralimpiya Oyunlarını açıq elan edib.

Sonra görmə qüsurlu rəqqaslar Renata və Oskar minlərlə kiçik projektor vasitəsilə işıqlandırılan səhnədə balet rəqsini ifa ediblər.

Daha sonra səhnəyə Paralimpiya bayrağı gətirilib və Paralimpiya Oyunlarının himninin müşayiəti ilə ucaldılıb. İdmançıların, hakimlərin və məşqçilərin adından Paralimpiya andı içilib.

Nəhayət, uzun səyahətdən sonra Paralimpiya məşəli “Marakana” stadionuna gətirilib. Braziliya millisinin heyətində ən çox medal qazanan idmançı (6 qızıl, 4 gümüş, 2 bürünc), üzgüçü Klodoaldo Silva XV Yay Paralimpiya Oyunlarının məşəlini alovlandırıb. Açılış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.

XV Yay Olimpiya Oyunlarına sentyabrın 18-də yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunur. Paralimpiyaçılarımız “Rio-2016”ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıblar. İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparacaqlar.


Xəbər xətti