Rəşad Sadıqov: "Cavan yaşımdan onlarla oynamaqdan zəhləm gedir"

23:50 15 Sentyabr 2016

Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən "Qarabağ" - "Slovan" matçı 2:2 hesabı ilə başa çatıb.


Sportarena.az xəbər verir ki, Ağdam klubunun bərabərlik qolu matçın son dəqiqəsində Rəşad Sadıqovdan gəlib. Oyundan sonra, o matç haqda fikirlərini bildirib:


“Sözün düzü, necə oyun gözləyirdiksə, elə də oyun keçdi. Rəqibin bizi yaxşı analiz etdiyini bilirdik. Rəqibin oyun üslubu mərkəzdə yaxşı oyun sərgiləməkdir. Onlar rəqibə hücum qurmağa imkan vermir və əks hücumlar qurmağa çalışırlar. Gözlənilməz bir qol buraxdıq. Oyunun gedişində istədiyimiz kimi kəsərli hücumlar qura bilmirdik. Oyun orta səviyyədə keçirdi. Həm biz, həm də rəqib topa yaxşı nəzarət edirdi. İlk hissədə ehtiyatlı oynamağa çalışdıq. Amma ikinci hissə başlayan kimi, məşqçimizin tapşırığı ilə irəli atıldıq. Qələbə qolunu vurmaq istəsək də, xeyli sayda qol imkanları qaçırdıq. İkinci qolu da gözlənilməz kobud səhvdən sonra buraxdıq. Şükürlər olsun ki, son dəqiqələrdə hesabı bərabərləşdirə bildik ”.


- Demək olar ki, hər oyunda qol vurursuz. Olmaz ki, hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayasız?

- Orada oynamağa gücüm çatmaz. Düzdü, hər bir futbolçu irəlidə oynamaq istəyər. Amma bunu bacarmaq da lazımdı. 


- Bu oyunda millimizin “künc zərbəsi” taktikasından edə bilərdinizmi?

- İlk hissədə etməyə çalışsaq da, qapıçı həmin topu çıxarmağı bacardı. 


- Qrup mərhələsinə başlanğıcı necə dəyərləndirmək olar?

- Ümumilikdə, yaxşı dəyərləndirmək olar. 1:2-dən sonra fikirləşdim ki, artıq bizim üçün hər şey bitdi. Düşünürdüm ki, bundan sonra durumu dəyişmək çox çətin olacaq. Elə hesab edək ki, biz bir xal qazandıq, amma rəqib iki xal itirdi. Bunu nəzərə alsaq, fikrimcə, yaxşı qurtardıq. 


- 90 dəqiqəni fikirləşsək, “Qarabağ”ın 2 xal itirdiyini söyləyə bilərik. Çünki boşa verilən qol imkanları çox idi...

- Ümumiyyətlə, çox qol imkanları yaradırıq və qapımızda kobud səhvlər sayəsində qol buraxırıq. 2 qoldan başqa rəqibin hər hansı kəsərli hücumu olmadı. Buraxdığımız hər iki qolda kobud səhvimiz oldu. 


- “Qarabağ” Florensiya səfərindən nə gözləyir?

- Maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Düzdü, qarşımıza qrupdan çıxmaq hədəfi qoymamışıq. Hədəflər həmişə futbolçuları psixoloji təsir altına salır. Hədəf hər oyuna ciddi şəkildə köklənməkdi. 


- Bu gün “Tofiq Bəhramov”a qayıtmağı arzuladınız?

- Biz bu gün Respublika stadionunda oynamaq istəyirdik. Ancaq orda oynamağa bizə icazə vermədilər. Halbuki, bu gün həmin arenada qazonun durumu pis deyildi. Təəssüflər olsun ki, icazə vermədilər. Ev oyunun üstünlüyü oyunu öz doğma meydanında oynamağındadı. Fikirləşirəm ki, “Dalğa Arena”da da pis oynamadıq. 


- Çexiya komandalarını digər komandalardan fərqli cəhətlər nədi?

- Ümumiyyətlə, cavan yaşımdan Çexiya komandalarından zəhləm gedir. Bu gün həm Çempionlar Liqasında, həm Avropa Liqasında, həm də milli səviyyəsində çexlərlə düşmüşük. Onlara qarşı oynamaqdan zəhləm gedir. Çünki oynamağa imkan vermirlər və özləri çox yaxşı əks hücumlar yaradırlar. Demək olar ki, əlimizi-qolumuzu bağlayırlar.(Qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti