Təbiətin qoynunda unudulmuş futbol - LAYİHƏ (FOTOLAR)

15:43 20 Sentyabr 2016

Sportarena.az saytı “Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasını davam etdirir. Layihənin növbəti mərhələsində Lerik rayonunda idmanın ən gözəl növü olan futbolun inkişaf etməməsinin səbəblərini araşdırmağa, problemləri işıqlandırmağa çalışdıq. 


Sözün doğrusu, Lerik rayonuna səfər etməzdən əvvəl rayonda futbolun olub-olmamasını araşdırmağa cəhd göstərdim, lakin qarşıma heç də ürəkaçan mənzərə çıxmadı. Belə ki, rayona səfər etdiyimdə ən azı bir neçə futbol məşqçisi və ya bu sahədə çalışan digər şəxslər ilə görüşüb müzakirələr aparacağımı düşünürdüm. Lakin uzun sürən axtarışdan sonra yalnız bir futbol məşqçisi ilə əlaqə yarada bildim. Amma həmin məşqçi ilə də görüşmək imkanımız olmadı. 


Gözəl təbiətə malik olan Lerik rayonu bir çox məşhur futbolçular yetişdirib. Həmin futbolçulardan Bəxtiyar Musayevin və Nazim Süleymanovun adını xüsusilə qeyd etmək lazımdır. 17 yaşında “Neftçi” klubunda forma geyinməyə başlayan Nazim Süleymanov “ağ-qaralar”ın heyətində 27 qol vurub. O, dəfələrlə Rusiya milli komandasına dəvət edilsə də, bu təklifi rədd edərək, Azərbaycan millisində oynamaq istədiyini bildirib. Bu arzuyla yaşayan Nazim Süleymanov millimizin ilk kapitanı və ilk qolunun müəllifi kimi də tarixə düşüb. 


Futbolçu karyerasına 1990-cı ildə başlayan Bəxtiyar Musayev də futbolumuzun sayılıb-seçilən simalarından biridir. Yarımmüdafiəçi mövqeyində çıxış edən Bəxtiyar Musayev karyerasının ən parlaq dövrlərini “Neftçi”nin heyətində keçirib. Belə ki, “Neftçi”nin heyətində 175 görüşdə iştirak edən Bəxtiyar Musayev rəqib qapılarına 28 dəfə yol tapmağı bacarmışdı. 1997-ci ildən 2001-ci ilədək milli komandamızın heyətində çıxış edən Bəxtiyar Musayev 18 dəfə meydana çıxmışdır.


Rayona gəldiyimiz zaman ilk olaraq Gənclər və İdman İdarəsinin (Gİİ) Rəisi Natiq İsaqovla görüşməyə cəhd göstərdik. Lakin Natiq müəllim Bakıda olduğunu deyərək görüşə bilməyəcəyimizi bildirdi. Daha sonra idarənin məsləhətçi mühasibi Cavid Seyfullayevlə əlaqə saxladıq.  Lakin Cavid Seyfullayev yunan-Roma güləşi üzrə məşqçi olduğundan bizə futbolla bağlı lazımi məlumatları verə bilmədi. Cavid müəllimlə söhbətimiz zamanı məlum oldu ki, Lerik rayonunda, demək olar ki, uşaq futbolu yoxdur. CRFF-nın və Gİİ-nin təşkil etdiyi futbol üzrə rayon birinciliyindən başqa Lerik heç bir futbol turnirində çıxış etmir. Sonuncu dəfə U-14 liqasında çıxış etmiş “Lerik Zirvə” komandası oyunlarda iştirak etmədiyi üçün yarışlardan kənarlaşdırılıb.  


Layihəmiz çərçivəsində səfər etdiyimiz rayonların bəzilərində AFFA, ya hansısa işi yarıyadək yerinə yetirir, ya da ümumiyyətlə heç bir iş görmür. Lerikdə də həmçinin. Belə ki,  rayonun mərkəzində süni ot örtüklü meydança tikən qurum, sözügedən meydançadan başqa heç nə ilə maraqlanmayıb. Nəzarət edilmədiyi üçün yavaş-yavaş dağılmağa başlayan stadionun ömrünün çox olmayacağı açıq-aydın görünür.Futbolla yaxından maraqlanan insanlar çox yaxşı bilirlər ki, böyük futbola gedən yol uşaq futbolundan keçir. Lakin Lerik rayonunda uşaq futbolunu inkişaf etdirmək üçün heç bir şərait yoxdur.  Bununla məşğul olmaq üçün rayonda U.G.İ.M fəaliyyət göstərməlidir. Amma Lerikdə isə U.G.İ.M-dən əsər-əlamət yox idi. Daha doğrusu, məktəbin özü var idi, lakin aldığımız məlumata görə sözügedən məktəbin direktoru İlham müəllim məktəbi şəxsi mülkə çevirib. İlham müəllimlə əlaqə yaratmağa çalışsaq da, alınmadı. Bu səbəbdən məlumatın nə dərəcədə doğru olduğuna inana bilmədik.Gənclər və İdman İdarəsi rəisi Natiq İsaqov rayonda olmadığı üçün onunla telefon bağlantısı yaradaraq, rayonda futbolun inkişafı üçün hansı tədbirlərin görüldüyünü öyrənməyə çalışdıq. Natiq İsaqovla söhbətimiz zamanı məlum oldu ki, rayon U.G.İ.M-i bu il yenidən azyaşlıları futbola cəlb edib, AFFA bayrağı altında keçirilən yarışlarda çıxış edəcək. Natiq İsaqov onu da qeyd etdi ki, artıq bununla bağlı U.G.İ.M-ə də məlumat verilib və komandalar yenidən məşqlərə başlayacaq.

“İnşallah, biz bu il yenidən uşaq futbolunu inkişaf etdirmək üçün komandalar hazırlayacağıq. Bununla bağlı U.G.İ.M-ə də məlumat vermişik. Rayonda futbola maraq çoxdur, lakin futbolçu yetişdirmək üçün daha artığı lazımdır. Biz hər il yay aylarında rayonda futbol çempionatı təşkil edirik. Qalibləri diplom və müxtəlif mükafatlarla mükafatlandırırdıq. Çempionatda rayonun bir çox kəndlərindən komandalar iştirak edir. Hətta bu çempionatlara maraq o qədər çoxdur ki, maddi imkanları olan bəzi komandalar heyətlərinə futbolçular və məşqçilər də dəvət edirlər. Çempionat zamanı oyunları 1500-2000 nəfər azarkeş izləyir. Bu da rayonda futbola olan marağın nə dərəcədə böyük olduğundan xəbər verir. Biz çalışırıq ki, rayonda futbolu inkişaf elətdirək. Bunun üçün əlimizdən gələni etməyə çalışırıq”.
 

Rayonda keçirilimiş son çempionatın qalibi olan Blaban kəndinin komandasının üzvləri ilə əlaqə yarada bilmədiyimiz üçün “Cənub” komandasının üzvü Qadir Ağakərimli ilə görüşdük. Onun sözlərinə görə rayonda futbola nə qədər maraq olsa da, ən azından Həvəskarlar Liqasında çıxış etmək üçün maddi imkan yoxdur. 

“Natiq müəllim Həvəskarlar Liqasına komanda çıxarmaq istədiyi barəsində rayon çempionatı zamanı bizə məlumat vermişdi. Amma düşünürəm ki, bu, çətin olacaq. Çünki, komandanın yol xərcləri və digər xərclər çox olacaq. Bunun üçün bizə sponsor lazım olacaq. Amma Lerikdə özünüz də gördüyünüz kimi sponsorluq edəcək elə bir müəssisə və ya şirkət yoxdur. Belə olan halda da, komanda yaradılsa belə, onu saxlamaq çətin olacaq. Ümumiyyətlə, futbolu inkişaf elətdirmək üçün uşaqlara futbol öyrətmək lazımdır. Lakin rayonumuzda uşaq futbolu ilə maraqlananlar yoxdur. Yenə də Natiq müəllim sağ olsun ki, bizi düşünür, çempionatlar təşkil edir. Əslində, belə yarışları təşkil etmək üçün də müəyyən vəsait lazımdır. Natiq müəllim bu işi tamamilə öz öhdəsinə götürür. Hətta çempionata başlamazdan öncə meydançada təmizlik işləri apardığımız zaman o da gəlib bizimlə birgə işləyir. Bir neçə dəfə yarış keçirmək istədiyimizdə icra hakimiyyəti buna icazə vermək istəmirdi. Bunun səbəbi isə, bəzən oyunlarda və ya azarkeşlər arasında dava düşməsi idi. Həmin zaman da Natiq müəllim bizə kömək etdi. Həqiqətən, bu etdiklərinə görə Natiq müəllimə öz təşəkkürümü bildirirəm”.


Ümumiyyətlə, Lerik rayonunda futbolun inkişaf etməməsində Gənclər və İdman Nazirliyinin də günahı var. Çünki, rayonda futbol və ya digər idman növlərinin inkişafı üçün, demək olar ki, heç bir fəaliyyət göstərilməyib. Lerikdə idman növlərinin, xüsusilə, futbolun inkişaf etdirilməsi üçün rayonda ilk öncə U.G.İ.M fəaliyyətini bərpa etməlidir. Daha sonra uşaqların məşğul olduğu idman növlərini sevməsi üçün yarışlar təşkil olunmalıdır. Bundan sonra, idmanın inkişafından rahat bir şəkildə danışmaq mümkün olacaq.

 


*Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirirlir.

İlkin İsmayılzadə


Xəbər xətti