İbrahimoviç tarixə düşdü

23:53 7 Noyabr 2016

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Zlatan İbrahimoviç karyerasının 400-cü, İngiltərə Premyer Liqası tarixində 25 mininci qolu vurub.

İsveçli hücumçu bu rekorda Premyer Liqanın XI turu çərçivəsində komandasının “Suonsi” üzərində 3:1 hesablı qələbə qazandığı görüşdə nail olub. O, bu qarşılaşmada həm də 12 dəqiqədə “dubl”u ilə yadda qalıb. Otuz beş yaşlı oyunçuya karyerası ərzində 400 qol vurmaq üçün 694 matç lazım gəlib.

Z.İbrahimoviç əvvəllər İsveçin “Malmö”, Hollandiyanın “Ayaks”, İtaliyanın “Yuventus”, “İnter” və “Milan”, İspaniyanın “Barselona” və Fransanın PSJ klublarında çıxış edib. İngiltərə Premyer Liqası tarixində ilk qolu isə “Şeffild Yunayted”in oyunçusu Brayn Din 1992-ci il avqustun 15-də vurub. Çempionatın 10 mininci qolunu “Tottenhem”in hücumçusu Les Ferdinand (15 dekabr, 2001), 15 minincini “Fulhem”in müdafiəçisi Morits Folts (20 dekabr 2006), 20000-cini isə “Aston Villa”nın hücumçusu Mark Olbrayton (21 dekabr 2011) vurub.


Xəbər xətti