Azərbaycan medalı geri qaytaracaq - Rəsmi açıqlama

21:51 18 Noyabr 2016

Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. “Qafqazinfo” xəbər verir ki, buna səbəbə onun dopinq yoxlanışının müsbət nəticə verməsidir. 

Bu Azərbaycan idman tarixində bir ilkdir. İndiyə qədər heç bir idmançımız Olimpiadada medalından məhrum edilməyib.İlk dəfə olaraq Olimpiya mükafatçımız medalını geri qaytarmalı olacaq.

Amma daha iki atletimiz Pekin-2008 Yay Olimpiya Oyunlarında dopinqdən istifadəyə görə cəzalanıb. Onlardan biri ağırlıqqaldıranımız Sərdar Həsənov bir neçə ay əvvəldən məlum idisə, Nizami Paşayevin də dopinq testinin nəticəsi dünən bəlli olub. Həsənov Olimpiya oyunlarında heç bir nəticə göstərə bilməmişdi. Belə ki, o, təkanla ağırlıqaldırmada 0 xal topladığı üçün yer tutmamışdı. Nizami Paşayev isə Çin paytaxtındakı oyunlarda 5-ci yeri tuta bilmişdi. Onun nəticəsi ləğv ediləcək.

Sərdar Həsənov 4 illik idmandan məhrumedilmə cəzasına məhkum olunacaqsa, Nizami Paşayev və Vitali Rəhimov karyerasını bitirdikləri üçün heç bir cəza almayacaqlar.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətinin rəhbəri Əzizə İsmayılova “Qafqazinfo”ya açıqlamasında Vitali Rəhimovun medalının geri qaytarılacağını bildirib: “Vitali Rəhimovun medalından məhrum edilməsinə aid sənədlər Beynəlxalq Olimpiya Komitəsindən Azərbaycan Milli Olimpiya Komitəsində göndərilib. Artıq bu yöndə işlər gedir və Rəhimovun medalı geri qaytarılacaq. Ona verilən mükafatlar haqqında isə heç bir məlumatımız yoxdur”.

Qeyd edək ki, Vitali Rəhimov açıqlamasında medalı geri qaytarmayacağını bildirib.


Xəbər xətti