Tahir Süleymanov: "...ya hakimlikdən xəbəri yoxdu, ya da qərəzlidi"

13:58 30 Noyabr 2016

“Qəbələ” klubunun rəhbərliyi, məşqçi və futbolçuları həmişə öz intizamları ilə seçiliblər və bu kimi hakim səhvlərinə son dərəcədə loyal yanaşıblar”. 


Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında sabiq FİFA referisi Tahir Süleymanov deyib.
 

“Neftçi”nin keçmiş vitse-prezidenti ölkə çempionatının XIII turunun “Qarabağ” – “Qəbələ” matçındakı (2:1) hakim idarəçiliyi barədə danışıb.

 
O bildirib ki, baş hakim Rəhim Həsənov “Qəbələ”nin qapısına təyin etdiyi penalti epizodunda səhvə yol verib: “Orda birmənalı şəkildə penalti yox idi. Kim desə ki, penalti var idi, deməli, ya hakimlikdən xəbəri yoxdu, ya da qərəzlidi. Əgər rəqib bilərəkdən əllə oynayırsa, bu, cərimə zərbəsi deməkdi. Top ələ dəydiyi halda isə cərimə zərbəsindən söhbət gedə bilməz. FİFA bu epizodla bağlı da tövsiyə verir. Dünənki oyunda top qısa məsafədə “Qəbələ”nin futbolçusunun üzünə dəydi, deməli, hər hansı qayda pozuntusundan söhbət gedə bilməz. Top daha sonra futbolçunun əlinə toxuna bilər, amma o, təbii əl hərəkəti idi və oyunçunun əli ilə başı arasında məsafə qısa idi. Futbolçu istəsəydi də, əlini topdan yayındıra bilməzdi. Əgər top “Qarabağ”ın futbolçusunun birbaşa cərimə meydançasına ötürdüyü anda Vernidubun əlinə dəysəydi, o başqa məsələ. Futbol qaydalarına görə, o epizodda 11 metrlik cərimə zərbəsi təyin etmək absurddu”.
 

Süleymanov matçın son dəqiqələrində baş verən neqativ hallar barədə də fikrini bölüşüb. O qeyd edib ki, “Qəbələ” klubunun rəhbərliyi qarşılaşmanın yenidən keçirilməyini tələb edə bilər: “Dinonun qolunun protokolda 90+4-cü dəqiqədə göstərilməsi normaldı, qaydalara uyğundu. Oyuna neçə dəqiqə əlavə olunubsa, ona əsasən göstərilir. Amma matça o qədər vaxt əlavə olunmamalı idi. Bu, birmənalıdı. Gələk qoldan sonrakı məqama. Orda baş hakim mərkəzi göstərərək, oyunu davam etdirmək istəyirdi. Hakimin ixtiyarı var ki, vaxt bitibsə, qol vurulandan dərhal sonra final fitini səsləndirsin. Rəhim Həsənov oyunu bitirmədi. Vaxta nəzarət birmənalı olaraq baş hakimdədi. O, oyunu bitirsəydi, qol vurulandan dərhal sonra bitirərdi. Meydanın mərkəzindən “Qəbələ” oyuna başlamalı idi. Amma kənar şəxslər meydana daxil oldular, oyun 1-2 dəqiqə dayandı. Qaydalar onu deyir ki, kənar şəxslər meydana daxil olursa, hakim dərhal oyunu saxlamalı və meydanda qayda-qanun bərpa olunandan sonra həmin o itirilmiş vaxt əlavə edilməli, matç bərpa olunmalıdı. Eyni zamanda, baş hakim görürsə ki, meydanda qayda-qanuna riayət etmək mümkün olmur, öz briqadası ilə meydanı tərk etməlidi. Amma dünən oyundakı qalmaqalı görən hakim “Qəbələ”nin meydandan çıxmaq istəyini hiss edəndə, kənar şəxslər meydanda ola-ola görüşün final fitini səsləndirdi. Bu, oyun qaydalarının düzgün tətbiq olunmamağıdı. “Qəbələ” klubu tam olaraq şikayət edib, obyektiv qərar tələb edə bilər. Matçın vaxtı və hakimin meydançadakı oyun qaydalarını düzgün tətbiq etmədiyinə görə, istənilən komanda şikayət edib, obyektiv qərarın çıxarılmasını təmin edə, hətta oyunun yenidən bərpasına nail ola bilər. Hakim səhvi başqa, hakimin oyun qaydalarını düzgün tətbiq etməməyi başqadı. Qırmızı vərəqə alan Almeydanın meydana qayıdıb, komanda yoldaşları ilə birlikdə qolu qeyd etməyi də biabırçılıq idi. Buna hakimlər briqadası nəzarət etməli idilər, əsas da dördüncü hakim. Almeydanı gördükləri anda oyun dərhal dayanmalı idi. Halbuki Riçard qolu baş məşqçi ilə birlikdə qeyd edirdi, sanki qırmızı vərəqə almamışdı”.
 

Keçmiş hakim söhbət əsnasında daha bir məqama toxunub: “Çempionat son dərəcədə zəif, rəqabətsiz keçir. Cəmi 2 müstəqil klub qalıb: “Qarabağ” və “Qəbələ”. Hər ikisi uğurlu klubumuzdu. Bu mövsümdə baş verən hakim səhvlərinin heç biri belə rezonans doğurmamışdı. Niyə? Çünki digər klublar artıq öz müstəqilliklərini itiriblər. Hakim 1 tura 2 oyun ala bilməz. Bizdə isə eyni adam bir gün əlavə köməkçi hakim olursa, sabah baş hakimlik edir. İki gün ərzində iki oyuna təyinat almaq yolverilməzdi. Əgər 8 komandalı çempionatda hakim çatışmırsa, bunun özü ən böyük qeyri-peşəkarlıqdı”.


Digər xəbərlər

Xəbər xətti