Sadıq Sadıqov kubokları qaytaracaq? - AÇIQLAMA + FOTOLAR

18:01 11 Yanvar 2017

Son zamanlar idman mətbuatının gündəmində olan mövzulardan biri də "Neftçi"nin indiki və keçmiş rəhbərliyi arasında gedən mübahisədi.

 

 

Sportarena.az xəbər verir ki, "Neftçi"ni hazırda idarə edən Müşahidə Şurası "ağ-qaralar"ın keçmiş prezidenti Sadıq Sadıqovdan postunu tərk etdiyi zaman apardığı üçü çempionluq, ikisi ölkə kuboku olmaqla beş titulun geri qaytarılmasını istəyir.

 

 

"Flaqman"ın Müşahidə Şurasının üzvü Səməd Qurbanov "Futbol+" qəzetinə açıqlamasında tezliklə klubun oyunlarını keçirdiyi "Bakcell Arena"da muzey yaradılacağını, sözügedən kuboklarla yanaşı bütün titulların ora yığılacağını bildirmişdi. Qurbanov bu yöndə addımların atılmağa başladığını da qeyd etmişdi.

 

 

Bəs görəsən, kuboklar "Neftçi"yə qaytarılacaqmı? Sadıq Sadıqov sözügedən titulları "Neftçi"nin muzeyinə təhvil verəcəkmi? Bu məsələ ilə bağlı Sadıq Sadıqovun "Neftçi"də çalışarkən prezident müşaviri olmuş, hazırda isə  Sadıqovun idarəetmə aparatının rəhbəri olduğu Neftçi İdman Klubu İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu ilə əlaqə saxladıq. Əşrəf oğlu suallarımıza belə cavab verdi:

 

 

"Bu məsələ ilə bağlı dəfələrlə mətbuata açqlama vermişəm. Həmin kuboklar özgə yerdə deyil. Bildiyiniz kimi, Sadıq Sadıqov Neftçi İdman klubu İctimai birliyinin idarəetmə aparatının rəhbəridi. Bu təşkilat "Neftçi"yə yad yer deyil. Elə klubun təsisçisi də idman klubumuzdu. Sözügedən kuboklar Sadıq Sadıqov tərəfindən "Neftçi"yə qazandırılıb. O, bu gün də bu uğurlar görə fəxr edir. Həmin titullar məhz idman klubumuzun idman muzeyində yerləşdirilib. Həmin muzeydə başqa 36 idman növünə aid medallar, kuboklar, xatirə şəkilləri, idmançılarımızın ölkə prezidenti İlham Əliyevlə xatirə şəkilləri və başqa vəsaitlər var.

Müşahidə Şurası tərəfindən kubokların qaytarılmasıyla bağlı hər hansı müraciət olmayıb. Əgər klubun muzeyi açılarsa, biz kubokları muzeyə təqdim etməyə hazırıq. Bu muzeyin necə və hansı formada olmasından da asılıdı. Bizdə "Neftçi" PFK-ə aid başqa titullar da var. Bildiyiniz kimi, klub 1937-ci ildə yaradılıb. Klubun, neftçi zəhmetkəşlərinin iştirak etdiyi yarışlara, spartakyadalara aid kuboklar, vəsaitlər də var. Biz onları da klubun muzeyinə verə bilərik. Əsas odu onlar birinci muzeyi yaratsınlar, klubu yeddinci sıradan yuxarı qaldırsınlar, qalanları düzələn məsələlərdi".

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti