Sportarena.az
26 May 2017

“Qarabağ”ın sabiq legioneri: “Komandalarınızı yalnız buraxmayın” - MÜSAHİBƏ

12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsahibimiz 2005/06-cı illər mövsümündə “Qarabağ"ın futbolçusu olmuş ukraynalı Denis Sokolovskidir.

 

- Denis, necə oldu Azərbaycana  gəldin?

- Məni Bakıya tanınmış futbolçu və məşqçi Anatoli Ponomaryov dəvət etmişdi. Onunla çalışmaq çox zövqlü idi. İqor Anatolyeviç maraqlı və rəngarəng məşq prosesi keçməklə yanaşı, həm də əla insan idi.

 

- Bakıda bir mövsümü əbəs yerə keçirmədiyini demək olar?

- Tamamilə razıyam. Mən Azərbaycanda əla günlər keçirdim. Bakı çox xoşuma gəlirdi. Təkcə, Şərqin ən böyük şəhərlərindən biri olması nəyə desən dəyər. Tarixlə müasirliyin sintezi isə öz yerində. Axşamlar dostlarla birgə şəhərdə gəzməyi çox xoşlayırdım. Yerli əhali qonaqpərvər və gülərüzdür. Ancaq futbol matçlarında əsl qafqazlı temperamenti hiss olunurdu. Bu isə oyunlara əlavə rəng qatırdı.

 

- Azərbaycan çempionatında oynayan həmyerlilərinlə əlaqə saxlayırdın?

- Orada çoxlu ukraynalı futbolçu çıxış edirdi. Aleksandr Çertoqanov hətta yığmanızın aparıcı üzvlərindən birinə çevrilmişdi. Sergey Çernyakı yaxşı xatırlayıram. Bakı “İnter"ində çıxış edirdi. Onunla birlikdə Poltava “Vorskla"sında “tər tökmüşük". Çox adlar sadalaya bilərəm - Yevgeni Kotov, Sergey Onopko var idi. “Qarabağ"da isə  həmyerlim Sergey Kravçenko da çıxış edirdi. Onun Bakıya gəlməsi üçün çox israr etmişdim. Seryoja Azərbaycanda özünü ancaq ən yaxşı tərəfdən göstərdi. Sonralar gənclər yığmasında bizimlə birlikdə oynamış Aleksandr Voskoboynikov da Azərbaycana “baş çəkdi". Deyim ki, qətiyyən darıxmırdıq.

 

- Sənin və Kravçenkonun Azərbaycan yığmasında çıxış etmək üçün təklif aldığınız barədə xəbərlər şayiə idi, yoxsa həqiqət?

- Belə bir hal olmuşdu. Ancaq həmin ərəfədə biz vətənə qayıtdıq. İndi bu, dünya futbolunda adi haldır. Yaxşı xatırlayıram, sizin yığmada braziliyalı, ukraynalı, rusiyalı futbolçular çıxış edirdi.

 

- “Qarabağ"da keçirdiyin mövsümü necə dəyərləndirərdin?

- Düşünürəm ki, yaxşı mövsüm keçirmişdim. Komandanın yarımmüdafiəçiləri arasında ən çox fərqlənən mən oldum. 35 oyunda meydana çıxmışdım, 8 qol vurmuşdum. Düzdür, bir matçda dincəlməyə imkan vermişdilər. Həmin mövsüm ölkə kubokunun finalına çıxmışdıq. Orada bizi çox güclü olan “Karvan" gözləyirdi. Çətinliklə olsa da, 2:1 hesabı ilə qalib gəlmişdik. Bu, Azərbaycanda əldə etdiyim ilk titul idi. Kubok oyunlarında isə 3 dəfə fərqlənmişdim.

 

- Sabiq komanda yoldaşların ilə əlaqə saxlayırsan?

- Orada oynayan ukraynalıların çoxu ilə əlaqəm var. Hərdən söhbətləşirik. Bakıdan isə yalnız “Neftçi"nin və Azərbaycan yığmasının sabiq forvardı Vadim Vasilyevlə danışıram. O, əla hücumçu idi.

 

- “Qarabağ"ın çıxışını izləyirsən?

- Açığı, çempionat görüşlərini izləmirəm. Ancaq avrokuboklarda oynayan zaman canlı olmasa belə, sonradan matçın videoyazısına mütləq baxıram. Etiraf edim ki, ağdamlıların matçlarını seyr edərkən çox həyəcan keçirirəm. Axı, o formanı məndə daşımışam. Bəzən bəxtsizlik, bəzən xırda səhvlər “Qarabağ"ın Avropada daha da irəliləməsinə mane olur. Bunların zamanla aradan qalxacağına inanıram. Çünki komandaya Qurban Qurbanov kimi bacarıqlı məşqçi başçılıq edir. Hazırda komandanın heyətində yer alan yerli və legioner futbolçuların səviyyəsini qeyd etmək də lazımdır.

 

- Azərbaycanlı futbolsevərlərə nə sözün var?

- Buradan onlara demək istəyirəm ki, komandalarınızı yalnız buraxmayın, biz futbolu sizlər üçün oynayırıq. Azərbaycan yığmasına və bütün klublarınıza uğurlar diləyirəm.

 

Söhbətləşdi: Araz ƏHMƏDOV

Sportfm.az saytı

“Het-trik news" üçün

Tarix
24.01.17 [10:58]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

26 May
25 May 

Facebook

Sorğu

Növbəti mövsümdən Premyer Liqada neçə klub iştirak etsin?
 8
 10
 12
 Daha çox

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio