Masallıda uşaq futbolu: Uşaqlar var, şərait yoxdur - LAYİHƏ - FOTOLAR + REPORTAJ

22:56 24 Yanvar 2017

"Sportarena.az" saytı AFFA yanında Media Komitəsinin dəstəklədiyi "Cənub bölgəsində uşaq futbolunun son durumu, problemlər və onların həlli yolları" mövzusunda layihənin icrasına davam edir.

 

Layihə çərçivəsində ilk səfərimiz Salyana idisə, bu dəfə Masallıya üz tutduq. Masallı deyərkən ağıla gələn ad "Viləş" olur desək, yanılmarıq. Bu ad nəinki bu rayonun, ümumilikdə ölkə futbolunun brendlərindədir. Bu mənim subyektiv fikrimdi. Ola bilsin kimsə, bununla razı olmasın. Ancaq bu klubun hazırda Azərbaycan futbolunda ciddi şəkildə yeri görsəndiyini söyləmək lazımdı...

 

Masallıya çatan kimi ilk müsahibəyə öncədən planlaşdırdığım kimi Rövşən Süleymanovla başladım. Onunla sadəcə qiyabi şəkildə tanış idik. Hüseynov əvvəllər müsahibim də olub. Rövşən bəyin bu mövzuda mənə kömək edəcəyindən əmin idim. Rövşən Süleymanovu ölkə futbolunda çalışan bir çox şəxs yaxşı tanıyır. Süleymanov Masallı futbolu üçün alışıb-yanan şəxslərdən olub, indi də bu işinə sadiq qalıb. Karyerası ərzində "Viləş", "Qarabağ", "Kəpəz" və "Xəzər Universiteti" klublarında çıxış edib. Karyerasını 2007-ci ildə baş vursa da, elə həmin ildən məşqçiliyə başlayıb. AFFA-nın elit layihəsinin Masallı rayon üzrə rəhbəri olub. Eyni zamanda Həvəskarlar liqasında iki il "Viləş"ə rəhbərlik edib. Bütün bunlar onun CV-nin kiçik bir hissəsidi.

 

 

Mövzudan yayınmadan keçim Rövşən bəylə söhbətimizə. Öncə ondan uşaq futbolunun durumu barədə məlumat aldıq. Onun sözlərinə görə rayonda istedadlı uşaqlar olsa da, şərait heç də yaxşı deyil:

"Masallıda uşaq futbolunun durumu heç də ürək açan səviyyədə deyil. Söhbət məşq edən uşaqların sayından yox, infrastrukturdan, şəraitdən gedir. Bildiyiniz kimi, cənub zonası suptropik zonadı. Burada yağışlar çox olur. Havaların çox zaman yağışlı keçməsi uşaqların futbolla məşğul olmasına ciddi əngəllər törədir. Meydançalarımız palçıq içində olur. Orada məşq etmək demək olar ki, mümkünsüzləşir. Belə olan halda istər-istəməz süni örtüklü və ya qapalı meydançalara ehtiyac yaranır. Ancaq nəinki Masallıda, ümumiyyətlə cənub zonasında belə şərait yoxdur. Bütün bunlar bizə ciddi əngəllər törədir.

 

Əvvəllər burada klublar olub. Klublar fəaliyyətin dayandırdıqdan sonra uşaq futboluna AFFA-nın elit layihəsi ilə dəstək olundu. Mən Lənkəran rayon üzrə layihənin rəhbəri oldum. Bu layihə Masallı üçün çox uğurlu oldu. Çünki ölkə futboluna, milli komandalara çox sayda futbolçu qazandıra bildik. Bu zaman kəsiyində federasiya bizə hər cür dəstək oldu. Elit layihənin məqsədi odu ki, klublardan kənar qalan istedadlı uşaqları bir araya yığıb, məşq etmələrini təmin etmək, futbol biliklərini artırmaq və  istedadlılarını üzə çıxarmaq idi. Biz bu məqsədə demək olar ki, tam nail olduq. Xeyli sayda futbolçunu üzə çıxardıq. Uşaqlar həftədə bir dəfə məşq etsələr belə, çox şey öyrəndilər. Ən əsası odu ki, onlar kənarda qalıb itmədilər.

 

AFFA-nın elit layihəsi bağlanan zaman mən federasiyanın baş katibi Elxan Məmmədovun qəbulunda oldum. Ona rəhbərlik etdiyim layihədən yetişən futbolçuların siyahısını və onlardan milli komandaya yüksələnlərin adlarını təqdim etdim. Amma bunların heç birinin xeyri olmadı. AFFA-nın köməyi kəsiləndən sonra isə rayonda uşaq futbolunun durumu heç də yaxşı olmadı. Çünki bütün işləri özümüz görməli olduq. Bizə kömək edən şəxslər, təşkilatlar demək olar ki, yox idilər".

 

 

 

 

Süleymanovun sözlərinə görə, məşq etməyə normal şəraiti olan stadionları belə yoxdur:

 

"Rayonda yerləşən Anatoli Banişevski adına stadion "Palmali" şirkəti tərəfindən alınandan sonra orada söküntü işləri başlandı və arenanın yeni layihəsi hazırlandı. Ancaq görülən işlər yarımçıq qaldı. Kaş ki stadion alındıqdan sonra dərhal söküntüyə başlanılmayaydı. Kim bilərdi ki, layihə yarımçıq qalacaq. Stadionun əvvəlki durumu bizə məşq etməyə, futbol oynamağa imkan verirdi. İndi isə stadion xarabalığı xatırladır. Soyunub geyinmə otağımız vardı, o da söküldü. Biz heç kimi qınamırıq. Heç kəs istəməzdi ki, belə olsun. Ancaq bizim məşq etməyə başqa məkanımız olmadığından yenə də orada məskunlaşmışıq. Mümkün olduğu qədər soyunub-geyinmə otağını düzəldə bildik. Masallı rayon icra hakimiyyətinin başçısı Rafi Hüseynov və onun müavini Nəsib Muxtarlı imkanları çatdığı qədər tikinti materialların alınmasında bizə kömək etdilər".

 

 

 

 

"Bəs Olimpiya Kompleksinin stadionundan niyə istifadə etmirsiz" sualını isə müsahibim belə cavablandırdı:

 

"Olimpiya Kompleksində bir futbol meydançası var. Oradan həvəskar şəkildə məşğul olanlar istifadə edirlər. Biz kompleksə müraciət etməmişik, etsək də yox cavabı almarıq yəqin ki. Amma oranın yolu bizim üçün çox uzaqdı. Kompleksə avtobusla getmək mümkündü. O da bizim üçün əlavə çətinlik deməkdi. Yay aylarında havanın xoş olmasından istifadə edib orda məşq etmək olar. Amma qışda yol problemi var. Uşaqları ora aparıb-gətirmək çətin olar".

 

 

 

Rövşən bəylə söhbətimiz su kimi axınla gedirdi. Onun futbolu yaxşı bilməsi və eyni zamanda ürəyinin dolu olması səbəbilə sual verməyə ehtiyac qalmırdı. Sanki hansı sualı verəcəyimi hiss edirmiş kimi həmin mövzudan danışmağa başlayırdı. Vermək istədiyim sual isə uşaq futbolunda gördüyü işlə bağlı idi:

 

"Mən hazırda AFFA-nın cənub bölgəsindəki turnirlərin təşkilatçısıyam. Əvvəllər Uşaq Gənclər İdman Məktəbində də çalışmışam. Mən heç vaxt işimlə kifayətlənmirəm. Futbolla yaşayan adamam. Eyni zamanda, rayonda bütün uşaq komandalarının işlərində köməklik göstərirəm. Bacardığım qədər problemlərin həllində tövhə verməyə çalışıram. Düzdü, bəzi çətinliklər var. Amma rayon yeri olduğundan şəxsi münasibətlərdən istifadə edib, ən azı bir dəfə kimdənsə lazım olan şeyi xahiş edirik".

 

 

 

 

O, forma və və digər idman ləvazimatları sarıdan problemlərinin də olduğunu da söylədi. Hüseynov bildirdi ki, bu problemlər AFFA-nın elit layihəsi dayandıqdan sonra yaranmağa başladı:

 

"Forma və top sarıdan problemlərimiz var. Əvvəllər bu problemləri AFFA həll edirdi. Layihə dayandıqdan sonra yeni formamız olmadı. Köhnələrdən istifadə edirik. Digər problemlərisə, özümüz qarşılamağa çalışırıq. Amma belə yol xərcimiz AFFA tərəfindən qarşılanır. Bunun olması çox yaxşıdı. Yoxsa uşaq komandalarının heç biri turnirlərdə iştirak edə bilməz.

Söhbət düşmüşkən, 11 komandamızın hamısı AFFA-nın turnirlərində iştirak edir. Yeddi yaş qrupu üzrə komandamız Lənkəran turnirində, digərləri  isə Cəlilabad turnirində çıxış edir. Cəlilabaddakı yarışlarda iştirak edənlərin hamısı birinci yerdədi. Gördüyünüz kimi, nəticələrimiz də əladı. Həm nəticə veririk, həm də futbolçu yetişdiririk".

 

 

 

Rövşən bəy söhbət əsnasında özünə klub tapa bilməyən uşaqların gələcək taleyindən narahat olduğunu gizlətmədi. Onların karyeralarına davam etməsi üçün ən azı Həvəskarlar liqasında rayonun bir klubunun olmasının kifayət etdiyini söylədi:

"Elə uşaqlarımız var ki, onlar başqa klublara gedirlər və karyeralarına davam edirlər. Elələri də olur ki, tam yetişmirlər. Onların davam etmələri üçün bu rayonda həvəskar səviyyədə olsa belə bir komandanın fəaliyyət göstərməsi kifayət edir. Çünki elə futbolçu var ki, özünü tez göstərir. Eləsi də olur ki, gec açılır. Son zamanların ən yaxşı nümunəsi "Lester"in futbolçusu Cimi Vardi kimi. Müəyyən müddət həvəskarlar liqasında oynadı. Amma birdən-birə 28-29 yaşında parladı, bütün dünyada ad çıxardı. Bizdə də belə futbolçular ola bilər. Biz həvəskarların çempionatında oynadığımız iki mövsüm ərzində nə qədər birinci divizion klubu futbolçularımızı istəmişdi. Futbol elə olmalıdı. Pillə-pillə yüksəlmək lazımdı. Uşaq futbolunun yaş həddi bitdikdən sonra futbolçulara karyeralarına davam etmək üçün mütləq klub lazımdı. Həvəskarlar liqasında fəaliyyət göstərən klub üçün 1 milyon, 300 min yox, cəmi 20-30 min manat bəs edir. Belə şəraitimiz olsa, biz daha çox iş görüb, yaxşı nəticə əldə edə bilərik".

 

 

Son sualım isə uşaq futbolunda məşqçilərin maaşının necə qarşılanması və digər klublara verilən futbolçuların müqabilində təzminat alıb-almadıqları ilə bağlı oldu:

 

"Məşqçilərə əmək haqqı ödənilir. Bunun üçün biz şəxsi münasibətlərimizdən istifadə etməli oluruq. Çox da olmasa müəyyən qədər maaş verilir. Futbolçuların klublara verilməsi zamanı sadəcə bir klub müəyyən məbləğ ödəyir. O da "Qəbələ"di. Həmin pul futbolçunu yetişdirən məşqçiyə verilir. Çox da olmasa, müəyyən qədər məbləğ ödənilir. Ümumiyyətlə "Qəbələ" futbolçunu qəbul edərkən verdiyi bütün sözlərə əməl edir. Digər klublar isə heç bir ödəniş etmirlər".

 

 

Rövşən Hüseynovla vidalaşdıqdan sonra üz tutduq rayonun Uşaq Gənclər İdman Məktəbinə. Məktəbin direktoru Şirziyad Mehdiyev bizimlə söhbətində uşaq futbolu bölməsindəki durumla bağlı məlumat verdi. Eyni zamanda, problemlərdən də danışdı:

 

"Məktəbimizin 7 yaş qrupu üzrə futbol komandası var. Bu komandalarda ümumilikdə 120 uşaq futbolun sirrlərini öyrənir. Onlardan ikisi AFFA-nın yarışlarında iştirak edir. Yəqin bilirsiz ki, yol xərcləri AFFA tərəfindən ödənilir. Bu olmasa, biz həmin turnirlərdə ümumiyyətlə iştirak edə bilmərik. Bir futbol meydançamız var, durumu yaxşıdı. Bütün komandalarımız orada məşq edir. Ancaq forma və idman ləvazimatları sarıdan ciddi problemlərimiz var. Onları şəxsi hesabımıza təmin edirik. Bununla belə yetərli olmur. Bizə bu sarıdan yardım edilsə, işimiz yaxşı olar. Həm də bilərik ki, problemimiz yoxdur. Digər işlərlə məşğul olardıq".

 

Beləcə Masallıya olan səfərimiz də başa çatdı. Səfalı, gözəl Masallını həm görmək imkanımız oldu, həm də uşaq futbolundakı problemləri ilə tanış olduq. Ümid edirik ki, bu rayona növbəti səfərimizdə müsahiblərimlə problemlərdən yox, qazanılan uğurlardan, əlverişli şəraitdən söhbət açacağıq...

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti