Baloğlan Əşrəfov: "Xəzər Lənkəran" qayıtsın, mahnı da yazaram" - AÇIQLAMA

15:26 27 Yanvar 2017

Son zamanlar futbol ictimaiyyətinin diqqəti "Xəzər Lənkəran"ın qayıtması ilə bağlı yayılan xəbərlərə yönəlib. Klubun bərpasıyla bağlı məlumatları orada çalışan rəsmi şəxslər inkar etmirlər, belə ehtimalın olduğunu bildirirlər. Artıq qərarın veriləcəyi vaxt da məlumdu. Hər şey mart-aprel aylarında bəlli olacaq.

 

"Xəzər Lənkəran"ın bərpası xəbərinə ən çox sevinənlər bu klubun azarkeşləri və cənub zonasıdı. Xüsusilə də lənkəranlılar böyük futbolun bir illik fasilədən sonra doğma şəhərlərinə qayıdacağına ümidlidirlər. Klubun sadiq azarkeşlərindən olan tanınmış müğənni Baloğlan Əşrəfov da bu xəbərə sevinir. Azərbaycanın əməkdar artisti Sportarena.az-a açıqlmasında bu barədə danışıb. O, klubun bərpa ediləcəyi təqdirdə ölkə futbolunun yenidən dirçələcəyini söyləyib:

 

"Mən də bu xəbəri eşitmişəm. İnanın, çox sevindim. Cənub zonası futbolsuz qalmamalıdı. Burda hamı futbolla yaşayır. "Xəzər Lənkəran"ın yoxluğu hiss olunurdu. Klubun qayıdışı nəinki cənub zonasına, Lənkərana, hətta Azərbaycan futboluna çox lazımdı. Cari mövsümə baxırıq, necə də sönük keçir. "Xəzər Lənkəran" çempionatımıza rəqabət gətirirdi. Rəqabətin olması yaxşı haldı. O olan yerdə inkişaf da olur. "Xəzər Lənkəran"ın qayıdışının gətirəcəyi rəqabət digər klubları da daha oynamağa sövq edəcək".

 

Əşrəfov klub fəaliyyətini dayandırdığı zaman çox pis olduğunu gizlətmədi. Klub bərpa ediləcəyi təqdirdə oyunlarını stadiondan izləyəcəyini bildirdi. O, həmçinin "Xəzər Lənkəran" - "Neftçi" rəqabətindən də danışdı:

 

"Xəzər Lənkəran" fəaliyyətini dayandıranda səhhətim pisləşmişdi. Özümdə deyildim. "Xəzər Lənkəran"dan sonra demək olar ki, futbola həvəsim sönüb. Əvvəlki istək qalmayıb. "Xəzər Lənkəran"ın oyunlarını həmişə stadiondan izləmişəm. Bakıdan futbol oyununa görə Lənkərana gedirdim. Klub bərpa edilsə, hər bir azarkeş kimi mən də stadiondan komandama dəstək olaram.

 

"Xəzər Lənkəran" olanda futbolumuz da maraqlı olur. Premyer Liqanın oyunları daha maraqlı keçir. Əvvəllər "Neftçi" ilə "Xəzər Lənkəran"ın rəqabəti var idi. Həmin oyunlar böyük marağa səbəb olurdu. Hanı indi o oyun? Premyer Liqanın 5 klubu bir şəhərin komandasıdı. Belə nə rəqabət olacaq"?

 

Baloğlan bəy sonda "Xəzər Lənkəran" əvvəlki əzəmətini qaytaracağı təqdirdə kluba mahnı həsr etməyə hazır olduğunu da bildirdi:

 

"Mən azarkeş kimi komandaya hər cür dəstək olmağa hazıram. "Xəzər Lənkəran" yaxşı şəkildə qayıtsın, komandaya mahnı da yazaram. Xala-xətir yox, yaxşı komanda qurulsa, bunu edərəm".

 

Heybət Məmmədov


Xəbər xətti