"Heç-heçə ədalətli nəticə idi" - Elxan Abdullayev - MÜSAHİBƏ

19:41 29 Yanvar 2017

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının 15-ci turunda heç-heçə etdikləri "Qarabağ”la oyundan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, Abdullayevin matçı belə şərh edib:

 

“Fasilədən sonra ilk oyunlar ağır olur. Bu gün də çempiona qarşı oynayırdıq. Gərgin oyun keçsə də, baxımlı olmadı. Amma hər iki komanda mübariz futbol göstərdi. Bu soyuq havada komandaya dəstək verən azarkeşlərə minnətdarlıq edirəm”.

 

- Namiq Ələsgərovun oynamamasının səbəbi nə idi?

- Bu, qarşılıqlı razılıq əsasında olub. Burda kişi söhbəti var. Ancaq bu mövsüm “Qarabağ”a qarşı matçlarda iştirak etməyəcək. Sağ olsun, Qurban müəllim, Namiqin bizdə oynamasına razılıq verdi.

 

- Ağlınızdakı komandanı qura bilmisiniz?

- Komandada yeni oyunçular var. Biz çempiona qarşı səfərdə oynayırdıq. Həmçinin hücum xəttində problemimiz var. İnşallah, gələn matçda yeni hücumçu ilə oynayacağıq. Bir hücumçu Bakıdadı, kağızını gözləyirik. İkincisi də gələcək. Ən böyük problemimiz budu.

 

- Kamal Qurbanovla bağlı fikriniz nədi?

- Kamal Qurbanovla söhbətimiz olub, perspektivli oyunçudu. Demişik ki, təklif olsa, icarəyə verərik. Əvəzedicidə oynayan yaşı keçib. Antalyaya aparmadıq ki, özünə komanda tapsın, amma alınmayıb.

 

- Fasilədə ehtiyat oyunçular məşq etmirdilər. Buna səbəb nədi?

- Buna ehtiyac duymadım. Hava soyuq idi. Fasilədən sonra əvəzetməyə əl atmaq fikrim yox idi. İkinci hissədə futbolçuları göndərdim məşqə.

 

- Bütün oyunçular sizin istəyinizlə alınıb?

- Başqa cür ola bilər ki? Əlbəttə, mənim istəyimlə olub.

 

- “Neftçi”nin dəyişdiyini demək olar?

- Hələ özümüzü tərifləməyək. Bizi qələbədən 20 dəqiqə ayırırdı. Obyektiv danışsaq, tam qələbəyə layiq deyildik. Heç-heçə ədalətli nəticə idi.

 

- Erreranın dəyişdirilməsi də heç-heçə üçün hesablanmışdı?

- Əgər 2:0 olsaydı, nəticəni daha rahat qorumaq olardı. Amma 1:0 risklidi. Penalti epizodunun da təkrarına baxacam.

 

- Qarşıda daha iki güclü rəqiblə oyununuz var. Psixoloji cəhətdən buna hazırsızmı?

- Onsuz da, oynamalıyıq. Gec və ya tez. Bu, elə də önəmli deyil.

 

- Yeni transfer Barqasla bağlı fikriniz nədi?

- Peşəkar və istedadlı futbolçudu. Böyük klublarda çıxış edib. 30 yaş oyunçu üçün nədi ki. İnanıram ki, o, komandaya xeyir verəcək. (Apasport)


Digər xəbərlər

Xəbər xətti