"İnter" "Qarabağ"ın iki uğurlu seriyasını qırdı

15:22 1 Mart 2017

Azərbaycan Premyer Liqasının 20-ci turunun “Qarabağ”la “İnter” arasındakı oyunu üç məqamla əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, qonaqların 1:0 hesablı qələbəsi iki fərqli seriyanı qırıbsa, meydan sahibləri bir yubiley qeyd edib.

 

Bakılılarla görüş “Qarabağ”ın Azərbaycan çempionatında keçirdiyi 350-ci ev oyunu olub. Ağdam klubu öz meydanında 236 qələbə qazanıb, 67 heç-heçə edib və 47 dəfə uduzub. Bu qarşılaşmalarda 625 dəfə fərqlənən əyalət klubu 240 top buraxıb.

 

Məğlubiyyət “Qarabağ”ın öz meydanındakı yenilməzlik seriyasına son qoyub. 2015-ci il fevralın 28-də “Qəbələ”yə 0:1 hesabı ilə uduzandan sonra klub tarixi üçün rekord sayda - 32 matç evdə xalsız qalmayan Qurban Qurbanovun yetirmələri eyni gündə, eyni hesabla uduzub. 731 gündən sonra qırılan seriya 26 qələbə və 6 heç-heçədən ibarətdi.

 

Bu nəticə “İnter”in “Qarabağ”la səfər matçlarındakı qələbəsizliyinə də son qoyub. 2007-ci il oktyabrın 28-də Ağdam klubunun meydanında 1:0 hesablı qələbə qazanan paytaxt təmsilçisi 10 il idi sindromu qıra bilmirdi. Əyalət klubu isə 9 qələbə qazanıb, 7 heç-heçə etdiyi rəqibinə 3411 gündən sonra uduzub.


Digər xəbərlər

Xəbər xətti