"Bu nəticələri bir qədər də inkişaf etdirməyi düşünürük" - Zaur Axundov - MÜSAHİBƏ

18:44 1 Mart 2017

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov AFFA-nın rəsmi saytına müsahibə verib.
 

Sportarena.az xəbər verir ki, Axundov AFFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi və futzal üzrə milli komandamız barədə danışıb:

 

 

- AFFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə yeganə namizədsiniz. Platformanızla bağlı nə deyə bilərsiniz?
- Əlbəttə, mənim üçün yenilikdir. Eyni zamanda, Azərbaycanda qeyri-olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanı ilə təltif edilməyim məsuliyyətimi bir qədər də artırır. Hamımızın bir məqsədi var - Azərbaycanda futbolun inkişafı, milli komandaların və klublarımızın uğur qazanması, istər daxili, istərsə də ölkəmizə həvalə edilən yarışların, turnirlərin yüksək səviyyədə təşkil edilməsi, uşaq futbolunun inkişafı, kütləviliyin artırılması, azarkeşlərin futbola yaxın olması. Bunlar AFFA-nın prioritetləridir və işimizi də bu istiqamətdə davam etdirəcəyik.
 
 
- Sizin namizədliyiniz Sahə Futbol Federasiyası tərəfindən irəli sürülüb. Bu qurumda da Futzal Federasiyası ilə bərabər, bir neçə federasiya yer alır. Deməli, fəaliyyət sferanız bir qədər də genişlənəcək. Həmin federasiyaların problemləri ilə tanışsınızmı?
- Sahə Futbol Federasiyası Mahir Məmmədovun rəhbərliyi altında üzərinə düşən işləri görür. Biz də mütəmadi olaraq həmin federasiyalarla görüşürük, bacardığımız köməkliyi edirik. Bu proses davam etdiriləcək. Aydın məsələdir ki, iş olan yerdə həlli vacib məsələlər də olur. İstər AFFA, istərsə də Sahə Futbol Federasiyası yaranan problemləri mümkün qədər həll edir, yoluna qoyur, federasiyalara lazım olan dəstəyi göstərir. Həmin federasiyaların qazandıqları uğurlu nəticələr də var. Çimərlik futbolu üzrə millimiz Avropanın B divizionundan A divizionuna yüksəldi. Futzal üzrə yığmamız ardıcıl 4 dəfə Avropa, ötən il isə dünya çempionatının final mərhələsində iştirak etdi.
 
 
- Bəs futzalla bağlı hansısa təklifləri səsləndirməyi düşünürsünüz?
- Futzala buna qədər də lazımi diqqət göstərilirdi. 2008-ci ildən – federasiyaya prezident seçiləndən sonra müəyyən işlər görmüşük. Nəticə isə ortadadır: milli komandamız dünya reytinqində “ilk 10-luq”dadır, ardıcıl 4 dəfə Avropa çempionatının final mərhələsinə qatılmışıq. Bu nəticələri bir qədər də inkişaf etdirməyi düşünürük.
 
 
- Millidən söz düşmüşkən, Miltonun yanvarda istefa verəcəyini gözləyirdinizmi?
- Kolumbiyadakı dünya çempionatından sonra Miltonla dəfələrlə söhbətimiz oldu. Böyük oğlunun problemləri var idi və məşqçimiz narahat olduğunu deyirdi. Dekabrda ailəsi problemin bir qədər də dərinləşdiyini ona bildirdi. Nəticədə Milton həm AFFA, həm də mənimlə görüşüb, dekabrdan sonra yaranacaq fasilədə geri dönməyəcəyini bildirdi. Hazırkı məşqçimiz də peşəkar insandır. O, uzun müddət millimizdə oynayıb, eyni zamanda Miltonun köməkçisi işləyib. Vaxtımız az olduğunundan və Avropa çempionatının əsas seçmə mərhələsinin oyunlarının Bakıda keçiriləcəyini nəzərə alaraq, seçimimizi Biro Jadenin xeyrinə etdik.
 
 
- Baş məşqçinin bu postda ilk işi olması narahatçılığa əsas verirmi?
- Yaxşı futzalçı və məşqçi ayrı-ayrı anlayışlardır. O, ağıllı, peşəkar oyunçu olub, futzalı bilir. Ölkəmizə qədər Rusiyada, Braziliyada çıxış edib, böyük təcrübəsi var. Bu seçmə mərhələ onun üçün bir imtahan olacaq. Özü də başa düşür ki, azarkeşlər və AFFA rəhbərliyi qarşısındakı ilk imtahanı məşqçi karyerasında ciddi rol oynayacaq. Hədəfimiz birinci yeri tutaraq ardıcıl 5-ci dəfə AÇ-nin final mərhələsinə yollanmaqdır.
 
 
- Baş məşqçi artıq ilk toplanışını keçirib. Razı və narazı qaldığı məqamları sizə bildiribmi?
- Əlbəttə, hazırlıq dövründə də onunla tez-tez görüşürdük. Hər bir baş məşqçinin öz məşq üslubu, işə yanaşma metodu var. İlk toplanışdan sonra o, komandanın 60-70 faiz hazır olduğunu söylədi. Aprelə qədər bir ay vaxtımız var. Onun hazırlıq proqramı ilə tanşıq və martın sonuna qədər komandanın lazımi səviyyəyə çatacağını düşünürük.
 
 
- Yoldaşlıq oyunlarının keçirilməsi nəzərdə tutulubmu?
- İki yoldaşlıq oyunu keçirəcəyik. Martın 29-da və 30-da Moldova millisi ilə Bakı İdman Sarayında qarşılaşacağıq. Ona qədər isə çempionatımızda çıxış edən klubların üzvlərindən qurulmuş komanda ilə üz-üzə gələcəyik.
 
 
- Yığmamızın yer aldığı qrupdakı rəqiblər haqda nə deyə bilərsiniz?
- Bu gün Avropada futzal çox inkişaf edib. Zəif komanda yoxdur. Xüsusilə də bizə qarşı əksər komandalar ikiqat gücləri ilə oynayırlar. Macarıstan yığmasına artıq 4-5 ildir braziliyalı mütəxəssis rəhbərlik edir. Komanda ötən il Serbiyada keçirilən AÇ-nin final mərhələsində çıxış edib. Bosniya və Herseqovinada da futzalı çox sevirlər. Albaniya isə ilk seçmə mərhələdən vəsiqə qazanıb. Təbii ki, hər bir iştirakçının məqsədi gələn il Sloveniyada keçiriləcək AÇ-nin finalında iştirak etməkdir. Ona görə oyunlar asan keçməyəcək. Maraqlı qarşılaşmalar izləyəcəyik və azarkeşlərimizi aprelin 8-də, 9-da və 11-də Bakı İdman Sarayında keçiriləcək oyunlara dəvət edirik.
 
 
- Top komandalara qarşı motivasiya olmaq asandır. Qrupumuzda belə rəqibin olmaması arxayınçılıq yarada bilərmi?
- Arxayınlıq bizə hər zaman problem yaradır. Razıyam, güclü rəqibə qarşı futzalçılar motivasiya olurlar, çünki hansı komandaya qarşı oynayacaqlarını bilirlər. Heç vaxt imkan verməmişəm ki, oyunçularımız hansısa rəqibə üstdən aşağı baxsın. Yenə də profilaktik söhbətlər aparılır. Bu, yolverilməzdir. Heyətə 2-3 gənc oyunçu də dəvət etmişik ki, gələcəkdə oynamaq imkanı qazansınlar.
 
 
- Milli tapşırığın öhdəsindən gəlsə, final mərhələsinə də Biro Jade ilə yollanacaq?
- Zamanı qabaqlamaq istəmirəm. Final mərhələsinə vəsiqə qazanmaq Biro Jade də daxil olmaqla hamımızın istəyidir. Biro ilə müqaviləmiz mayın sonuna qədər nəzərdə tutulub. Əlbəttə, birinci yeri tutması onun üçün yaxşı şans ola bilər. Burda hər şey nəticə ilə ölçülmür. Bəlkə komanda birinci yeri tutdu, amma oyun planında biz istəyəni vermədi?! Taktiki, fiziki hazırlıq, nizam-intizam nəzərə alınacaq və yekunda AFFA rəhbərliyi ilə Biro Jadenin statusu haqda söhbət edəcəyik.
 
 
- Çempionatda keyfiyyəti artırmaq üçün yeni planlar hazırlanırmı?
- İntriqa, mübarizə yenə var. Ən azı, 3 komanda bir-biri ilə rəqabət aparır. Təbii ki, biz də keyfiyyəti artırmaq üçün əlimizdən gələni edirik. Çempionatımız sabit keçir. Hazırda isə 45 komanda müxtəlif liqalarda yarışır.
 
 
- Oyunların canlı yayımlanması üçün danışıqlar aparılırmı?
- Mövsümün sonuna qədər mərkəzi oyunların CBC Sport kanalında yayımlanması nəzərdə tutulub.
 
 
- Əksər bölgələrimizdə futzal oyunlarını keçirmək üçün idman kompleksləri var. Bəs komandaların yaradılması üçün hansı addımlar atılacaq?
- Hər il bir bölgə komandası çempionatımızda iştirak edir. Bunu kütləviləşdirmək isə yalnız bizdən asılı deyil. AFFA bölgələrdə futzalın inkişafı ilə bağlı bütün təkliflərə dəstək verir və bunda maraqlıdır. Amma bölgələrdə də lazımi insanlar müəyyən addımlar atmalıdır. Onlar işlərin 10 faizini üzərlərinə götürsələr, qalan 90 faizini AFFA, Futzal Federasiyası həll etməyə hazırdır. Biz həmin təkanı gözləyirik.
 
 
 
- İlk dəfə ölkəmizdə FİFA-nın təşkilatçılığı ilə futzal hakimləri və hakim-inspektorları üçün seminar keçirildi. Kateqoriya verən məşqçi kurslarının təşkili ilə bağlı necə, plan varmı?
- Bu, gündəmdədir. Ən böyük istəyimiz futzal akademiyasının yaradılmasıdır. AFFA rəhbərliyi bunu müzakirə edəcəyik. Nail olsaq, futzalın inkişafına böyük təkan veriləcək. Ölkəmizdə futzal ənənələri olan idman oyunudur və hər zaman maraqla qarşılanıb. Akademiya eyni zamanda millinin bazası rolunu oynayacaq. Orada bir neçə zalın tikilməsi və aşağı yaş qruplarından ibarət bölmələrin yaradılması planlaşdırılır. Nəticədə həm millimiz, həm də məşqçilərimiz qazanmış olacaq. Bakı İdman Sarayı isə əsas millimizin rəsmi oyunlarını keçirəcəyi məkan olaraq qalacaq.
 


Digər xəbərlər

Xəbər xətti