"Özüm də bilmədən futbola çox bağlanmışam" - Bizim Törə xanım - MÜSAHİBƏ

11:56 8 Mart 2017

Futbolumuza uzaqdan-yaxından bağlılığı olanların əksəriyyəti Törə Əhmədovanı yaxşı tanıyır. AFFA-nın keçirdiyi tədbirlərdə, mətbuat konfranslarında bu qarayanız, ilk baxışdan qaradinməz və bir qədər də qəddar təsiri bağışlayan Törə xanım əslində çox mehribandır. Təcrübəli jurnalist, başarıqlı işçi, gözəl təşkilatçı, xeyirli övlad, qayğıkeş ana... Bu sözlərin hamısını ona aid etmək olar. Azərbaycan qadınına xas olan bütün keyfiyyətlər onda var.

 

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin baş mütəxəssisi Törə Əhmədova ilə müsahibə götürmək razılığını daha əvvəl alsam da, işlərinin çoxluğu üzündən yalnız 8 Mart bayramı ərəfəsində görüşə bildik. Futbolumuzla bağlı çox mətləblərdən, uşaqlığından, gəncliyindən, tələbəlik illərindən,  jurnalistikaya gəlişindən, AFFA-dakı işindən, ailəsindən, qızından, bir sözlə, özü ilə bağlı hər şeydən danışdı. Düzü, Törə xanımdan bu qədərini gözləmirdim. Həddən artıq maraqlı müsahibdir. Həm də maraqlı insandır. Onu necə tanıyırsınız? Tələsməyin, yazını və Törə xanımla müsahibəni axıradək oxuyandan sonra fikir bildirərsiniz.

 

 

Valideyn qayğısı görməmiş qızcığaz

 

Əhmədova Törə 1968-ci il iyulun 14-də Bakı şəhərində anadan olub. Atası Adil kişi dünyasını dəyişib, anası Həcərxanım övladlarının başındadır. Əslən Əmircan kəndindəndir. Ailənin ilkinidir. Özündən kiçik 2 qardaşı var idi - Canpolad və Etibar. Canpolad 5 il əvvəl rəhmətə gedib. Törə xanımın çətinliklərlə dolu həyatında aldığı ağır zərbələrdən biri...

 

Balaca Törə ana babasının himayəsində böyüyüb. Yox, valideynləri ondan imtina etməyib. Sadəcə, ilk nəvə olduğu üçün  Ağamehdi baba və Əminə nənə Törəni valideynlərindən “oğurlayıblar". Baba və nənələr adətən nəvələrinin nazları ilə oynayır, onların bir sözünü iki eləmirər. Ağamehdi kişi və Əminə xanım da heç vaxt nəvələrinin xətrinə dəyməyiblər, onlara güldən ağır söz deməyiblər. Buna baxmayaraq, Törə xanım ərköyün yox, ağıllı və sözəbəxan uşaq olub. Həm də savadlı. 8-ci sinifə kimi 176 saylı orta məktəbdə təhsil alıb. Sonra isə təhsilini 29 saylı texniki-peşə məktəbində davam etdirib. Çox savadlı olan Törənin müəllimləri və valideynləri onun peşə məktəbini seçməsinə qarşı çıxsalar da, o, inadından dönməyib. 8 il “azsektor"da oxuyan həmsöhbətim üç il altı ay peşə məktəbində rus dilində oxuyub və kimya laborantı ixtisasına yiyələnib. Peşə məktəbinə getməyinin səbəbi rəfiqələri olub. Qız dostları zəif oxuduqları üçün 8-ci sinifdən sonra peşə məktəbini seçiblər. Onlardan ayrılmaq istəməyən, həm də bunu özünə sığışdırmayan Törə rəfiqələrinə qoşulub.

 

Peşə məktəbini bitirdikdən sonra sənədlərini Bakı Dövlət Universitetinin şərqşünaslıq fakultəsinə təqdim edib. Nə az, nə çox, düz 5 il tələbə adını qazana bilməyib. Daha doğrusu, qiymətləri normal olsa da, müsabiqədə kəsilib. Uşaqlıqdan ərəb dilinə marağı olub. Bu marağı onda babası yaratmışdı. Ağamehdi kişinin ərəb əlifbası ilə yazılmış jurnalları, kitabları oxuduğunu görüb həvəslənən balaca Törə ərəb əlifbasını öyrənib. İndi ərəb dilində müəyyən qədər danışa, sərbəst yaza və oxuya bilir.  Dediyinə görə, tərcüməçi olmaq istəyib. Ona görə də sənədlərini şərqşünaslıq fakultəsinə verib. Ərəb dilindən ona dərs deyən şərqşünas alim Zahid Hüseynovun məsləhəti ilə 6-cı il sənədlərini jurnalistika fakultəsinə təqdim edib və 1990-cı ildə tələbə adını qazanıb: “Yüksək qiymətlərlə əyaniyə qəbul olsam da, 6 il qiyabi təhsil almışam. Çünki işləyirdim və əyani təhsillə işi bir araya gətirmək mümkün deyildi. İldə 2 dəfə, o da sessiyalarda bir yerdə olmağımıza baxmayaraq, tələbə yoldaşlarımla bu gün də əlaqə saxlayıram. Tanınmış jurnalistlər Ləman Əliəşrəfqızı, Aygün Muradxanlı, Əmrah Fəqanoğlu, Kəmalə Cahidqızı, Rövşən Ramazanlı, Pərviz Cəbrayıl, Kəmalə Mikayılzadə, Ağanisə Sultanova, şair Balayar Sadiq, gənc yazıçı Təranə Vahid ilə tələbə yoldaşı olmuşam. Maraqlı bir məqamı qeyd edim, tələbə biletini alanda orta məktəbdə mənimlə bir yerdə oxuyan bəzi uşaqlar diplomlarını götürürdülər. Yəni, arada 6 ilimi itirmişəm. Vaxtında qəbul olsaydım, həyatım da fərqli ola bilərdi. Hər halda, narazı deyiləm".

 

 

Törə xanım əsil poliqlot imiş, xəbərimiz yoxdur. Ərəb dilində oxuyub yazması  ilə yanaşı, rus dilində də sərbəst danışır. Hazırda ingilis dilini mükəmməlləşdirmək üçün kursa gedir. Alman dilini isə hələ uşaqlıqdan, 2-ci sinifdə oxuyarkən öyrənməyə başlayıb.

Törə xanımla söhbət zamanı valideynlərinin yanında yaşamamasını tez-tez dilə gətirirdi. Keçmişə boylananda ən çox buna görə təəssüfləndiyini, uşaqlığı üçün darıxdığını deyir:

 

“Məni ərköyün böyütsələr də, həmişə yerimi tanımışam. Bu yaşa çatmışam, amma bilməmişəm ki, baba, nənə, ata, ana uşağın üstünə necə qışqırır, danlayır. Babamgil məni yağ-bal içində saxlayıb, çox istəyiblər. Amma bu, pis haldır. Uşaq ilk növbədə valideyn qayğısı görməlidir. Təəssüf ki, mən bu qayğıdan uzaq olmuşam. Düzdür, valideynlərim tez-tez mənə baş çəkirdilər, mən də evimizə gedirdim. Ancaq... Nə anamı ana kimi sevə bilməmişəm, nə də nənəmi nənə kimi. Bu, mənim üçün bir həyat dərsi oldu. Ona görə qızımı uşaqkən bir gün də olsun kiməsə etibar etməmişəm...

...İndiki dövrlə müqayisədə görürəm ki, o vaxtlar həyat daha maraqlı və şən idi. Başımızı kitab oxumaqla, müxtəlif əyləncələrlə qatırdıq. Nəsə, müasir dövr mənim üçün darıxdırıcı görünür. İnformasiya çox olsa da, oxumağa heç nə yoxdur. Hər şey bir-birinin təkrarı. Çox nadir hallarda yaxşı, maraqlı yazıya rast gəlirsən. İndi elə bir dövrə gəlib çatmışıq ki, təsəvvür edin, bir gün internet olmasa, nə baş verər? Aləm qarışar bir-birinə. Bəlkə də dünya dağılar. Kaş ki, yenidən uşaq olaydım..."

 

 

“Zavod həyatı"nda başlayan yol

 

Atalar niyyətin hara, mənzilin ora deyiblər. Hələ orta məktəbdə siniflərinin divar qəzetini hazırlayan Törə xanım peşə məktəbində təhsilini başa vurduqdan sonra Neftayırma Zavodunda laborant kimi işə düzəlib. Həmin vaxt müəssisənin “Zavod həyatı" qəzeti çıxırmış. Jurnalistika ilə ilk tanışlığı “Zavod həyatı"nda başlayıb. Əvvəlcə yığıcı kimi işləyib. Daha sonra müxbirlikdən məsul katib vəzifəsinə kimi yüksəlib. İlk yazısı indiyə qədər yadındadır və həmin qəzeti saxlayır:

 

 

“Əmircanda qardaşımın dostu var idi. Şəhid olmuşdu. O oğlanı uşaqlıqdan tanıyırdım. Ölüm xəbərini eşidəndə bir neçə gün özümə gələ bilmədim. İlk yazım həmin şəhid haqqında olub. Təsirli alınmışdı. Hətta redaktor müavinimiz İsmayıl Hacıyev yazını oxuyanda ağlamışdı..."

 

“Zavod həyatı"nın sonradan adı dəyişdirilib və indi tanıdığımız “İki sahil" olub. 16 il bu qəzetdə çalışan Törə xanım 2002-ci ildə “İki sahil"dən ayrılıb və 9 aya yaxın işsiz qalıb. Bu haqda yazının sonunda. Daha sonra bir-neçə il Mərkəzi Seçki Komissiyasının 36 saylı Xətai 4-cü  Seçki Dairəsində DAİS üzrə mütəxəssis vəzifəsində çalışıb. “Necə oldu ki, AFFA-ya gəldiniz" sualını Törə xanımın cavabı: “AFFA-ya gəlişimin təşəbbüskarı “İki sahil"də iş yoldaşım olmuş Mikayıl Nərimanoğludur. Mikayıl müəllim, Qənbər Cəlilov, Eldəniz Bədəlov və hazırda bizim departamentin əməkdaşı olan digər jurnalistlərlə “İki sahil"də bir yerdə işləmişdik. “İki sahil"də Mikayıl müəllim məktublar şöbəsinin müdiri, mən isə məsul katib idim. 1988-ci ildən, yəni 30 ilə yaxındır ki, bir yerdyik. 2006-cı il aprelin 1-dən etibarən AFFA-nın işçisiyəm. O vaxt “Futbol dünyası" yenicə təsis edilmişdi. Orada ilk vəzifəm kargüzar olub. Sonradan Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində mütəxəssis və bir müddətdən sonra baş mütəxəssis vəzifəsinə təyin edilmişəm”. 

 

 

“Elxan müəllim əsil diplomatdır"

 

 

- Köhnə iş yoldaşınızla necə yola gedirsiniz?

- Mikayıl müəllimi nəzərdə tutursunuz? Çox yaxşı. Mikayıl müəllim 30 illik dostumdur.

 

- Həqiqi dost?

- Bəli. Dostluğumuz sınaqlardan keçib.

 

- Mikayıl müəllimdən başqa AFFA-da ən yaxın sirdaşınız kimdir?

- Firuz Abdulla.

 

- Firuz həqiqətən yaxşı yoldaşdır. Bəlkə onu bir az tərifləyək?

- Onun tərifə ehtiyacı yoxdur (gülür). Firuz həddindən artıq savadlı və dünyagörüşlü bir insandır. Doğrudur, xasiyyəti bir az sərtdir, özündən tez çıxmağı var. Elə gün olmur ki, Firuzla mübahisə etməyək. Təbii ki, bu mübahisələr  müəyyən çərçivədə, özü də işlə bağlı olur. Firuz həm də çox bacarıqlıdır, işi göz önündədir.

 

- Törə Əhmədovanın konkret işi nədən ibarətdir?

- AFFA-nın saytına sayt ilə bağlı olan bütün işlər. Bundan başqa yığma komandanın oyunlarında “press-officer" oluram, AFFA tərəfindən keçirilən bir çox tədbirlərin təşkilati işlərində də iştirak edirəm.

 

 

- Bir də AFFA-nın kişi əməkdaşlarının kaprizlərinə dözürsünüz.

- Məncə, onlar mənim kaprizlərimə dözməli olurlar. Nə mənada? Dostluq, yoldaşlıq öz yerində, işimdə həddən artıq tələbkaram. Əgər mənim dostumsansa, lakin tapşırılan işi yarıtmırsansa... Səninlə dalaşa da, üstünə qışqıra da bilərəm. Amma bunun şəxsi münasibətlərə heç bir dəxli olmamalıdır.

 

- Törə xanım, futbol aləmində elə bir adam var ki, otağınıza gəlməsi ürəyinizcə olmur?

- Nə danışırsınız? Hamı ilə yaxşı münasibətim var, xətirlərini çox istəyirəm. Məsələn, Rüstəm Rəhimovla Asim Xudiyev elə gün olmur ki, bizə baş çəkməsin. Onların söhbətlərini dinləməkdən zövq alıram. O cümlədən, İsgəndər Cavadov, Vaqif Sadıqov, Şakir Qəribov, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev... Məşqçilər Komitəsi ilə qonşuyuq deyə, adlarını çəkdiyim veteranlar tez-tez qonağımız olurlar.

 

- Həddən artıq tələbkar olan Törə xanım hansısa nöqsana görə rəhbərlik tərəfindən danlanıb və ya töhmət alıb?

- İş olan yerdə nöqsan qaçılmazdır. Bizim də işimizdə “çp"lər olub. Məsələn, elə olub ki, “Futbol dünyası"nın yeni ildəki ilk sayında tarix səhv gedib. Belə deyim, məsələn, ayın tarixi dəyişıb, amma il köhnə il olaraq qalıb. Qəzetçilikdə bu və ya başqa cür səhvlərin getməsi adı haldır. Sırf öz səhvimə görə danlanmağım isə yadıma düşmür. Heç vaxt rəhbərlikdən töhmət-filan da almamışam. Əksinə, işimi yaxşı gördüyümə görə rəhbərlik tərəfindən dəfələrlə mənə təşəkkür edilib.

 

- Elxan Məmmədov necə rəhbərdir?

- İndi deyəcəksiniz ki, AFFA-da işlədiyimə görə Elxan müəllimi tərifləyir. Səmimi sözümdür, baş katib postunda ondan yaxşı kadr görmürəm. Savadlıdır, yüksək intellektual qabiliyyəti var. Davranışı, insanlığı da öz yerində. Elxan müəllim əsil diplomatdır. Bu, faktdır. 

 

- Maraqlıdır, Elxan müəllimlə hansı dildə danışırsınız?

- Yaxşı sualdır. Vəziyyətdən asılı olaraq ya rus, ya da azərbaycan dilində. Daha çox öz dilimizdə.

 

 

- Bəs, Prosineçki ilə? Almanca?

- Onunla cəmi 1 dəfə ünsiyyətdə olmuşam. Yığmanın Norveç ilə oyunundan bir neçə gün əvvəl bəzi məsələləri dəqiqləşdirmək üçün otağına getdim. Tərcüməçisi Aydın Rüstəmov soruşduqlarımı tərcümə etdi. Prosineçki də təbii ki, almanca cavab verdi. Aydının Proseneçkinin dediklərini tərcümə etməsini gözləmədən minnətdarlığımı bildirdim və otağı tərk etmək istəyəndə gördüm ki, hər ikisi təəccüblə mənə sarı baxır. Onda Aydına gülə-gülə dedim ki, alman dilini sənin kimi mükəmməl bilməsəm də, başa düşdüm və tərcüməyə ehtiyac yoxdur.

 

- Berti Foqtsun necə, sizin almanca danışa bildiyinizdən xəbəri var idi?

-  Bəri başdan deyim ki, çoxları onu sevməsə də, Foqts yaxşı insandı. Hə, onunla AFFA-nın 4-cü mərtəbəsində tez-tez qarşılaşmışıq. Həmişə də mənimlə hal-əhval tutub. Təbii ki, alman dilində.

 

 

 “Mikayıl müəllimin hədiyyəsi ilə güllərimi sulayıram”

 

 

- Birdən-birə sizə tanış olmayan bir sahəyə - futbol aləminə düşmək çətin olmadı?

- Əslində, futbolla ilk tanışlığım uşaqlıq illərinə təsadüf edir. Babam “Neftçi"nin oyunlarına baxanda hərdən onu tək buraxmırdım. Desəm ki, futbol üçün ürəyim gedib, yalan olar. Səthi maraqlanmışam. İndi futbol mənim işimdir. Özüm də bilmədən futbola çox bağlanmışam. Sabah AFFA-dan ayrılsam belə, futbola biganə münasibət bəsləyə bilmərəm. Artıq, futbol qanıma hopub, həyatımın bir hissəsinə çevrilib.

 

- “Futbol xəstəliyi"nə yoluxan Törə xanım hansı komandanın azarkeşidir?

- “Neftçi"nin. Babamın da “Neftçi"yə azarkeşlik etməsi sözünü deyib. Xaricdə isə Almaniya millisinə azarkeşlik edirəm. Foqtsa görə yox ha (gülür). Yəqin ki, uşaqlıqdan alman dilini bildiyim üçün bundestimə rəğbət bəsləmişəm.

 

- Bəs, hansı futbolçumuzu digərlərindən fərqləndirərdiniz?

- Məni tanıyan bütün futbolçulardan həmişə hörmət görmüşəm. Hamısına da eyni cür münasibət bəsləməyə çalışıram. Amma aralarında biri var ki, onu övladım kimi çox istəyirəm. U-21 yığmamızın qapıçısı Kamran İbrahimovu nəzərdə tuturam. Yanvarda Sankt-Peterburqda keçirilən Qranatkin turnirinə mən də getmişdim. Orada Kamranın necə ağıllı, tərbiyəli, savadlı bir gənc olduğunu gördüm. Kamran həm də yaxşı futbolçudu. İnanıram ki, gələcəkdə özünə yaxşı karyera qura biləcək.

 

- Kişilərin çoxluq təşkil etdiyi kollektivdə işləmək çətindir?

- Əksinə, çox rahatdı. Məncə qadın kollektivində bu qədər rahat işləyə bilməzdim.

 

- İş yoldaşları 8 martda Törə xanıma adətən nə hədiyyə edirlər?

- Departamentimizdə məndən başqa daha 3 xanım işləyir. Əvvəllər kişilər yığışıb nəsə bir tədbir keçirirdilər, hədiyyə verirdilər. Son illər bu, baş vermir. Yəqin ki, madiyyatla bağlıdır. Buna görə heç kimi qınamıram da. Lakin rəhbərlik hər il AFFA-da işləyən qadınları təbrik edir.

 

- Ən yaddaqalan hədiyyə nə olub?

- AFFA-da işlədiyim birinci ildə Mikayıl müəllim suvenir hədiyyə etmişdi. Üzərində “Kiyev" yazılmış böyük fincan idi. Hələ də həmin fincanı saxlayıram. Mikayıl müəllimin hədiyyəsi ilə güllərimi sulayıram. Yeri gəlmişkən, gülləri çox sevirəm. Gül əkib-becərmək hobbimdir. Bu mənə xüsusi zövq verir. Əvvəllər toxuculuqla daha çox məşğul olurdum. İndi toxumağa vaxtım yoxdur.

 

- Biş-düşə də? Törə xanım hansı təamı hamıdan yaxşı hazırlayır?

- Yemək bişirməyə həmişə vaxt tapmaq olar. Özümü tərifləməyim, əl qabiliyyətim pis deyil. Paxlava və “Ekler" pirojnasını xüsusi həvəslə hazırlayıram, dadlı olur. Bişirdiyim paxlava və “Ekler"lə fəxr edirəm.

 

 

 

“İdman mətbuatının hazırki durumu məni qane etmir"

 

 

- İşiniz həm də media ilə bağlıdır. Həmkarlarınızla necə yola gedirsiniz?

- Çox yaxşı. Məni bir şey maraqlandırır - bəzi jurnalistlər nəyə görə məndən nəsə soruşmağa çəkinir? Səbəbini bilmirəm.

 

- Buna görədi ki, indiyə kimi heç kim sizdən geniş müsahibə götürməyib?

- Müsahibə almaq istəyənlər çox olub. Müəyyən səbəblərə görə etiraz etmişəm. İlk müsahibəmi sizə verirəm. İndidən bilirəm ki, yazı çıxandan sonra çox adam məndən inciyəcək.

 

- İdman mediasında yazısını həvəslə oxuduğunuz jurnalist var?

- İş yoldaşım olduğuna görə demirəm, Firuz Abdullanın yazılarını nəfəs dərmədən oxuyuram. Həm də böyük həvəslə. Ümumiyyətlə, işimlə əlaqədar hər gün çox jurnalistlərin yazılarını oxuyuram. Bəyəndiyim yazılar çox olur. Amma Firuzun yazıları bir başqadır. Bir məqamı da qeyd edim, bu gün idman mediasında idmandan yaza bilən jurnalistlər çox azdır. Bu fikrim kimlərinsə xoşuna gəlməsə də, deməliyəm. Elə saytlar var ki, xəbərlərdə cümlənin baş-ayağı bilinmir, savadsız yazılmış fikirlərə tez-tez rast gəlirəm. Bu mənada idman mətbuatının hazırki durumu məni qane etmir.

 

- Sayt açsanız, jurnalistlərdən kiminlə əməkdaşlıq etmək istərdiniz?

- Özümüzün kollektivi ilə. Çünki hamısının işinə bələdəm və onlara güvənirəm.

 

- Sonuncu sualım köhnə olsa da, sizdən fərqli cavab gözləyirəm - 8 Martda Azərbaycan qadınlarına nə arzulayırsınız?

- Hamısına qadın səadəti arzulayıram. Mən övladımı tək böyütmüşəm. Atasızlığını ona hiss etdirməməyə çalışmışam. İstəməzdim ki, hansısa qadın uşağını atasız böyütsün.

 

 

Uğursuz ailə həyatı və ya kirayənişin xanım

 

 

Çox az adam bilir ki, müsahibimin başqa adı da var - Məlahət. Törə xanımın 2 əmisi Böyük Vətən müharibəsində həlak olub. Böyük əmisi isə xəstə olduğu üçün ailə həyatı qurmayıb. Nəslin tək davamçısı Adil kişi olub. Qəhrəmanımızın adını böyük əmisi qoyub. Törə ata nənəsinin adıdır. Buna kimi isə anası tərəf körpəyə Məlahət adını vermək istəyirmişlər. Ona görə uşaqlıqdan 2 adı var. Ata tərəf onu Törə, ana tərəfi isə Məlahət deyə çağırır. Hansı ad daha yaxşıdır? Törə xanım “Törə" deyir. Elə biz də.

 

Törə xanım 28 yaşında ailə həyatı qurub. 1997-ci ildə qızı dünyaya gəlib. Körpənin adını Ülviyyə qoyublar. Ailəsi, qızı haqqında özü danışsa, daha yaxşıdır: “Hərənin bir qisməti var həyatda. 1996-cı ildə ailə həyatı qurmuşam. Bilirsiniz, insana hər şeyi bağışlamaq olar, amma bilərəkdən edilən səhvləri yox. Mən bu cür səhvləri heç kimə keçə bilmirəm. Ailə həyatını gec qurmuşam, amma tez dağılıb. Qismətimə Ülviyyəni 4 yaşından tək böyütmək yazılıbmış. Qızım mənim hər şeyimdir. Allahdan hamıya onun kimi övlad arzulayıram. Həyatda Ülviyyəmlə nəfəs alıram. Körpəlikdən ağıllı, eynən mənim kimi çox sakit uşaq olub. 7 aylığında danışmağa, 8 aylığında isə yeriməyə başlayıb. 2 yaşı olanda rus dilində hecalaya-hecalaya oxuyurdu. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb Universitetinə sənədlərini verdi, lakin keçid balını toplaya bilmədi... BDU-nun biologiya fakültəsinin tələbəsi adını qazandı və cəmi 4 ay oxudu. Fakultəsi ürəyincə deyildi. Uşaqlıqdan həkim olmaq istəyirdi. Düzü, mən də qızıma dəstək oldum. Keçən il Meçnikov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinə qəbul oldu. Hazırda Sankt-Peterburqdadır. İngilis və rus dillərində sərbəst danışır. Ana üçün övladının uğurunu, xoş gününü görməkdən böyük xoşbəxtlik yoxdur"

 

Törə xanımın 2002-ci ildə “İki sahil"dən ayrılmasının səbəbini bilərəkdən yazının sonuna saxlamışdım. Səbəb qızı idi. 2003-cü ildə həkimlər 6 yaşlı Ülviyyənin bağırsaqlarında infeksion xəstəlik aşkarlamışdılar. Anasına hətta övladını itirmək təhlükəsi olduğunu demişdilər. Tənha qadın evini satıb və pulun böyük hissəsini övladının müalicəsinə xərcləmişdi. Və o vaxtdan bu günə kimi bir neçə il qohum evində və 4 ilə yaxındır ki, kirayədə qalır. Bayramınız mübarək, kirayənişin XANIM!

 

Söhbətləşdi: İlqar TAĞIYEV, «Het-trik news» qəzeti

 

 

P.S. Bayram günüdü, yazını “minor not”da bitirmək yaxşı düşməz. Törə xanımın danışdığı maraqlı, bir qədər də tragikomik əhvalatı nəql edim, dodaqlarımız “qaçsın”. Deməli, 6-cı sinifdə oxuyarkən dərs fasiləsi zamanı sinifdə uşaqlara oynayan qızcığaz havanın isti olduğuna görə pəncərəni açıb və onun bağlanmaması üçün arasına döşəmədəki parketdən bir hissəni qoyub. Necə olubsa, parket parçası 5-ci mərtəbədəki otaqdan aşağı düşüb və həyətdə olan uşaqlardan birinin qulağını kəsib. Qulağı sallanan uşağı həkimlər “tayqulaq" olmaqdan xilas ediblər. “Qulaqkəsən"i isə sinif rəhbəri Mənzər müəllimə yaxşıca danlayıb. Deyirəm, yaxşı ki, AFFA-nın döşəməci parketdən deyil. Yoxsa...


Digər xəbərlər

Xəbər xətti