Bakı 2017: Səbinə Əzimova bürünc medal qazandı - YENİLƏNİB

17:51 13 May 2017

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq.

 

Sportarena.az xəbər verir ki, onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.

 

Bu gün çəkisi 48 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Bu çəkidə Azərbaycanı Mərziyyə Məhərrəmova təmsil edib. O, birdən qaldırma hərəkətində 66 kq-ı ram edib. Qadın atletimiz təkanla qaldırma hərəkətində 85 kq-ı başı üzərinə qaldıra bilib.

 

Toplam 151 kq (66+85) nəticə göstərən Mərziyyə Məhərrəmova 48 kq çəki dərəcəsində 6-cı yeri tutub.


 

Çəkisi 53 kq olan qadınlar da körpücük üzərinə çıxıblar. Bu çəkidə Azərbaycanı Səbinə Əzimova və Gülçin Əlizadə təmsil edib.

 

Gülçin Əlizadə birdən qaldırma hərəkətində 70 kq-ı ram edib. O, təkanla qaldırma hərəkətində 86 kq-ı başı üzərinə qaldırıb. Toplam 156 kq (70+86) nəticə göstərən Gülçin bu çəki dərəcəsində 4-cü yeri tutub.

 

Səbinə Əzimova birdən qaldırma hərəkətində 75 kq-ın öhdəsindən gəlib. 17 yaşlı atletimiz təkanla qaldırma hərəkətində 101 kq-ı ram edib.

 

Toplam 176 kq (75+101) nəticə göstərən Səbinə Əzimova 3-cü yerə çıxıb və İslam Oyunlarında ilk medalımızı qazanıb.


Xəbər xətti