Paraqvay Avstriyada millimizlə oynamaq üçün 30 min avro istəyib? - MÜSAHİBƏ

14:35 6 İyun 2017

Klublarımız yeni mövsümün hazırlıqlarına start verib. Bəziləri artıq xaricə yollanıb, bir sıra klublar isə indilərdə toplanışa başlamalıdı.

 
Ölkə çempionu “Qarabağ” və gümüş medalçı “Qəbələ” digərlərindən fərqli olaraq, hazırlıq məkanı kimi Avstriyanı seçib. Əsas milli komandamızın, eləcə də U-21-in də bi ölkəyə üz tutması təsadüfi deyil. Bütün səfərlərin təşkilində bir adamın müstəsna rolu var və o, 10 ildən çoxdu bizimkilərlə işləyir.

 
Coşqun Yılmaz Türkiyəni Avstriyaya dəyişərək özünə məşğuliyyət seçib, işini qurub. Dünyanın dörd bir yanında geniş şəbəkə qurub və əla menecerlik edir. Onu axtarmağımızın səbəbi də klublarımızla, yığmalarımızla bağlı söhbət etmək idi.

 
Coşqun bəy bizimlə söhbətə həvəslə razılaşdı. Azərbaycanı çox sevən, istiqanlı biridir. Hətta dilimizi də klublarımızda, AFFA-da çalışan bir çox rusdillidən daha yaxşı bilir.

 
- “Qəbələ” və “Qarabağ” artıq sizinlə anlaşıb və bu yay onlara yardım edirsiz. Əvvəllər də “Xəzər Lənkəran”la münasibətləriniz olub. Bizimkilərlə işləmək rahatdımı?
- “Xəzər Lənkəran” mənim birgə işlədiyim ilk komandadır. Daha sonra “Neftçi” ilə 5 il çalışdım. Bakı klubu ölkə tarixində ilkə imza atan, Avropa Liqasında qrupa düşən ilk komandadır. Amma “Xəzər Lənkəran” mənim bu işdə uğurlu olmağıma səbəb olan gözəl bir klub idi. Etiraf edirəm – mən Azərbaycan insanının çörəyini yeyirəm. Bu sahədə bütün uğurlarıma görə Azərbaycan komandalarına borcluyam. Onlar olmasa, mən bu qədər böyük işlər görə bilməzdim. Lənkəran klubunun həyatımda böyük yeri var, amma mən “Neftçi” heyranıyam. Hazırda çox uğurlu olan “Qarabağ” və “Qəbələ” də var – onlar ölkəni Avropada layiqincə təmsil edirlər.

 
- Yalnız bizim komandalarla işləyirsiz?
- Yox. Türkiyə, Almaniya, İspaniyanın elita klubları, nüfuzlu ərəb komandaları ilə iş birlindəyəm. Yayda bu say 90-dan çox olur.

 
- Yalnız toplanışların təşkili ilə məşğulsuz, yoxsa sınaq matçları üçün rəqibləri də siz seçirsiz?
- Hamısı. Avstriyaya gələn komandaları bir-biri ilə oynadıram.

 
- Deməli, artıq “Qarabağ”la “Qəbələ”nin rəqiblərini də dəqiqləşdirmisiz…
- Bəli. Amma bunu mənim açıqlamam düzgün olmaz, klublar desin. Hərəsindən birini deyim. Məsələn, iyunun 15-də “Qəbələ” “Terek”lə oynayacaq, “Qarabağ” da Moskva “Dinamo”su ilə üz-üzə gələcək.

 
- Klublarımızla işlərkən yəqin ki, fərqi hiss edirsiz. Bir neçə il öncə bizimkilər daha səxavətli idi – xüsusilə də “Xəzər Lənkəran”…
- “Xəzər Lənkəran”a minnətdaram, uğurlarımın əsas səbəbkarıdı. Ümumiyyətlə, Azərbaycan klubları, insanı ilə işləməkdən zövq alıram. Doğrusu, özümü də azərbaycanlı kimi hiss edirəm.

 
-  Digər klublarımızdan gəlmək istəyən varmı? Vaxtilə “Neftçi” ilə işləmisiz…
- “Neftçi”, ahhhh “Neftçi”. Əlimdən gələnin artığını etmək istəyirəm, amma “Neftçi”nin ciddi maliyyə problemləri var. Hətta onlara sponsorluq təklif etdim, toplanışın xərclərinin yarısını qarşılamaq istədiyimi bildirdim. Bu klubu o qədər çox sevirəm. Qərarı onlar verəcək. İndidən İtaliya “Torino”su ilə yoldaşlıq matçını razılaşdırmışam. İtalyanlar razılıq verib, “Neftçi” Avstriyaya gələ bilsə, oyun reallaşacaq. “Beşiktaş”la matç da mümkündü. “Neftçi” Azərbaycan tarixi üçün önəmli klubdu, ona barmaqarası baxa bilmərəm. “Neftçi” markadı və onu Avropada hamı tanıyır. Bakılılarla bu gün (dünən – red.) danışdım, təklif göndərdim, inşallah gələcəklər.

 
- Avstriyada toplanış keçirmək üçün xərclər nə qədər olur? Çox bahalıdımı?
- Bura Avropanın bahalı ölkələrindən biridi, amma mən hər zaman bizim komandalar üçün ən uyğun şərtləri seçirəm. Büdcəyə görə hərəkət edirik. Azərbaycan klublarından pul qazanmaq çox da önəmli deyil, vaxtilə qazanmışam. İndi qardaş kimi kömək etməyə çalışıram. Digər ölkələrdən qazandığım mənə bəs edir. Konkret rəqəm açıqlamayacam. Bu, klublarınızla mənim aramda olan bir məsələdi. Azərbaycanda iqtisadi böhranın yaşandığının fərqindəyəm.

 

- Digər ölkə təmsilçiləri bizimkilərlə qarşılaşmağa isti yanaşırmı?
- Hətta böyük komandalar da imtina etmir. 10 il öncə çox çətin idi, kimsə Azərbaycanda komanda tanımırdı, mən yalvarırdım, kimsə oynamaq istəmirdi. İndi isə istənilən komanda ilə oyun təşkil edə bilərəm. “Beşiktaş” “Neftçi”, “Simurq”la oynamağa razılıq verdi və heç birini yenə bilmədi. Bakı klubu Azərbaycanı burada tanıtdı, indi də “Qarabağ” heç kimin imtina etmədiyi komandadı. Onların istənilən komanda ilə matçını təşkil edə bilərəm. “Qəbələ” də əla komandadı, onlarla işləmək üçün 10 il səbr etdim və nəhayət, istəyimə çatdım.

 
- Robert Prosineçki ile fotonuzu gördüm. Milli komandamızla da işbirliyiniz olmalıdı.
- Milli komandayla 2008-ci ildən işləyirəm. İlk matçı Hondurasa qarşı təşkil etmişdim. Daha sonra Makedoniya, Serbiya ilə oyun oldu.

 
- Bugünkü 0:5 hesablı məğlubiyyətlə bitən oyunu da siz təşkil etmişdiz?
- Bəli, U-21 yığmanızın Çexiya ilə matçını mən təşkil etmişdim və iyunun 8-də onlarla daha bir oyun olacaq. Oyunda idim, məğlubiyyət önəmli deyil, oyunun keyfiyyətini düşünməliyik. Bu gənclər güclü rəqiblərlə oynamalı, təcrübə toplamalıdılar. Zəif rəqiblərlə oyunlarda özümüzü aldatmaq olmaz. Reallığı qəbul etməliyik. Heç bir komandanı kiçik görmürəm, amma İslamiadada yendiyiniz Oman harada, Çexiya harada? Bu rəqib Almaniya 21 yaşlılarını da udmuşdu. Güclü rəqib olmadan gücünü bilməzsən.

 

- Prosineçkiylə görüşdə Türkiyə variantı haqda danışdızmı? Onu “Birsaspor” başda olmaqla, bir çox klubun istəməsi haqda söhbətlər gəzir.
- Buna mən bir şey deyə bilmərəm, bu barədə danışmağım da doğru deyil. Şəxsi fikrimdi ki, Azərbaycan millisində qalmalıdı. Ona orada ehtiyac var və yaxşı işlər görür. Milli komanda onunla yüksəlişdədi, davamını gətirmək lazımdı.

 
- Milli komandamızın toplanışını da siz təşkil etmişdiz. Niyə sınaq matçı keçirmədilər? Rəqib tapa bilmədiz, yoxsa özləri istəmədi?
- Bu suala cavab vermək istəmirəm. Rusiya millisi də gəlib 12 gün qaldı, oyun keçirmədi, gedib evində oynadı. Bəzən komandalar oynamaq istəmir.

 
- Məncə, toplanış üçün zaman düzgün seçilməmişdi. Rəqib tapa bilərdiz, bu işlərdə peşəkarsız…
- (sualdan yayınır – müəl.) Bizim uşaqlar Allaha inanan insanlardı. Şimali İrlandiya ilə oyunda yardım Allahdan gələcək. Bu oyun çox önəmlidi, heç-heçə bitəcəyi ürəyimə damıb. Düzdü, sınaq oyunu olsaydı, güclərinə bir daha baxa bilərdilər, amma alınmadı. Bu gün U-21 çexlərlə oynadı, sosial şəbəkədən izləyirəm, hamı tənqid edir. Oynasan da suç, oynamasan da (gülür – müəl.). Keçən il Andorra, Makedoniya və Kanda ilə oynadıq, bu dəfə alınmadı.

 
- Bizimkilərlə eyni vaxtda Rusiya və Ukrayna da Avstriyada idi. Onlar da oynamaq istəmədi?
- Bu il işlədiyim yığma komandalardan toplanışa gələn az idi – Rusiya, Ukrayna və Malta vardı. Hər il 11-12 komanda olurdu, bu dəfə say az idi. Paraqvay Azərbaycan millisi ilə oynamaq istəyirdi, mən icazə vermədim. Onlar 30 min avro istəyirdi, razı olmadım. Onlarla oyun üçün bu qədər pul xərcləməyə dəyməzdi. Camaat “pul” deyib, yanır, millətin pulunu hər yoldan keçənə vermək olmaz. (Futbolinfo.az)


Xəbər xətti