Qara statistika: Vaxtsız ölən legionerlər - YAZI

13:46 13 İyun 2017

Dünən vətəni Braziliyada avtomobil qəzası keçirib, həyatla vidalaşan Jonas Pessallinin ölümü təkcə ölkəsində deyil, elə Azərbaycanda da şok effekti verdi. Çünki hücumçu azarkeşlərimizə yaxşı tanış idi.
 
27 yaşlı hücumçu ötən mövsüm Azərbaycan Premyer Liqasında “Neftçi”nin heyətində meydana çıxmış və qollar vurmuşdu. Ötən ilin oktyabrında “ağ-qaralar”a azad agent kimi keçən hücumçu burada çıxış etdiyi 2 ay ərzində 7 çempionat matçında 1 dəfə fərqlənmişdi. O, azarkeşlərin yaddaşında daha çox Zirədə - kubok matçında etdiyi het-triklə yadda qalmışdı. Qışda öz istəyi ilə komandadan ayrılan futbolçu karyerasını vətənində davam etdirmək istəmişdi...
 
Pessalli Azərbaycan çempionatında çıxış edib, cavan yaşda həyatıla vidalaşan ilk legioner deyil. Ona qədər də bir neçə futbolçu bu cür aqibətlə üzləşib. Bu yazıda Azərbaycan Premyer Liqasının nakam legionerlərindən bəhs edəcəyik.
 
Birvaxtlar Kiyev “Dinamo”sunda çıxışı ilə məşhurlaşan Valentin Belkeviç də məhz belələrindəndi. Belaruslu yarımmüdafiəçi uzun sürən parlaq karyerasına məhz Azərbaycanda son qoymuşdu. 2008/09 mövsümünün ilk yarısını “İnter”də keçirən Belkeviç karyerasını başa vuraraq məşqçiliyə başlamışdı. O, 2014-cü ilin avqustunda ürəyində yaranan problem üzündən gözlərini əbədi yumdu.
 
Maraqlıdı ki, müxtəlif səbəblərdən həyatını itirən 8 futbolçu son 1 ildə bu bədbəxtçiliklə üzləşib. İlk belə xəbərə ötən ilin avqustunda üzülmüşdük. “Zaqatala”da çıxış edən nigeriyalı Maykl Umanyika “ağ-yaşıllar”ın məşqində ürəyində yaranan trombdan vəfat etmişdi. Məşqin gedişində məşqçilər və komanda yoldaşlarının gözü qarşısında can verən futbolçu həyatla vidalaşmışdı.
 
Umanyikanın ölümündən 1 ay sonra – sentyabrda Artyom Bezrodnı öldü. Birvaxtlar Moskva “Spartak”ının şərəfini qorumuş, hətta Leverkuzen “Bayer”ində oynamağa macal tapmış futbolçu 2005-ci ildə İmişlinin “MKT Araz” klubuna transfer olunmuşdu. Burada ümidləri doğrultmayan və hətta deyilənlərə görə, İmişli qəbirstanlığında yatan yarımmüdafiəçinin Azərbaycan karyerası cəim 4 oyun çəkmişdi. Ölkəmizdən ayrıldıqdan sonra bir də heç vaxt peşəkar səviyyədə karyerasını davam etdirməyən Bezrodnı həyatının sonuna kimi ölkəsinin müxtəlif həvəskar komandalarnda top qovdu. O, səhər qaçışından evə döndükdən sonra vəfat etdi.
 
2016-nın noyabrında Sudamerikana kubokunun final matçı üçün Kolumbiyaya gedən Braziliyanın “Şapokoense” klubunun futbolçu və məşqçilər heyətini daşıyan təyyarə Medelyin yaxınlığında qəzaya uğramış və komandanın böyük əksəriyyəti hadisə nəticəsində həlak olmuşdu. Ölən futbolçulardan məhz 2-nin yolu birvaxtlar Azərbaycan Premyer Liqası ilə kəsişmişdi. Belə ki, Felipe Maşado 2010/11 mövsümündə “İnter”də, Tieqo Jesus isə 2014/15 mövsümündə “Xəzər Lənkəran”da çıxış etmişdi. Maşado “bankirlər”də karyerası elə də uğurlu alınmadığından komandanı tərk etmişdisə, Tieqo “ağ-yaşıllar”ın iddiasını azaltması və strategiyasını dəyişməsi səbəbindən göndərilmişdi.
 
Ölənlər təkcə Premyer Liqa və divizionla kifayətlənmir. Həvəskarlar liqasında mübarizə aparan “Sabunçu”nun da 3 futbolçusu bu ilin yanvarında Bakıda dəm qazından boğularaq vəfat etmişdi. Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata olan bu futbolçuların hər üçü Kamerun vətəndaşı idi.
 
Siyahıdan da göründüyü kimi, son 1 il yolu buradan düşənlər üçün elə də uğurlu olmadı. Hələ bura millimizin ilk əcnəbi baş məşqçisi olan və noyabrda dünyasını dəyişən braziliyalı Karlos Alberto Torresi də saysaq, siyahı daha da böyüyər.
 
 
ELMAR ABDULLA-ZADƏ, Futbolinfo.az


Xəbər xətti