Ayxan Abbasov: "Tam hazır deyildik" - MÜSAHİBƏ

23:29 29 İyun 2017

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda evdə “Differdanj”ı 2:0 hesabıyla məğlub edən “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Belə oyunu gözləyirdik. Çətin olacağını bilirdik. Tam hazır deyildik. Bəzi oyunçular var idi ki, düşərgəyə gec qoşulmuşdular. Rəqibin müdafiədən oynayacağını bilirdik. İlk hissədə qol vurduğumuzdan ikinci hissədə bir qədər sərbəst oynadıq. Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm. Artıq ikinci oyuna hazırlaşacağıq. Rəqib evdə daha yaxşı oynayır.

 

- Sanki müdafiədə həyəcan hiss olunurdu...
- Bu, ilk dəqiqələrdə oldu. Ola bilsin həyəcandan olub. İstəyirdim ki, komandanı oyuna rahat çıxaraq. Lakin futbolçuların üzərində gərginlik var idi. Ancaq ikinci hissədə biz daha yaxşı oynadıq. 3 yüzfaizli qol fürsətimiz oldu. İlk rəsmi oyunumuz idi. Müdafiədə iki yeni futbolçumuz var. Bu səhvlər normaldı, çalışacağıq ki, gələcəkdə olmasın.

 

- Yarımmüdafiənin mərkəzindəki oyundan razı qaldız?
- Bütün komandadan razıyam. Birinci hissədə bir qədər Orxan Əliyevdən razı qalmadım. Oyunun havasına uyğunlaşa bilmədi. Anar Nəzirov normal çıxış etdi. Təmkin Xəlilzadə bir qədər ondan gözlənilən oyunu göstərmədi. Ötən mövsümdə çox yaxşı çıxış etmişdi deyə, ondan çox şey tələb olunurdu.

 

- Komandanın əsas çatşmazlığı nədədi?
- Əsas çatışmazlıq qarşılıqlı anlaşmadadı. Bu da, komandanın yeni olmasıyla bağlıdı. Fikrimcə, çox oyun keçirdikcə bu çatışmazlıq da aradan qalxacaq.

 

- Yeni transferlərdən razı qaldız?
- Onları bəyənib komandaya cəlb etmişik. Belfor bu gün qol vurdu, Rəşad da, Matey də, Manqa da yaxşı çıxış etdi.

 

- Rəşad Sadiqovu niyə ikinci hissədə meydana buraxdız?
- Rəşad zədəli idi. Həm də, ikinci hissədə bizə topla oynayan futbolçu lazım idi. Çünki rəqib müdafiədən oynayan komandadı. Əvvəlcədən onu ikinci hissədə buraxmağı planlaşdırmışdıq.

 

- Dünən qeyd etmişdiz ki “Astra” barədə düşünmürəm. Bu gün necə?
- Məncə, rəqibi gördükdən sonra razılaşarsız ki, hələ heç nə bəlli deyil. İkinci oyuna ciddi hazırlaşmalıyıq. Orda bizi çətin oyun gözləyir.


Xəbər xətti