Mamrot: "Arazı, Filip Ozobiçi və ..." - MÜSAHİBƏ

00:03 13 İyul 2017

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda sabah “Qəbələ”nin qonağı olacaq Polşa “Yagelloniya”sının baş məşqçisi İreniuş Mamrot oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Biz bura çox güclü rəqiblə oynamaq üçün gəlmişik. "Qəbələ" yaxşı komandadı. Sabahkı oyunda hər şey məlum olacaq. Ən əsası uduzmamağa çalışacağıq.

 

- “Qəbələ”nin oyunlarını izləmisiz?
- Rəqibin oyunlarını izləmişəm. Bu komandada əsasən, Araz Abdullayevi, Filip Ozobiçi və əlbəttə ki, baş məşqçi Roman Qriqorçuku fərqləndirərdim. Ancaq “Qəbələ” komanda oyunu sərgiləyir. Rəqibin cəmi 3 oyununu izləmişik. Əsasən mərkəz müdafiəçilərini qeyd edərdim. Təəssüf ki, rəqib ikinci təsnifat mərhələsindən mübarizəyə qoşuldu. Buna görə, bu komanda barədə elə də çox məlumata sahib deyilik.

 

- Sizcə, bu komandalar arasında hansı oyun həlledici olacaq?
- Çox güman ki, Polşadakı oyunda hər şey həll olunacaq. Çətin ki, ilk oyunda hər şey həll edilsin. Çünki hər iki komanda bərabər səviyyəlidi. Belə oyunlarda adətən, ilk matçda cütün taleyi həll edilmir.

 

- “Qəbələ”də əvvəllər polşalı futbolçular - Pavel Kapsa və David Pietrzkieviç çıxış edib. Onlardan məsləhət almısız?
- Kapsa burda uzun müddət öncə oynayıb. O ki qaldı Pietrzkieviçə, onunla şəxsi tanışlığım yoxdu.

 

- Avropa Liqasında əsas hədəfiniz nədi?
- Hazırda əsas məqsədimiz bu mərhələni keçməkdi. Hər dəfə mərhələ keçdikcə bu iddiamız artacaq.

 

- Uzun yol sizə necə təsir edib?
- Bunun oyunumuza təsir edəcəyini düşünmürəm. Səyahətimiz uzun olsa da, rahat olub.

 

- Şansları nə qədər dəyərləndirərdiz?
- Məncə, şanslar 50-50-di.


Xəbər xətti