Ayxan Abbasov: "Öz hakimlərimizə şükür edirəm"

02:11 21 İyul 2017

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Astra”yla qolsuz bərabərə qalaraq mübarizəni dayandıran “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Belə oyundan sonra danışmaq çətindi. Oyunun çətin keçəcəyini bilirdik. Bizə qol lazım idi. İlk dəqiqələrdən yaxşı imkanlarımız oldu. Lakin təəssüf ki, istifadə edə bilmədik. Turnir bizim üçün bitdi. Futbolçulara təşəkkür edirəm. Çətinliklərimiz olsa da, bunların öhdəsindən gələ bildik. Bu, “Zirə” klubu üçün yaxşı təcrübə idi. Bu oyunu unudub, çempionata hazırlaşacağıq. Növbəti mövsümdə gərgin çempionat keçəcək. Məncə, Azərbaycanı yaxşı təmsil etdik. Rəqibi də mərhələni keçmələri münasibətilə təbrik edirəm.

 

- Hakimlik barədə nə deyə bilərsiz?
- Özümə söz vermişəm ki, hakimlik barədə danışmayacam. Lakin ordakı oyunda da belaruslu hakimlər düzgün qərarlar verməmişdi. Rəqibin vurduğu qolda ofsayd var idi. Bu gün də həmçinin. Düzdü, hakim oyuna ciddi təsir etmədi. Lakin bir çox səhv qərarlar verdi. Düşünmürəm ki, qərəzli olsun. Həmişə bizim hakimləri tənqid edirlər. Lakin bu cür hakimliyi gördükdən sonra öz hakimlərimizə şükür edirəm.

 

- Bu gün komanda cinahlarda çox zəif görünürdü...
- Məncə, tam əksinə, bu gün əsas oyunumuzu cinahlardan qururduq. Ancaq komandada son zərbədə çatışmazlıq var idi. Sadəcə, qol vura bilmədik.

 

- İlk hissədə komanda yaxşı təsir bağışlasa da, ikinci hissədə bunu görmədik.
- İkinci hissədə eyni tempi saxlamaq çox çətin idi. Havanın isti olmasının da təsiri var idi. Həmçinin, ilk hissədəki oyunumuzu sərgiləyə bilməməyimizin əsas səbəblərindən biri də rəqibin fasilədən sonra müdafiəyə daha çox diqqət ayırması idi.


Xəbər xətti