Vaqif Cavadov karyerasını bitirir? - ÖZƏL

12:19 5 Avqust 2017

Azərbaycan millisinin sabiq üzvü Vaqif Cavadovun klubsuz günləri davam edir.

 

Sportarena.az xəbər verir ki, geridə qalan 2 ay ərzində özünə klub tapa bilməyən təcrübəli yarımmüdafiəçiyə yaxın duran tapılmır. 29 yaşlı futbolçunun adı bir müddət Türkiyə və Rusiya klubları ilə yanaşı hallansa da, sonda bu xəbərlər əsassız çıxdı.

 

Bir vaxtlar milli komandanın aparıcı üzvlərindən olan Cavadovun gələcək karyerası qaranlıqdı. Artıq o da mövcud vəziyyətlə yavaş-yavaş barışmağa başlayıb. Futbolçuya yaxın şəxslərdən birinin saytımıza verdiyi məlumata görə, Vaqif artıq futbolçu karyerasını başa vurmaq barədə düşünməyə başlayıb. Belə ki, o, yay transfer pəncərəsinin sonuna qədər yeni klub tapmasa, bu barədə qərarını açıqlayacaq.

 

Məsələyə münasibət bildirmək üçün Vaqiflə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz alındı. Görünən odu ki, 29 yaşlı futbolçu hələ ki susmağı üstün tutur.

 

Qeyd edək ki, Vaqif Cavadov son olaraq Premyer Liqanı tərk edən AZAL-da (İndiki "Şüvəlan") çıxış edib. Ötən mövsüm qış fasiləsi zamanı "Sumqayıt"dan ayrıldıqdan sonra özünə klub tapa bilməyən Cavadov AZAL-da pulsuz çıxış etməyə razılıq vermişdi.


Xəbər xətti