Sadıqov: "Şahin Diniyevə təşəkkür edirəm" - AÇIQLAMA

14:30 20 Avqust 2017

Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Sumqayıt” ilə oyunda “Kəpəz”in heyətində meydana çıxan yeni transferlərdən biri də İlkin Sadıqov oldu.

Komanda.az xəbər verir ki, Gəncə klubunda ilk rəsmi matçını keçirən gənc futbolçu çempionatda debüt etdi. Sadıqov debütü ilə bağlı klub saytına açıqlama verib:

 

“Çempionatın start oyunları həmişə çətin alınır. Düşünmürəm ki, pis oynadıq, yaxşı çıxış etdik. Sadəcə, mövqe səhvlərindən qollar buraxıb uduzduq. Öz oyunuma gəlincə, ilk yarıda istənilən kimi oynamadım, amma fasilədən sonra özümü yaxşı tərəfdən göstərməyə başladım. Həyəcan yox idi, sadəcə, ilk oyunun çətinliyi vardı. Birinci hissədə komanda yoldaşlarım üçün də oynamaq çətin idi. Onlar da mənim kimi hissələrarası qısa istirahətdən sonra öz oyunlarını tapdılar. Qol vurub hesabı bərabərləşdirdik. Lakin 1:1 hesabını qoruya bilmədik”.

 

Sadıqov “Kəpəz”in heyətində birinci rəsmi oyununu keçirməklə yanaşı, ilk dəfə Premyer Liqa matçında mübarizəyə əsas heyətdə başlayıb. Belə ki, o, “İnter”in şərəfini qoruduğu vaxtlarda yalnız əvəzetmədən meydana daxil olub: “İnter”in heyətində sonradan meydana çıxıb 15-20 dəqiqə oynamaq şansı qazanırdım. “Kəpəz”də isə məqsədim davamlı əsas heyətdə oynamaq, ilk “11-lik”də yer almaqdı. Məşqçilərin etimadını qazanmaqla buna nail olmaq olar. Hər şey özümdən asılıdı. Şansı mənə baş məşqçimiz verib. Buna görə Şahin Diniyevə təşəkkür edirəm. Yaradılan imkanı lazımınca dəyərləndirməyə çalışacağam. “Kəpəz”in heyəti yenilənib. Komandaya yeni gələn futbolçulardan biri də mənəm. Vaxta ehtiyac duyuruq, zamanla hər şey yoluna düşəcək. Məqsədimiz bürünc medalları qazanmaqdı. Bunun üçün layiqli çəkildə mübarizə aparmağa çalışacağıq”.


Xəbər xətti