PSJ-də yeni transferlərin qruplaşması - Yenə Kavaniyə qarşı - VİDEO

14:12 18 Sentyabr 2017

Yay transfer dönəmində diqqəti cəlb edən PSJ-də hər şey qaydasında deyil.

 

Sportarena.az xəbər verir ki, PSJ qələbələri sıralasa da, komandanın düşərgəsində ab-havanın yaxşı olmadığı hiss edilir. Fransa çempionatının 6-cı turunda “Lion”la keçirilən oyunda PSJ-də qruplaşmanın olduğunu hər kəs görüb.

 

PSJ cərimə zərbəsi yerinə yetirmək istəyərkən Dani Alveşlə Edinson Kavani arasında gedən çəkişmə diqqətdən yayınmayıb. Cərimə zərbəsini Kavani yerinə yetirmək istəyib. Ancaq Alveş topu ona yox, həmyerlisi Neymara verib. Braziliyalı isə cərimə zərbəsini qola çevirə bilməyib.

 

PSJ-in 2:0 hesabı ilə qalib gəldiyi oyunda hər iki qolu “Lion”un futbolçuları öz qapılarına vurublar.

 

Qeyd edək ki, PSJ-də daha öncə də belə qalmaqallar yaşanıb. Belə ki, komandanın sabiq futbolçusu Zlatan İbrahimoviç komanda üzvlərinə təzyiq göstərərək Kavaniyə qarşı qruplaşma yaratmışdı. Klub rəhbərliyi futbolçulara dəfələrlə xəbərdarlıq etdikdən sonra vəziyyət müəyyən qədər sabitləşmişdi. Bununla belə, İbrahimoviçin komandadan göndərilməsi qərarı verilmişdi.

 


Digər xəbərlər

Xəbər xətti