Mahir Mədətov: "Söyüş söydü və dedi ki..."

00:55 28 Sentyabr 2017

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ikinci oyununu keçirən “Qarabağ” yenə məğlub oldu - 1:2.

 

Sportarena.az xəbər verir ki, matçdan sonra təmsilçimizin hücumçusu Mahir Mədətov jurnalistlərin suallarını cavablandırıb.

- Oyunla bağlı təəssüratlarınız necədi?
- Hər şey gözünüzün qabağında baş verdi. Evdə oynadığımız hiss olunurdu. Rəqibdən qorxmadıq, çəkinmədik. Deməzdim ki, onlar bizdən dəfələrlə üstün idilər. Xeyr, bir-iki epizod oldu ki, səhvə yol verdik və rəqib qol vurdu. Biz də əlimizdən gələni etdik ki, nəticəni xeyrimizə çevirək. Bunun üçün imkanlarımız da oldu.

- Öz oyununuzdan necə, razı qaldınız?
- Bilin ki, öz oyunumdan heç vaxt razı qalmamışam. Razı qalmağım da düzgün deyil.

- Oyundan əvvəl “Roma” tərəfinin həm də sənin oyununu izləyəcəyi məlum idi. Bu amil çıxışına necə təsir etdi?
- “Qarabağ”ın futbolçusuyam və komandama necə faydalı ola bilərəm, onun yollarını düşünürəm. Ola bilsin, bu kiminsə uydurması və ya şaiyəsidi…

- Xeyr, bunu “Roma” klubunun rəsmisi açıqlamasında deyib...
- O deməmişdi maraqlanırıq, demişdi ki, izləmək maraqlı olardı.

- İzlənilənlər sırasında idiniz…
- Bu haqda düşünməmişəm. Meydana çıxmışamsa, komandama kömək etməliyəm.

- Bəs meydanda rəqib futbolçu ilə niyə mübahisə edirdiniz?
- Söyüş söydü və dedi ki, topa oyna, mənə deyil. Sonra xırda narazılıq yaşandı. Baş məşqçi bununla bağlı heç nə demədi.

- “Qarabağ” Bakı Olimpiya Stadionunda ilk dəfə oynayırdı. Tofiq Bəhramov adına Respublika stadionu ilə müqayisədə fərq hiss olunurdumu?
- “Tofiq Bəhramov” bizə daha doğma, yaxındı. Burda ilk dəfə çıxış edirdik.

- Doğmalıq nədə hiss olunur? Halbuki bu gün sizi daha çox azarkeş dəstəkləyirdi…
- Atmosferdən tutmuş ot örtüyünə qədər fərq var. Deməzdim narahatdı, sadəcə ora öyrəşmişik. Neçə ildi avrokubok oyunlarımızı həmin stadionda keçiririk. Azarkeş sayına gəldikə, bugünkü yaxşı çıxışımızda onların da payı danılmazdı.


Xəbər xətti