AFFA "Kəpəz"i cəzalandırdı - Meydança sulanmadığına görə

14:12 8 Noyabr 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan  Premyer Liqasının 11-ci turunun “Kəpəz” - “Qarabağ” matçında “Kəpəz” meydanı sulamadığına görə klub 800 manat cərimə olunur.

 

Premyer Liqanın 11-ci turunun “Zirə” - “Neftçi” matçında “Neftçi” klubunun azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan əsasında “Zirə” klubunun təqdim edəcəyi hesab “Neftçi” klubu tərəfindən ödəniləcək.

 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 11-ci turunun “Sumqayıt” - “Keşlə” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur. Oyunun 78-ci dəqiqəsində “Keşlə” klubunun futbolçusu Sərtan Taşkın ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur. Oyunun 84-cü dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Elsevər Bəkirzadə hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 1600 manat cərimə olunur. Oyunun 85-ci dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Ceyhun Rəcəbli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

 

Azərbaycan Birinci divizionun 6-cı turunun “Ağsu” - MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Birinci divizionun 6-cı turunun “Xəzər” - “Binə” matçında “Xəzər” və “Binə” klublarının 4 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.

 

Birinci divizionun 6-cı turunun “Turan Tovuz” - “Sabah” matçında “Sabah” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.


Digər xəbərlər

Xəbər xətti