Rizvan Fərzəliyev: "Avropa çempionatına kimi səhvləri düzəltmək lazımdı"

Sportarena.az      6 Dekabr 2018, 16:57

İranda təşkil edilən futzal üzrə beynəlxalq turnir çərçivəsində İran və Qazaxıstan milliləri ilə 3:3 hesablı heç-heçə edən, Rusiyaya isə 3:4 hesabı ilə məğlub olan və yekunda üçüncü pillədə yer alan Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev AFF-nin mətbuat xidmətinə müsahibə verib.

 

Sportarena.az müsahibəni təqdim edir:

- Qazaxıstanla oyunda fasiləyə 2:0 hesabı ilə öndə yollansanız da, ikinci hissədə ardıcıl 3 top buraxıb hesabda geri düşdünüz. İkinci hissədə oyununuz niyə alınmadı?
- Oyunumuz gərgin keçdi. Amma yaxşı başlamışdıq. Yaxşı başlanğıcın nəticəsi olaraq 2:0 hesabı ilə önə keçdik. İkinci hissədə isə davamını gətirə bilmədik. Yorğunluq və səhvlərimiz nəticəsində rəqib hesabı xeyrinə dəyişdi. Son dəqiqədə məğlubiyyətdən qaça bildik, hətta qələbə qazanmaq da mümkün idi. Bizim üçün vacib turnir idi. Nə qədər belə güclü rəqiblərlə qarşılaşsaq, ancaq faydasını görəcəyik. Rəqiblərimizin hamısı dünya futzalında sayılıb-seçilən yığmalardandı.

- İkinci hissədə baş verənlər yalnız yorğunluqla bağlı idi, yoxsa rəqibin qapıçıdan da meydan oyunçusu kimi istifadə etməsinin də təsiri oldu?
- Qazaxıstan millisi hər zaman bu qapıçının gücündən meydan oyunçusu kimi istifadə edir. Bu gün də belə oldu. 40 dəqiqəni sanki azlıqda keçirdik. Belədə sona qədər güc sərf etmək çətindi.

- Turnir çərçivəsində millinin keçirdiyi digər oyunları və nəticəni necə dəyərləndirirsiz?
- Hər 3 oyun bizim üçün vacib idi. Biz belə turnirlərdə az iştirak edirik. İran tərəfinə dəvətə görə təşəkkür edirik. İlk oyunda İrana qalib gələ bilərdik. Rəqibimiz sonda turnirin qalibi olmaqla gücünü göstərdi. Rusiya, həmçinin Qazaxıstanla qarşılaşmada isə üstünlük qazanmağa yaxın idik. Ancaq səhvlərimiz buna imkan vermədi. Avropa çempionatı üçün yaxşı sınaq oldu. Səhvlərimizi aradan qaldırmalıyıq.

- Hansı səhvlər özünü qabarıq şəkildə büruzə verdi?
- Müdafiədə səhvlər etdik və boşluqlara yol verdik.

- Yorğunluğa çempionat oyunlarındakı zəif tempin təsiri varmı?
- Cari mövsümdə çempionatımız maraqlı keçir. İrəliləyiş var. Artıq digər rəqiblər “Araz”la rəqabət aparırlar, müqavimət göstərirlər. Həm də bu turnirdə heyətimizdən tam istifadə edilməməsi, eyni oyunçuların daha çox meydanda olması yorulmağımıza təsir etdi. 6-7 nəfərə çox güc düşdü və sonda bu, təsirini göstərdi. Ümumi götürdükdə, hər 3 oyun maraqlı keçdi. Baş məşqçi də qismən razı qaldı. Səhvlərdən nəticə çıxarmaq, Avropa çempionatına qədər bunu düzəltmək lazımdı.

- UEFA kubokunda “Araz”ın uğursuz çıxışı, eləcə də millinin bazası hesab edilən bu komandanın çempionatda istənilən səviyyədə çıxış etməməsi bir narahatlıq yaratmışdı. Ancaq turnir Avropa çempionatına ümidləri artırdı…
- Bəli, bu turnir ümid verir. Komandada özünəinam artıb. Nəticələrimiz də bunu deməyə əsas verir. Bu komandalardan 3-ü Avropa çempionatında çıxış edəcək. Yalnız İran digər qitə birinciliyində yarışır.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin