Samir Əliyev: "Meydanda olan mən deyildim"

22:22 8 Dekabr 2017

Azərbaycan Premyer Liqasının 4-cü turundan təxirə salınmış oyunda evdə “Qarabağ”a uduzan (0:2) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Əliyev əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- Pis oynamadıq. Qol vəziyyətləri də yaratdıq, lakin istifadə edə bilmədik. Rəqibin səviyyəsi göz qabağında idi.

 

- Oyunun gedişində elə təəssürat yarandı ki, sanki, siz meydanda olsaz, bu fürsətləri daha yaxşı dəyərləndirə bilərdiz...
- Meydanda olan mən deyildim. Əlimizdə olan futbolçular isə bunlardı. İrəli baxmalıyıq. Çalışacağıq ki, öz üzərimizdə daha çox işləyək. Heyəti gücləndirmək istəyirik. Bir neçə futbolçunu diqqət mərkəzində saxlamışıq.

 

- Bu gün Nurlan Novruzovu əvəzlədiz, keçən oyunda isə Amit Quluzadəni əvəzləmişdiz. Demək olar ki, bu oyunçular artıq “qara siyahı”ya düşüb?
- Oyunçular məndən onlara şans verməyimi istəyirlər. Mən də şans verirəm. O ki qaldı onları əvəzləməyimə, zəif oynayırlar ki, əvəzləyirəm.

 

- “Səbail”in əsas məqsədi milli komandalar üçün oyunçu yetişdirməkdi. Komandanın qarşısına konkret vəzifə qoyulmayıb. Bu, komandanı əlavə təzyiqdən azad etmir ki?
- Xeyr. Qarşımıza hədəf qoyulmayıbsa, o demək deyil ki, çıxıb uduzmalıyıq. Çalışırıq ki, öz oyunumuzu daim inkişaf etdirək, əlimizdə olan istedadlı oyunçulardan yaxşı istifadə edək. Komandaya yeni, istedadlı oyunçular da cəlb etmək istəyirik.

 

- Sistemə görə oyunçu axtarırsız, yoxsa oyunçuları öz sisteminizə uyğunlaşdırmağa çalışırsız?
- Sistemimizi dəyişməyi planlaşdırırıq. Qarşıda ölkə kubokunda iki oyunumuz var. Bu sahədə işlərə kubok oyunlarından sonra başlayacağıq. Təxminən 15-20 gün vaxtımız olacaq. Bu vaxt ərzində yeni sistemi sınaqdan keçirəcəyik. Yəqin ki, 3-cü dövrədə fərqli oyun sistemindən istifadə edəcəyik.


Xəbər xətti