"Keşlə"nin yeni baş məşqçisinin adı məlum oldu

12:33 18 Dekabr 2017

"Keşlə"yə yeni baş məşqçi təyin olunacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun prezidenti Zaur Axundov "Report"a bildirib. O, yeni baş məşqçinin ukraynalı Yuri Maksimov olduğunu deyib. 49 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə bağlanılacaq. Yeni baş məşqçinin qarşısına Azərbaycan Premyer Liqasında daha yüksək yerlərdən birini tutmaq və Azərbaycan kubokunu qazanmaqla Avropa Liqasına vəsiqə əldə etmək tapşırığı qoyulacaq. 

 

Klub prezidentinin sözlərinə görə, Zaur Svanadzenin istefaya göndərilməsindən sonra baş məşqçi postuna müvəqqəti gətirilmiş Ramiz Məmmədov isə yenə əvvəlki işinə - əvəzedici heyət üzrə koordinator vəzifəsinə qaytarılacaq. Axundov qış fasiləsində komandadan getmək istəyən heç bir futbolçunu saxlamayacaqlarını da əlavə edib.

 

Yuri Maksimov əvvəllər Ukraynanın "Dnepr", "Dinamo" (Kiyev), Almaniyanın "Verder" kimi komandalarında çıxış edib. O, 2005-ci ildə Belarusun "Dinamo" (Minsk) klubunda baş məşqçi karyerasına başlayıb. 2006 - 2013-cü illərdə Ukraynanın MOİK (Kiyev), "Obolon", "Krivbass", "Metallurq" (Donetsk) və "Mordoviya" komandalarının baş məşqçisi olmuş Maksimovun son komandası ötən mövsüm rəhbərlik etdiyi Qazaxıstan "Taraz"ı olub. Ukraynalı mütəxəssis 2013-2014 mövsümündə "Mordoviya"nı Rusiya Birinci divizionunun qalibi edərək, Premyer Liqaya çıxarıb.


Xəbər xətti