Uruqvaylı futbolçudan dünya rekordu

10:14 28 Dekabr 2017

Futbol üzrə Uruqvay yığmasının sabiq hücumçusu Sebastyan Abreu yeni dünya rekordu müəyyənləşdirib.

 

Sportarena.az xəbər verir ki, o, Çilinin “Audaks İtalyano” klubuna transfer olunmaqla 26 fərqli komandaya keçən ilk peşəkar futbolçuya çevrilib. 41 yaşlı forvard bu kluba keçənə qədər almaniyalı qapıçı Luts Pfannenştilin rekorduna (25 fərqli komanda) şərik idi.

 

Sebastyan ilk peşəkar müqaviləsini 1995-ci ildə Uruqvayın “Defensor Sportinq” klubu ilə bağlayıb. O, bütövlükdə Uruqvayla yanaşı, Meksika, Salvador, İspaniya, Braziliya, Ekvador, Yunanıstan, İsrail, Paraqvay və Argentina klublarında da çıxış edib.

 

Hücumçunun formasını geyindiyi ən məşhur klublar “Real Sosyedad” və “Deportivo” olub. O, Uruqvay yığmasında 70 oyun keçirib, 26 qol vurub. Abreu Uruqvay yığması ilə 2011-ci ildə Amerika Kubokunu qazanıb.


Digər xəbərlər

Xəbər xətti