Rəşad Sadıqov: "O vaxt da "yoxdu" demişdik, indi də deyirik"

10:13 11 Fevral 2018

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov "Qəbələ" ilə 0:0 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının 15-ci tur matçından sonra brifinq keçirib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli müdafiəçi oyundan razı qaldığını bildirib:

 

- Oyun gözlədiyimdən də yaxşı alındı. Maraqlı görüş, derbi idi. Çempionluğa oynayan iki komanda görüşürdü. Məğlub olmamaq çox vacib idi. Qələbə qazanmaq istəyirdik. Lakin bu qədər qol imkanından istifadə edə bilmədikdə, heç-heçə də pis nəticə deyil.

 

- Komandanız sanki irəlidə dişsiz görünürdü...
- Qəti razılaşmıram. Komandamız heç vaxt fərdlər üzərində qurulmayıb. Dino Ndlovu "Qarabağ"da oynadığı vaxt da forvarda ehtiyacımızın olduğuna dair tənqidlər gəlirdi.

 

- Bəs indi hücumçuya ehtiyac varmı?
- Xeyr. O vaxt da "yoxdu" demişdik, indi də deyirik. Sabah Mahir Mədətov da, Pedro Enrike də getsə, meydana çıxacaq 11 nəfər bir komanda - "Qarabağ" olacaq. Bu klubdan Reynaldo gedib, digər futbolçular gedib. Lakin komanda öz sabitliyini qoruyaraq, saxlaya bilib. Bu gün Mahir də, Pedro da, Dani Kintana da irəlidə çox yaxşı oynadı. Onların əziyyətlərini yerə vurmaq olmaz. Ndlovunun qol vura bilmədiyi və ya qol imkanlarını qaçırdığı o qədər oyun olub ki... Bu gün qol vura bilməməyimizin səbəbi "Qəbələ"nin qapıçısı Dmitri Bezotosnının çox yaxşı oynaması idi. Ola bilər ki, təkbətək çıxasan, əyri vurasan, zərbən alınmasın. Amma bu gün Bezotosnı keçilməz idi. Elə toplar çıxardı, elə "seyv"lər etdi ki... Ümumi götürsək, komandamızın bu qədər yaxşı oynayacağını gözləmirdim.


Xəbər xətti