Cavid Hüseynov: "Bir həftə boyunca yataqdan ayağa qalxa bilmədim"

10:30 11 Fevral 2018

"Qəbələ"nin kapitanı Cavid Hüseynov "Qarabağ"la səfərdə 0:0 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının 15-ci tur matçından sonra brifinq keçirib.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Oyun çətin alındı. Açığı, belə olacağını gözləyirdik. Hiss etdinizsə, sanki komandamızda istək çatmırdı. Rəqib isə hər tərəfdən hücumlar edirdi. Düşünürəm ki, bu gün çox yaxşı oyun sərgilədilər.

 

- Komandanız yoxlama oyunlarında daha istəkli görünürdü...
- Mən də onu deyirəm. Özüm də belə oyun gözləmirdim. Komandada istək çox aşağı səviyyədə idi. Bəlkə də bizim üçün ən pis, maraqsız oyun keçdi. Halbuki, "Qarabağ"la qarşılaşmalarımız həmişə gərgin alınıb.

 

- Bu, rəqibdən irəli gələ bilər?
- Düşünmürəm. Bu, özümüzdən irəli gəldi.

 

- Turnir cədvəlində ikinci yerlə barışmısınız?
- Xeyr. Bu gün udsaydıq, birinci yerə şansımız daha çox idi. Bunu da gözəl anlayırdıq. Sadəcə, istəksiz görünürdük.

 

- Həftə boyunca soyuqdəymən var idi. Bu, oyuna hazırlıq səviyyənə təsir göstərmədi?
- Bir həftə boyunca yataqdan ayağa qalxa bilmədim. Temperaturum düşmürdü. Yalnız son iki məşqə çıxa bildim. Oyunqabağı olduğundan, bunlar yüngül məşqlər idi. Əlbəttə, matça heç 50 faiz hazır deyildim. Lakin bu qarşılaşmada meydanda olmaq istəyirdim. Çünki "Qarabağ"la görüş bizim üçün vacib idi.

 

- Səncə, heç-heçə daha çox kimə sərfəli oldu: 6 xal irəlidə olan "Qarabağ"a, yoxsa səfərdə oynadığı üçün "Qəbələ"yə?
- Oyunun gedişinə baxdıqda, əlbəttə, bizə. Açıq etiraf edirəm.

 

- Səncə, "Qəbələ"nin mərkəz hücumçusuna ehtiyacı var?
- Əlbəttə. Bunu təlim-məşq toplanışı dövründən deyirik. Amma nədənsə, gəlib çıxmır.

 

- Qarşıda daha bir çətin oyununuz var...
- Bəli, evdə "Zirə"ni qəbul edəcəyik. Növbəti oyunadək komandamız dəyişmək məcburiyyətindədi. Yəqin ki, bu oyunu analiz edəcəyik. Baş məşqçimizin də ayrı-ayrılıqda futbolçularla söhbəti olacaq. Qarşıda bir həftə vaxt var. Çatışmazlıqları məşqlərlə aradan qaldırmaq olar. Bir daha meydana bu vəziyyətdə çıxmaq düzgün deyil.


Xəbər xətti