Kərimi: "Komandamız çempionatın qalan hissəsində öz sözünü deyəcək"

Sportarena.az      11 Fevral 2018, 14:11

“Komanda çempionata 70-80 faiz hazırdı. Keçdiyimiz məşqlər və oyunlar bunu göstərir. Yavaş-yavaş tam hazır vəziyyətə gələcəyik”.

 

Sportarena.az xəbər verir ki, bu sözlər “Kəpəz”in əsas komandasının qolkiperi Davud Kərimiyə məxsusdu. Klub saytına açıqlama verən Kərimi qış fasiləsi dövründə hazırlıq prosesinin əsas mərhələsini Antalyada keçdiklərini sözlərinə əlavə edib:

 

“Türkiyə toplanışı yüksək səviyyədə keçdi, hətta gözlədiyimizdən də yaxşı alındı. Bu şəraiti bizə yaratdığı üçün rəhbərliyə də minnətdarlığımızı bildiririk. Hər şey plan üzrə getdi. Bakıda fiziki cəhətdən hazırlaşıb səfərə çıxmışdıq. Antalyada əsasən taktiki və texniki çalışmalar üzərində işlədik. Səylə məşqlər edib oyunlara çıxdıq. Bir matçın nəticəsini çıxmaq şərtilə digərlərində yaxşı oynadıq”.

Qapıçı yeni transferlərlə komandanın gücləndiyini və bunun “Kəpəz”in çıxışına müsbət təsir edəcəyini bildirib:

 

“Qış fasiləsində heyətimiz demək olar ki, yeniləndi. Komanda həm yerli, həm də əcnəbi futbolçularla gücünü artırmış oldu. Hər mövqedə 2-3 futbolçu var. Baş məşqçimiz Yunis Hüseynovun da vurğuladığı kimi yalnız hücum xəttində problem vardı ki, yeni hücumçunun gəlişi ilə bu da həllini tapdı. Düzdü, İlkin Sadıqov Türkiyədə özünü ön xəttdə müsbət tərəfdən göstərə bildi amma bütün mövqelərdə rəqabətin olması vacibdi. Yaxşı, mehriban kollektiv formalaşıb. Komandamız çempionatın qalan hissəsində öz sözünü deyəcək. Məncə, keçdiyimiz hazırlıq və yeni transferlərlə güclənməyimiz çıxışımıza yaxşı təsir edəcək. Azarkeşlərə də səslənməklə onları bizi dəstəkləməyə çağırıram. Fanatlarsız komandaya çətin olar”. 

 

Cari mövsümün ilk iki dövrəsində “Kəpəz”in əsas qapıçısı olan Davudu indi mövqeyində ciddi rəqabət gözləyir. Belə ki, qış transferi dövründə Gəncə klubuna qoşulan Serqey Litovçenko və Tərlan Qasımzadə də əsas heyətdə oynamağa iddialıdı:

 

“Heç bir rəqabətdən çəkinmirəm və özümü heç kimdən zəif saymıram. Həqiqət budu ki, rəqabət olan yerdə həmişə inkişaf olur. İnkişaf isə komandanın nəticə qazanmasına təsir göstərir. Bir sözlə, rəqabət işimizin xeyrinədi. Məşqçi istəməz ki, güclü olan yerdə zəif futbolçu oynasın. Komandada sağlam rəqabət var, kim güclüdürsə, meydanda olacaq. Legioner qapıçılara rəqabətdə uduzmamışam, əksinə, qalib gəlmişəm. Bu rəqabətdən də üzüağ çıxmağa çalışacam”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin