AFFA-dan Ayxan Abbasova 5 oyunluq cəza, "Qəbələ"yə 4 minlik cərimə

14:35 21 Fevral 2018

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 16-cı turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

 

- “Qəbələ” - “Zirə” matçında baş verənlər İntizam Komitəsi tərəfindən geniş müzakirə olunub. İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edib:

 

 - “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

- “Qəbələ”nin futbolçuları Qismət Alıyev, Cavid Hüseynov, “Zirə”nin oyunçuları Riçard Qadze, Sadio Tounkara aqressiv hərəkətlərə yol veriblər. Bu səbəbdən futbolçular 2 oyun cəzalanıb, hər iki klub 3200 manat cərimə olunub.

 

- “Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub. Baş məşqçiyə verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

 

- “Qəbələ” klubu təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat cərimə olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.

 

- “Qəbələ” klubunun məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

 

“Sumqayıt” - “Neftçi” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 60-cı dəqiqəsində "Neftçi"nin futbolçusu Rəşad Sadiqov azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

 

“Sumqayıt”ın baş məşqçisi Samir Abasovun texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub onun bu hərəkətinə görə 800 manat cərimə ödəməli olacaq.  


Digər xəbərlər

Xəbər xətti