Vaqif Sadıqov Böyükağa Hacıyevin son durumu barədə danışdı: "Məhz ondan sonra ayağa qalxa bilər"

13:38 23 Fevral 2018

"Neftçi"nin sabiq baş məşqçisi, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində ciddi problemlər olduğu barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, beynindəki şişə görə əməliyyat olunmaq üçün Moskvaya getməli olan Hacıyev fevral ayının ilk günlərində qəfildən infarkt keçirib və Mərkəzi Klinik Xəstəxanasında əməliyyat edilib. Nəticədə onun ürəyinə 2 stend qoyulub. Təcrübəli mütəxəssisin səhhəti ağır olduğundan reanimasiyaya yerləşdirilib.

 

Hadisələrin sonrakı gedişatı haqqında məlumat almaq üçün Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla əlaqə saxladıq. Mütəxəssis Böyükağa Hacıyevin xəstəxanaya yerləşdirildiyi ilk gündən məsələ ilə şəxsən məşğul olur və onun durumu barədə ictimaiyyətə müntəzəm olaraq informasiya ötürürdü. Eyni zamanda, həkimlər hər gün həmkarının səhhəti barədə ona məlumat verirlər. 

 

 

Sadıqov Böyükağa Hacıyevin durumu ilə bağlı həkimindən bu gün aldığı son məlumatları bizimlə də bölüşdü:

 

"Böyükağa Hacıyev xəstəxanaya yerləşdirildiyi ilk gündən həkimlərlə mütəmadi əlaqədə oluram. Həmişə olduğu kimi bu gün də onlarla əlaqə saxlamışam. Mənə az öncə üçün verilən məlumat odur ki, vəziyyəti stabil-ağırdır".

 

Sadıqov əməliyyatdan sonra Hacıyevin səhhətində az da olsa irəliləyişin olduğunu ancaq sonradan həkim qərarı ilə yenidən reanimasiyaya yerləşdirildiyini də bildirdi:

 

"Mərkəzi Klinin Xəstəxanda ürəyindən əməliyyat olundu. Ürəyinə iki stend qoyuldu. Sonra "Modern Hospital"a gətirildi. Həmin vaxt səhhətində az da olsa irəliləyiş vardı. İnsanları tanıyır, ünsiyyətdə olurdu. Sizə konkret misal çəkim, bildiyiniz kimi Məşqçilər Komitəsi olaraq ötən həftə Regional Liqası ilə bağlı klublarla görüşmək üçün bölgələrdə səfərlərdə olduq. Biz Şəkiyə gedəndə yolda mənə zəng vurdu. Bir neçə dəqiqə telefonla danışdıq. Durumu belə idi. Sonradan həkim məsləhət gördü ki, yenidən reanimasiyaya yerləşdirilsin və nəzarətdə olsun. Vəziyyət hazırda belədir. Bizə sadəcə gözləmək qalır".

 

Ona ünvanlıdığımız "Böyükağa Hacıyev nə vaxt sağlamlığına qovuşa bilər?" sualına isə belə cavab verdi:

 

"Hər şey həkimlərin nəzarətindədir. Dediyim kimi, bizə gözləmək qalır. Ürəyinin fəaliyyəti həkimlərin istədiyi vəziyyətə gəldikdən sonra başındakı şiş əməliyyatla götürülməlidir. Məhz ondan sonra ayağa qalxa bilər. Məhz həmin şiş onun bədənini ağır vəziyyətdə saxlayır və sağalmasına mane olur. Onun infartk keçirmə səbəbi də məhz budur".

 

MK-nın sədri sonda xərclərin AFFA tərəfindən qarşılandığını da bildirdi:

 

"AFFA Böyükağa Hacıyevin xəstəxanaya yerləşdirildiyi ilk gündən bu günüə kimi bu məsələni nəzarətdə saxlayır. Müalicə və əməliyyatla bağlı bütün xərclər federasiya tərəfindən qarşılanır".


Digər xəbərlər

Xəbər xətti