Emin Mahmudov: "Neftçi"dən FİFA-ya şikayət etmək fikrim olmayıb"

15:57 23 Fevral 2018

Mövsümün əvvəlində "Neftçi" ilə müqavilə bağlayan Emin Mahmudovun problemi yaranıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Sportinfo.az saytı məlumat yayıb. "Boavişta"dan ayrıldıqdan sonra klubsuz olan yarımmüdafiəçi paytaxt klubu ilə mövsümün sonuna kimi müqavilə bağlayıb.

 

Həmkarlarımızın iddiasına görə, "Saturn"un yetirməsi "Neftçi"yə gəldiyi vaxt 40 min manat alıb. Həmin məbləğ isə klubun büdcəsindən deyil, SOCAR tərəfindən ödənilib. Çünki bu transfer neft şirkətinin birbaşa təlimatı əsasında baş tutub.  "Boavişta"dan ayrıldıqdan sonra 2 ay klubsuz qalan Emini «Neftçi»yə menecersiz götürüblər. AFFA və paytaxt təmsilçisinin baş sponsoru olan neft şirkət mili naminə bu addımı atıb. 

 

Problemlər isə bundan sonra başlayıb. Mahmudov həmin müddətdən bəri 1 dəfə də olsun, maaş almayıb. Buna səbəb onun vətəndaşlıq almamsıdır. Bu səbəbdən adına VÖEN açıla, ödəmə edilə bilmir.


Məsələnin bu həddə çatması "Neftçi"nin keçmiş rəhbərliyinin məsuliyyətsizliyindən irəli gəlir. Mahmudov maddi vəziyyətinin çətinləşliyini dəfələrlə onların nəzərinə çadırıb və sənədlərinin nizama salınmasını istəyib. Çıxılmaz durumda qalan yarımmüdafiəçi federasiyaya bildirib ki, problem qısa müddətdə çözülməsə, "Neftçi"dən FİFA-ya şikayət məktubu göndərəcək və müqaviləsini birtərəfli şəkildə pozacaq.

 

Məsələ ilə bağlı Emin Mahmudov ilə əlaqə saxladıq. Futbolçu Sportarena.az-a açıqlamasında məsələyə qısa və konkret şəkildə şərh verib:

 

"Bəli, belə texniki problem var idi. Klubun yeni rəhbərliyi bu məsələni eşidən kimi mənimlə maraqlandı. Hər şey yaxın zamanda həllini tapacaq. Mənim klubdan FİFA-ya şikayət etmək fikrim olmayıb. Çünki "Neftçi"də xoşbəxtəm. Rəhbərliyin bu diqqətindən sonra özümü daha rahat hiss edirəm".


Xəbər xətti