Fəhmin Muradbəyli: "Milliyə dəvət almağı hədəfləmişəm"

12:27 25 Fevral 2018

“Səbail”in futbolçusu Fəhmin Muradbəyli “Qəbələ”ni 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının 17-ci tur matçından sonra brifinq keçirib.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubunun ikinci qolunun müəllifi maraqlı açıqlamalar verib:

 

- Öncə oyun barədə fikirlərini öyrənərdik...

- Belə çətin oyunun olacağını gözləyirdik. Baş məşqçimiz Samir Əliyev "Qəbələ"ni yaxşı analiz etmişdi. Meydanda nə etməyin lazım olduğunu bilirdik. Məncə, hər iki komanda çox gözəl mübarizə apardı. Həm "Qəbələ"nin, həm də "Səbail"in qol imkanları oldu. Biz ikisindən, rəqib isə birindən yararlandı. Hər iki komandanı təbrik edirəm. Öz komanda yoldaşlarımı və rəhbərliyimizi təbrik edirəm. Gözəl oyun sərgilədik. Məncə, ötən tur uduzmağımıza baxmayaraq, "Qarabağ"a qarşı da yaxşı oynamışdıq. Premyer Liqada birinci ildir çıxış etsək də, debütant olduğumuzu meydanda göstərmirdik. Bu, çox sevindirici haldı.

 

- Bunu "Səbail" üçün önəmli qələbə saymaq olar?
- İlk dəfə idi "Qəbələ"ni yenirdik. Düşünürəm ki, ən vacib qələbəmizi qazandıq. Bizə xallar da lazımdı. Öz yerimizi qorumaq və önümüzdəki rəqiblərə çatmaq üçün 3 xal qazanmalı idik. Xal fərqində "Neftçi"dən bir qədər geri düşmüşdük. Düzdü, "Neftçi" mənim klubumdu, futbola addımlar atdığım vaxtdan bu komandada böyümüşəm. Bu klub həmişə qəlbimdə olacaq. Bura icarə əsasında gəlmişəm. "Səbail"də "Neftçi"nin adını da ucaldıram. Burada həm məşqçilərin mənə etimadını doğruldur, həm də "Neftçi"də məni gözləyənlərin. "Səbail"də hər oyun meydana çıxıb 90 dəqiqə oynamaqla, əsas milliyə dəvət almağı hədəfləmişəm.

 

- "Neftçi"yə yenidən qayıdacağına ümidlisən?
- Əlbəttə, müqaviləmin müddəti bitdikdən sonra "Neftçi" rəhbərliyi ilə söhbətim olacaq. Hazırda elə yaşımdayam ki, mənə mütəmadi oynamaq lazımdı. "Neftçi"yə qarşı heç bir qərəzim yoxdu. Sırf orada oynamaq üçün onlarla danışacağam. Alınmasa, yenə icarə əsasında başqa komandada çıxış edəcəm. Nə qədər ehtiyatda oturmaq olar? Cavan yaşında oturdunsa, böyüyəndən sonra heç nə edə bilməzsən.

 

- Yeni klubunda artıq 2 qol vurmusan. Hesab etmirsən ki, burada hücumda oynamağının da rolu olub?
- 14-15 yaşlarımda hücumçu kimi çıxış edirdim. Sonradan millidə cinah yarımmüdafiəçisi kimi çıxış etdim. Bu mövqedə də oyunum yaxşı alındı. Beləliklə, mənə daha çox cinah yarımmüdafiəçisi kimi üstünlük verdilər. Düzdü, müdafiəçi kimi də oynamışam. Məni komandanın uğuru naminə mərkəz müdafiəçisi mövqeyində də qoysalar, əlimdən gələni edərəm. Hazırda isə özüm də hiss edirəm ki, sağ cinah yarımmüdafiəçisi mövqeyi özüm üçün də çox çətindi. Hücumda oyunum daha yaxşı alına bilər. Heç vaxt müdafiəçi olmadığımdan, rəqib üzərimə gələndə çaşıram, bilmirəm necə edim. Bunlar üzərində də çalışmaq lazımdı. Çünki sabah heç nəyi bilmək olmaz. Ola bilsin, gələcəkdə müdafiənin sağında oynadım. Ona görə də əlimdən gələni edirəm ki, məşqçilərin etimadını doğruldum.


Digər xəbərlər

Xəbər xətti