"Köklü komandayıq, 4-5-ci pillələrdə olmaq istəmərik" - LAYİHƏ

06:41 11 Mart 2018

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Futzal üzrə liqaların işıqlandırılması, uşaq futzal məktəblərinin yoxluğu, real durum və problemlər" mövzusunda layihənin icrasını davam etdirir.

 

Layihə çərçivəsində beşinci yazımızda Futzal üzrə Yüksək Liqanın 19-cu turunda baş tutan qarşılaşmalara nəzər yetirib, EKOL - "Neftçi" oyunundan sonra bizimlə həmsöhbət olan tərəflərin fikirləri ilə sizi tanış edəcəyik.

 

"Xəmsə" yenə darmadağın oldu

 

 

19-cu turun ilk oyunu "Xəmsə" ilə “FK.İD.Futsal” arasında baş tutdu. Autsayderin bu matçında da böyük hesablı nəticə qeydə alındı. "Xəmsə"nin futzalçıları görüşün ilk hissəsində rəqibinə qarşı müəyyən qədər müqavimət göstərməyə çalışdı. Birinci yarının sonunda hesabın 3:5 olması bundan xəbər verirdi. Ancaq ikinci hissəyə daha aktiv başlayan və üstün oyun nümayiş etdirən “FK.İD.Futsal” komandası 3:11 hesablı qələbəyə sevindi.

 

Xəmsə - FK.İD.Futsal 3:11 
Qol: Rüfət Cəlilov, 11:00. Samir Əmirov, 18:25. Faiq Əliyev (a/q), 19:18 - Elvin Quliyev, 1:25; 39:45. Faiq Əliyev, 4:05; 6:05; 20:25; 31:50. Elşən İbrahimxəlilov, 8:40. Anar Ağayev, 18:57; 23:24; 39:27. Nihad İsmayılov, 34:47
Hakimlər: Ramil Namazov, Əli Cəbrayılov, Yusif Nurullayev
Hakim – inspektor: Aydın Gözəlov
6 mart. Bakı İdman Sarayı. Saat 12:30

 

EKOL "bürünc"ə doğru

 

 

Turun digər oyununun iştirakçıları bürünc medal uğrunda mübarizə aparan iki kollektiv - EKOL və "Neftçi" idi. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın birinci hissəsində tərəflərin çoxsaylı səylərinə rəğmən, hesab açılmadı. İkinci hissədə isə azarkeşlər 4 qolun şahidi oldular. Vahib Xocayev matçın 29-cu dəqiqəsində hesabı açmaqla yanaşı "Neftçi"ni hesabda önə keçirdi. Bu, "ağ-qaralar"ın görüş ərzində ilk və son qol sevinci oldu. Buraxılan qoldan sonra dərhal rəqibinin qapısına doğru ardıcıl hücumlar təşkil edən EKOL futzalçıları cəmi 3 dəqiqə sonra Fərid Atakişiyevin sayəsində hesabı bərabərləşdirməyə nail oldular. Qoldan sonra da hücumlarını davam etdirən "yaşıllar" 38-ci dəqiqədə hesabda önə keçdilər. Radik Əhmədov qolun müəllifi oldu. Bu qoldan sonra hesabı bərabərləşdirməyə cəhd edən "Neftçi"nin hücumları nəticəsiz qaldı. Əvəzində Fərid Atakişiyev sonuncu dəqiqədə fərqlənərək komandasının qələbəsində əsas pay sahibi oldu. Bu qələbə EKOL-a bürünc medal yolunda növbəti addım oldu.

 

EKOL - Neftçi 3:1 
Qollar: Fərid Atakişiyev, 31:56; 39:10. Radik Əhmədov, 37:15 - Vahib Xocayev, 28:20.
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Anar Fərəcov
Hakim – inspektor: Şahin Cəfərov
6 mart. Bakı İdman Sarayı. Saat 14:30 

 

"Araz"dan mühüm qələbə

 

 

Günün son matçını turun mərkəzi görüşü də adlandırmaq olar. Lider "Araz"la ən yaxın izləyicisi "Marafon"un dueli böyük maraqla gözlənilirdi. 18-ci turda gözlənilmədən "Yasamal"a məğlub olan ikincilərin bu görüşdə hansı nəticəyə imza atacağı maraq doğururdu. Çünki qazanılacaq qələbə çempionluq mübarizəsinin davam etməsinə səbəb ola bilərdi. Ancaq debütant təcrübəli rəqibi qarşısında buna müvəffəq ola bilmədi. "Araz" ən yaxın izləyicisi ilə görüşün ilk hissəsini 2:0 hesabı ilə öndə qapadı. İkinci yarıda da hücumlarını davam etdirən "ağ-qırmızılar" daha 3 dəfə rəqibi mərkəzə dəvət etdilər. "Marafon" futzalçılarının 26-cı dəqiqədə İlkin Hacıyevin sayəsində vurduğu qol isə təsəllidən başqa bir şey olmadı. Qazanılan 5:1 hesablı qələbə sayəsində "Araz" növbəti çempionluğa doğru daha bir uğurlu addım atmış oldu.

 

Araz - Marafon Futsal 6:1
Qollar: Bolinya, 15:05; 35:03. Kamran Hacıyev (a/q) 15:50. Ramiz Çovdarov, 22:29. Oktay Rüstəmli, 26:40, Xətai Bağırov, 29:29 - İlkin Hacıyev, 26:50.
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Kənan Məlikov
Hakim – inspektor: Murad Məmmədov
6 mart. Bakı İdman Sarayı. Saat 16:30

 

Çempion dəyişməyəcək?

 

19-cu turdan sonra turnir cədvəlinin ilk pillələrində mövqe baxımından hər hansı dəyişiklik baş verməsə də lider "Araz"la ikinci pillənin sahibi "Marafon" arasında xal fərqi kifayət qədər böyüdü. 16 oyundan sonra 46 xal toplayan son çempion bir görüş daha çox keçirən debütantı 10 xal qabaqlayır. Təcrübəli "Araz"ın qarşıdakı turlarda bu xal fərqindən necə yararlanacağı böyük marağ doğurur. Son iki oyunda qələbəyə həsrət qalan "Marafon" isə qısa müddətdə toparlana bilməsə, çempionluq mübarizəsini dayandırmalı olacaq.

 

16 oyundan 26 xal toplayan EKOL üçüncüdür. "FK.İD.Futsal" isə "Neftçi"nin məğlubiyyətindən istifadə edərək xalını 19-a çatdırmaqla yanaşı, dördüncü sıraya yüksəlib. 18 xalla beşinci sıraya yuvarlanan "ağ-qaralar" isə rəqiblərinə nisbətən daha az - 14 oyun keçirdiyindən vəziyyəti xeyrinə dəyişmək üçün müəyyən qədər imkanı var.

 

Turnir cədvəlinin son sıralarında isə hər hansı dəyişiklik baş verməyib. "Yasamal" əvvəlki tək altıncı pillədə qərarlaşıb. Paytaxt təsmilçisinin aktivində 12 xal var. Aktivində 2 xalı olan "Xəmsə" isə adəti üzrə sonuncu - yeddinci pillədə qərarlaşıb.

 

№ Komanda O Q H/H M T/F X
1 Araz 16 15 1 0 101-22 46
2 Marafon Futsal 17 12 0 5 68-36 36
3 EKOL 16 8 2 6 52-46 26
4 FK.İD.Futsal 16 5 4 7 64-59 19
5 Neftçi İK 14 5 3 6 39-37 18
6 Yasamal 15 4 0 11 50-95 12
7 Xəmsə 16 0 2 14 39-118 2

 

 

Sultanov üçün həyacan təbili çalınır

 

Bombardilər yarışında isə lider dəyişməsə də vəziyyət gərginləşib. "Marafon"un futzalçısı Renat Sultanov 20 qolla Yüksək Liqanın əvvəlkitək məhsuldar futzalçısıdır. Sultanovun komandası ilə görüşdə dubl edərək "Araz"ın qələbəsində pay sahibi olan Bolinya isə artıq ona yaxınlaşıb. Braziliyalının aktivində 19 top var. İlk üçlüyü "Yasamal"ın iranlı legioneri Mortoza Cahandost qapayır. Onun aktivində 18 qol var.

 

Renat Sultanov (Marafon Futsal) - 20
Telez Thiaqo Bolinya (Araz) - 19
Mortoza Cahandost (Yasamal) - 18
Samir Əmirov (Xəmsə) - 17
Eduardo Borges (Araz) - 12
Anar Ağayev (FK.İD.Futsal) - 12

 

Əvvəlki yazılarımızda olduğu kimi bu dəfə də turun diqqətçəkən oyunlarından birini izləyib, oyundan sonra tərəflərin fikirləri ilə sizi tanış etmək qərarına gəldik. Öncə vacib "Neftçi" ilə vacib qarşılaşmadan qalib ayrılan EKOL-un komanda rəhbəri Məzahir İskəndərovla həmsöhbət olduq. O, öncə oyun barədə fikirlərini bölüşüb:

 

 

- Oyun barədə nə deyə bilərəm, "Neftçi" bizim əzəli rəqibimizdir. Rəqibin həmişə yaxşı heyəti olub. Bu il də belədi. Bu oyunda qələbə qazanmaqdan başqa yolumuz yox idi. Birinci pillənin sahibi artıq bəllidi. İkinci pillə ilə xal fərqimiz böyükdü. "Marafon" ardıcıl xallar itirsin ki, biz bu pilləyə iddia edək. Belə çox çətindi. Bu oyun bizə məhz üçüncü yerdəki mövqeyimizi qorumaq üçün vacib idi. 

 

- İkinci pillə şansınız qalıb?
- Qalıb. Amma yenə də deyirəm, "Marafon" arıdıcl xallar itirməsə, mövqeyində qalacaq. Ona görə də üçüncü yer uğrunda mübarizə aparacağıq. Klubumuz yarandığı 2008-ci ildən 10 il ərzində hər mövsüm komanda medalsız qalmayıb. 3 dəfə ölkə kubokunun qalibi olmuşuq. Bu mövsümü də medalla baş vurmaq istəyirik.

 

- Oyunlar demək olar ki, tamaşaçısız baş tutur. Bu futzalçılara təsir edirmi?
- Əbəttə ki idmanı tamaşaçısız təsəvvür etmək mümkün deyil. Futzalçılarda əhval-ruhiyyənin yüksək olması üçün onların olması vacibdir. Biz soyunub-geyinmə otağında biz futzalçıları ruhlandırırıq. Amma oyunçuları bizdən daha çox azarkeşlərin olmağı ruhlandırır. EKOL futzalda ilk addımlarını atanda bizim tamaşaçılarımız vardı. Bizim şirkətin tamaşaçıları idi. Biz də simvolik olaraq onlara toplar, formalar, hədiyyələr verirdik. Onlar daha çox maraqlanırdılar. Əvvəl azarkeşlər hədiyyə üçün gəlirdilər. Sonradan komandanın oyunları onlara maraqlı gəlməyə başladı. Bir müddət oldu ki, zəif komandalar oldu çempionatdı. 15-20-30 top vurulurdu. Bu da tamaşaçılarda marağın azalmasına səbəb oldu.

 

- Hansı komandaları özünüzə rəqib hesab edirsiz?
- İki komandanı özümüzə rəqib görürük. Birincisi əlbəttə ki "Araz"dı. İkinci rəqibimiz isə "Neftçi"di.

 

- EKOL-un növbəti mövsüm üçün planları nədi? Hazırlıq və transler planları cızılıb?
- Biz ilk vaxtlar legionerlərdən istifadə edirdik. Yerli futzalçıların püxtələşməsini, yetişməsini gözləyirik. Öz oyunçularımızın xidmətində maraqlıyıq. Üstünlüyü yerli oyunçulara üstünlük veririk. Ancaq müəyyən çatışmazlıqlar oldu. Yerli oyunçuların səviyyəsini aşağılamırıq amma gördük ki, bəzi geriləmələr var. Köklü komandayıq, 4-5-ci pillələrdə olmaq istəmərik. Komandadakı boş mövqeləri, çatışmazlıqları yeni mövsümdə qaldırmağa çalışacağıq. 

 

Daha sonra EKOL-un oynayan məşqçisi Radik Əhmədov oyun barədə fikirlərini bizimlə bölüşdü:

 

 

- Son 3 turda 1 xal qazandıqdan sonra bu qarşılaşmaya ciddi hazırlaşmışdıq. Bu oyun bizim üçün üçüncü pilləni tutmaq baxımından çox vacib idi. Rəqibin oyunlarını izləmişdik, fikrimiz qələbə qazanmaq idi. Ona da nail olduq.

 

- Rəqib komandanı hansı məqamlarını analiz edirdiz? Oyunun gedişində futzalçılara bəzi məsləhətlər verirdiz. Onlara nələri tapşırırdız?
- Birinci qoldan sonra rəqib komandada arxayınçılıq yarandı. Hesabdan asılı olmayaraq üstünlüyü əldən vermək lazım deyil. Biz bunu bacardıq.

 

Ardınca "Neftçi"nin baş məşqçisi İlqar Aslanov suallarımızı cavablandırdı. O, komandasının arxayınçılığın qurbanı olması barədə həmkarının səsləndirdiyi fikirlə razılaşmadı:

 

 

- Oyun yaxşı mübarizə şəraitində keçdi. Deməzdim ki, komandada arxayınçılıq oldu. Cərimələrin sayının heç nədən limitə çatması oyunun taleyini həll etdi. Hesab 2:1 olduqdan sonra risk edib qapıçının əvəzinə oyunçu buraxdıq. Ondan sonra hesab 3:1 oldu.

 

-  EKOL komandası əsas rəqibləri arasında "Neftçi"ni görür. Bəs "Neftçi"nin rəqibləri kimlərdi? Həmin siyahıda EKOL varmı?
- Sözsüz ki... EKOL komandası çempionata qatılandan sonra bizə rəqib olub. Onları qələbə münasibəti ilə təbrik edirəm.

 

- Mövsüm sona yaxınlaşır. "Neftçi"nin ilk üçlüyə düşmək şansı varmı?
- Mənə elə gəlir ki, biz üçüncü yer uğrunda mübarizə aparacağıq.

 

Rüfət Nadirli

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.



Digər xəbərlər

Xəbər xətti