100-cü qol, 30-cu qələbə

Sportarena.az      20 Aprel 2018, 10:14

Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan “Qəbələ” finala vəsiqə əldə etdi.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” bununla da 3-cü dəfə həlledici qarşılaşmada oynamaq hüququ qazanıb. Komanda 2013/14 mövsümündə “Xəzər Lənkəran”ı (3:0, 1:1) yarımfinalda mübarizədən kənarlaşdırıb, finalda “Neftçi” ilə üz-üzə gəlib. 1:1 hesabı ilə başa çatan qarşılaşmanın taleyini bakılıların daha dəqiq olduğu penaltilər seriyası həll edib – 3:2. 2016/17 mövsümündə isə yarımfinalda “İnter”i (3:1, 2:0) keçən “Qəbələ” finalda “Qarabağ”la görüşüb. Ağdam klubu 2 cavabsız qolla kuboka yiyələnib. Özünün 3-cü finalında mayın 28-də “Keşlə” ilə üz-üzə gələcək “Qəbələ”nin “Neftçi” ilə son matçı yubileylərlə də əlamətdar olub.

 

“Qəbələ” Azərbaycan kubokunda 100-cü qolunu vurub. Bu, cari mövsümün yarımfinal mərhələsinin “Neftçi” ilə səfərdəki cavab matçına təsadüf edib. 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar”ın görüşdəki 2-ci qolu klubun tarixinə kubokdakı 100-cü top kimi düşüb. Matçın 30-cu dəqiqəsində dublunu rəsmiləşdirən Baqali Dabo yubiley topunun müəllifi olub. 8-ci km stadionundakı qarşılaşmayadək keçirdiyi 57 oyunda 98 top vuran “Qəbələ” “Neftçi” ilə görüşdə bu rəqəmi 101-ə çatdırıb. Bunlardan 64-ü evdə, 36-sı səfərdə, 1-i neytral meydanda vurulub.

 

Baqalinin ilk qolu da yubiley əhəmiyyəti kəsb edib. Hücumçu əvvəlcə “Qəbələ”nin heyətində özünün 25-ci qoluna imza atıb. “Qırmızı-qaralar”ın heyətində 56-cı matçına çıxan Dabo ardınca qol sayını 26-ya çatdırıb. Klub tarixinin 3-cü bombardiri olan hücumçu çempionatda 19, kubokda 4, avrokuboklarda 3 dəfə rəqib qapısına yol tapıb.

 

Ölkə kubokundakı 58-ci oyun həm də buraxılan 50-ci qolla yadda qalıb. “Neftçi”nin futbolçusu Soni Mustivarın vurduğu top “qırmızı-qaralar”ın qapısında gördüyü 50-ci qoldu. Bunlardan 20-si ev, 26-sı səfər, 1-i neytral meydana təsadüf edib. Ümumilikdə 101 qol vurub, 50-ni buraxan “Qəbələ” həm məhsuldarlığa, həm də fərqə (+51) görə yarışın 7-ci komandasıdı.

 

Bu qələbə kubok tarixində 30-cu uğurdu. “Qırmızı-qaralar” evdə 18, səfərdə 12 qələbə qazanıb. Komanda kubok yarışlarında 30 və daha çox matçda qalib gələn 8-ci komandadı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin