"Qarabağ"ın rəqibini tanıyaq - "Şəfa"nın "siftə"sini edən komanda

16:35 19 İyun 2018

Bu gün UEFA Çempionlar Liqasının ilk təsnifat mərhələsinin püşkü atıldı.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” 1-ci təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə mübarizə aparacaq. Ölkənin paytaxtı Lyublyananı təmsil edən bu klub 1911-ci ildə yaradılıb. Lakin 2004-cü ildə dağıldığı üçün 2005-də yenidən formalaşdırılıb.

 

Komanda ev oyunlarını elə paytaxtdakı “Stoyiçe” stadionunda keçirir. Arenanın azarkeş tutumu 16 038 nəfərdi.

 

Klubun prezidenti Milan Mandariç, baş məşqçisi isə İliya Stoliçadı. O, iyunun 11-də komandaya baş məşqçi təyin olunub. Halbuki, “Olimpiya” 2017/18 mövsümünü İqor Bişçanın rəhbərliyi altında keçirib.

 

“Olimpiya” Sloveniya çempionatının son mövsümündə 80 xalla çempion olub. Maraqlıdı ki, ikinci yeri tutan “Maribor” da mövsümü 80 xalla başa vurub. Lakin şəxsi oyunlardakı üstünlük “Olimpiya”da olduğundan, məhz Lyublyana təmsilçisi çempion elan olunub. Keçirdiyi 36 oyunda 23 qələbə qazanan komanda 11 heç-heçəyə razılaşıb, cəmi 2 dəfə məğlub olub. 61 qol vuran “Qarabağ”ın rəqibi öz qapısından cəmi 17 top buraxıb. Lyublayana təmsilçisi çempion olmaqla kifayətlənməyib. Belə ki, ölkə kubokunun da qalibi olan paytaxt klubu “qızıl dubl”a imza atıb.

 

Qeyd edək ki, “Olimpiya” 2-ci dəfə Azərbaycan təmsilçisinə avrokuboklarda rəqib olub. İlk duel 17 il öncə olub. Bu, 2001/02 mövsümündə UEFA Kubokunun ilk rəsnifat mərhələsində "Şəfa"yla görüşlərdə reallaşıb. Onda Azərbaycan kubokunun qalibi olan Əsgər Abdullayevin komandası hər iki matçda böyük hesabla uduzub - Lyublyanada 0:4, Bakıda 0:3. Özü də "Şəfa" stadionunun (hazırkı "İnter Arena") rəsmi açılışı bu qarşılaşmayla olub. "Qarabağ"ın məşqçisi olan Elçin Rəhmanov həmin vaxt "Şəfa"da oynayıb.

 

“Olimpiya” 6 dəfə (1991/92, 1992/93, 1993/94, 1994/95, 2015/16, 2017/18) Sloveniya çempionu olub, 5 dəfə ölkə kubokunun (1993, 1996, 2000, 2003, 2018), bir dəfə isə superkubokun (1995) qalibi adını qazanıb.


Xəbər xətti