"Barselona" yeni transferini açıqladı

13:01 25 İyul 2018

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, La Liqa nəhəngi Fransanın “Bordo” klubunun yarımmüdafiəçisi Malkomu transfer edib. Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Maraqlıdı ki, 21 yaşlı futbolçunu İtaliya təmsilçisi “Roma” da almağa yaxın idi. Hətta “Bordo”nun mətbuat xidməti “canavarlar”la bu oyunçunun transferinə dair razılığa gəlindiyini rəsmən ictimaiyyətə də açıqlamışdı. Lakin 38 milyon avroluq təklif irəli sürən “Roma”dan daha artığını verən (41 milyon avro + 1 milyon avro bonus) “Barselona” son anda Malkomu italyanlardan “oğurlamağı” bacarıb.

 

Braziliyalı vinger kataloniyalılarla 5 illik müqaviləyə imza atıb. Onun 7 nömrəli formanı geyinəcəyi bildirilir.

 

“Korintians”ın yetirməsi olan Malkom 2014-2015-ci illər aralığında doğma klubunda oynadıqdan sonra 2016-cı ildə “Bordo”ya transfer olunmuşdu. Geridə qalan 2 mövsümdə Fransa klubunda 84 oyuna çıxan futbolçu 20 qola imza atıb.


Xəbər xətti