Ramil Şeydayev: "Heç bir addımıma görə heyfslənmirəm"

17:14 25 Avqust 2018

 

Futbol üzrə Azərbaycan yığmasının və “Krılya Sovetov”un hücumçusu Ramil Şeydayev Rusiya mətbuatına müsahibə verib.

 

Sportarena.az sizi həmin müsahibə ilə tanış edir:

 

- İki ildən sonra Rusiyadasan. Bu qərarı verərkən nəyə əsaslandın?
- Əsas yeni səviyyəyə qalxmaqdı. Mənim üçün “Krılya Sovetov”a keçid irəliyə atılmış addımdı. Zəngin tarixə malik yaxşı kluba keçmişəm. Yeni komandama kömək etmək üçün üzərimdə çox çalışacam. Məqsədim daha çox oynamaq və irəliləməkdi.

 

- Oynamaq imkanını “Lokomotiv”lə görüşdə əvəzetmədən meydana daxil olmaqla qazandın. Premyer Liqa çoxmu dəyişib?
- Meydanda çox olmadığım üçün bunu tam anlaya bilmədim. Samaradakı yeni stadionda ab-havanı xüsusi qeyd edərdim. Gözəl, müasir arenadı. Bilirəm ki, dünya çempionatı üçün bir neçə yeni stadion inşa olunub. Bu, çox yaxşıdı. Futbolçulara oynamaq daha xoşdu, azarkeşlər də özlərini daha rahat hiss edirlər.

 

- Niyə cəmi 1 illik müqavilə imzaladınız?
- Belə qənaətə gəldik ki, həm klub üçün, həm də mənə bu variant daha münasibdi.

 

- Baş məşqçi Andrey Tixonov qarşına hansı məqsədi qoyub?
- Qərarı qəbul edərkən məhz baş məşqçinin məni komandada görmək istəməsini nəzərə aldım. Əlbəttə, heç kəs mənə əsas heyətdə oynayacağıma dair təminat verməyib. Başqa klublarda olduğu kimi, “Krılya Sovetov”da da yüksək rəqabət var. Ancaq bu, təbii seçimdi: daha yaxşı olsam, oynayacam.

 

- Belə düşünürük ki, “Krılya Sovetov”un kombinasiyalı oyun üslubu sənə uyğun gəlir...
- Razıyam. Samara klubuna keçərkən bu mövzu müzakirə olundu. Əvvəldən bilirdim ki, “Krılya Sovetov” daim hücum futbolu oynayır. Əmin idim ki, hücumçuya belə bir komandada oynamaq çox maraqlıdı. Belə də oldu.

 

- Ancaq buna rəğmən, “Krılya Sovetov”un aktivində hələ ki, cəmi 1 qələbə var. “Lokomotiv”lə son qarşılaşmada da məğlubiyyətə layiq deyildiniz. Elə digər görüşləri də nəzərə alsaq, bu cür starta layiq deyildiniz...
- Sərgilədiyimiz oyuna görə, pis görünmürük. Bəli, xalımız azdı, ancaq göstərdiyimiz futbol qələbələrin gələcəyinə əminlik yaradır.

 

- “Qarabağ”dan sonra “Zenit”ə dönüşün barədə söhbət düşməmişdi?
- Xeyr.

 

- “Qarabağ” barədə nə deyə bilərsən?
- Ancaq yaxşı sözlər. Azərbaycanda mənə çox rahat idi.

 

- Madrid “Atletiko”sunu pley-offa buraxmamaqla, Çempionlar Liqasında yaman səs-küy salmağı bacardınız...
- Elədi.

 

- Belə çıxır ki, İspaniya təmsilçisinə Avropa Liqasını qazanmaq yolunu məhz “Qarabağ” açdı...
- Elə də demək olar (gülür). Bilirəm ki, “Atletiko” orda oynamaq istəmirdi. Ancaq gördüyünüz kimi, sonda Avropa Liqasının qalibi oldu. Ümumiyyətlə, Çempionlar Liqası barədə yalnız xoş xatirələr qaldı. Öz gücümüzü ən yüksək səviyyədə yoxladıq. Əsl Avropa nəhəngləri – “Çelsi”, “Roma” və “Atletiko”yla qarşılaşdıq. Ən yaddaqalan oyun? Yəqin ki, səfərdə 1:1 başa çatan “Atletiko” ilə matç. Nəticələrə əsasən “Roma” ilə də pis oynamadıq: evdə 1:2, səfərdə 0:1. Yəqin ki, pley-offa yüksəlmək şansından yapışa bilərdik, amma bəxtimiz gətirmədi.

 

- Çempionlar Liqasındakı oyunlar sənə nə qazandırdı?
- Daim üzərimdə işləməli olduğumu. Sanki adi futbolçulara qarşı oynayırsan, amma onlar hər şeydə səndən yaxşıdılar: daha cəld, daha texnikalı. Hər şeydə azacıq, ancaq fərqli səviyyədi. Bax, bunda da artırmaq lazımdı.

 

- İcarə müddəti başa çatdıqdan sonra “Trabzonspor”a qayıtdın. Sonra nə oldu?
- Qarşılıqlı razılaşma əsasında vidalaşdıq. Hərçənd, daha bir illik müqaviləm qalırdı.

 

- Gəl, Türkiyə karyeranı yekunlaşdıraq: nə alındı, nə alınmadı?
- “Zenit”lə müqaviləm başa çatdıqdan sonra Avropaya getmək istəyirdim və atdığım addıma görə, peşman deyiləm. “Trabzonspor”da dəhşətli dəyərlər əldə etdiyimi deyə bilmərəm, amma qazandığım təcrübə mənə gələcəkdə yardımçı olacaq. Türkiyə və oranın çempionatı xoşuma gəlirdi. Hər şey yüksək səviyyədə idi: oyunlar, azarkeşlər, meydançalar. Problem ancaq klub rəhbərlərində idi və bu sözü sizə tək mən deməyəcəm. Digər məsələlər isə qaydasında idi.

 

- Bir neçə il öncə səni Peterburq futbolunun ən istedadlı futbolçusu adlandırırdılar. Qalsaydın, necə olacaqdı?
- Bunu heç kim bilmir. Bir daha təkrar edirəm – heç bir addımıma görə heyfslənmirəm.

 

- “Zenit” yeni müqavilə təklif edirdi?
- Bəli, ancaq bu, heç də mən istədiyim şey deyildi. Ömrümboyu “Zenit”də oynamağı arzulamışam. Ancaq təklif olunan müqavilə variantıyla tanış olduqdan sonra getmək qərarımı qətiləşdirdim. Türkiyədən təklif gəlməsəydi, başqa kluba keçəcəkdim.

 

- “Zenit”in təklifində səni nə qane etmədi?
- Hər şey! Hesab edirəm ki, tam fərqli müqavilə təklif edilməli idi.

 

- Axı, həmin vaxt vur-tut 20 yaşın var idi.
- Hesab edirəm ki, təklif düzgün deyildi.

 

- "Zenit-2"in baş məşqçisi Vladislav Radimov daim barəndə xoş sözlər işlədir. O, indi də hesab edir ki, ən yüksək səviyyədə oynayacaqsan.
- Bəlkə də “Zenit”də doğrudan da yüksək səviyyədə oynayacaqdım. Ancaq nəsə qaydasında deyildi. Vladislav Nikolayeviç mənə hər şeydə çox kömək edib – karyeramda, insan kimi böyüməyimdə. Ona sidq ürəkdən minnətdaram. Ancaq Vladislav Nikolayeviç bizə daim deyirdi: “Qərarı özünüz verin”. Mən də bu cür qərar qəbul etdim. Ümid edirəm ki, o, məni anladı və motivlərimi qəbul etdi.

 

- Radimov hesab edir ki, ən böyük səhvin vətəndaşlığını dəyişməkdi...
- Mən belə düşünmürəm.

 

- “Krılya Sovetov”un “Zenit”ə qarşı oyunları sənin üçün xüsusi önəm kəsb edəcək?
- Əlbəttə ki, sabiq komandana qarşı oynayanda, xüsusi hisslər keçirirsən. Əbəs yerə deməyiblər ki, bu cür qarşılaşmalar futbolçular üçün prinsipial xarakter daşıyır. “Zenit”i sevirəm və həmin oyuna xüsusi hisslərlə çıxacam.

 

- “Zenit”ə qol vursan, qeyd edəcəksən?
- Yox.

 

- Cəmi 22 yaşın olsa da, Avropada da oynamısan, Rusiyanın 3 komandası – “Zenit”, “Rubin” və “Krılya Sovetov”un da şərəfini qorumusan. Bəs, sonra necə olacaq?
- Deyə bilmirəm. İndi əsas məqsədim mənə etimad göstərən insanların etimadını doğrultmaqdı. Üzərimdə çox çalışıram, istəyirəm bu mövsümü yaxşı keçirib, “Krılya Sovetov”a kömək etmək arzusundayam. Sonrasına isə baxarıq.

 

- 2020-ci ildə Avropa çempionatını qəbul edən şəhərlər arasında Bakı da olacaq, Sankt-Peterburq da. Bununla əlaqədar Azərbaycan millisi qarşısına ən yüksək məqsədlər qoyurmu?
- Əlbəttə! Final mərhələsinə yüksəlmək üçün 2 şansımız var. Bunlardan yararlanmağa sadəcə, borcluyuq! Bu yaxınlarda Millətlər Liqası start götürəcək, ardınca isə seçmə tsikl. Gənc, sürətli, ambisiyalı, məqsədlərinə çata bilən komandamız var. Bizə bütün ölkə azarkeşlik edəcək. Deməli, hər şey yaxşı olacaq. Bakıda, özü də Avropa çempionatında oynamaq – köhnə arzumdu.

 

- Millətlər Liqasındakı rəqibləriniz Kosovo, Farer adaları və Maltadı. İlk baxışdan elə də güclü komandalar deyil...
- Elədi, amma Kosovo təsəvvür etdiyiniz qədər sadə rəqib deyil. Elə Malta ilə də səfərdə asan olmayacaq. Ancaq bütün hallarda, bu komandaların hər biri ilə oynamaq və qalib gəlmək mümkündü.


Xəbər xətti