Millimizin oyununu bəyənmədilər - SORĞU

10:43 9 Sentyabr 2018

Sentyabrın 7-si millimiz Millətlər Liqasının ilk oyununda Kosovo yığması ilə bərabərliyə razlaşdı. (0:0)

 

Bu görüş yığmamızın baş məşqçisi Qurban Qurbanovun millidə ilk rəsmi oyunu olub. Maraqlıdır görəsən futbol ictimaiyyəti millimizin oyununu necə qiymətləndirib?

 

Bunu aydınlaşdırmaq üçün Sportarena.az saytı idman jurnalistləri arasında sorğu keçirib. Onlar "millimizin oyununu necə dəyərləndirirsiz?" sualına belə cavab veriblər:


Elçin Cəlilov, (Futbolpress.az) "Millinin oyunu plan üzrə, yəni, hesab edirəm ki, yanaşma olaraq gözləniləni verib. Ancaq gələcəyə yönəlik nə vəd edir - bu sual sual altındadır. Bizim milli Millətlər Liqasının D divizionunda reytinq favoritidir. Ona görə də daha artığını gözləməyə haqqımız çatır.Hesab edirəm ki, Malta ilə iki gün sonrakı oyundan sonra daha geniş fikir bildirmək olar."


Kənan Məstəliyev, (Rekord.az) "Son illərdə millinin nümayiş etdirdiyi ən darıxdırıcı oyununu izlədim. Həmkarlarımın və azarkeşlərin fikirlərinə görə, start heyəti optimal seçilməmişdi. Bu fikirlərlə razıyam. Ancaq oyunu "qorxaq futbol" adlandırmağın tərəfdarı deyiləm. Qurban Qurbanov bütün rəqiblərə hörmət və ehtiyatla yanaşır. Bu dəfə də komandanı ehtiyatlı oynatdı, amma normadan artıq ehtiyatlı. Oyunda qələbə qazanmaq üçün bəzi addımları atsa da, çox gec oldu. Hamı başa düşdü ki, Kosovo millisi bizi böyükhesabla məğlub edəcək komanda deyil. Buna görə düşünürəm ki, bu komandanı üstələmək olar. Qurbanov da bunu görüb addımlar atmağa başladı, amma alınmadı. Millimizin dünənki oyununu heç bəyənmədim, amma tənqid etməyə də tələsmirəm. Malta millisi ilə oyundan sonra rahat fikir bildirə biləcəyik.  Səbrli olmaq lazımdır. Çünki bu, hələ başlanğıcdır".


Mehman Süleymanov, (Sport24.az) "Əlbəttə, milli komandamızın oyununda nəticə bizi tam qane etmədi. Çünki evdə oynayırdıq və rəqib güclü olsa da,, qələbəylə start vacib idi. Ancaq millimizin üzləşdikləri problemləri, ilk növbədə bir sıra futbolçuların oyun praktikası sarıdan korlqu çəkmələrini nəzərə alsaq, nəticəni qənaətbəxş sayıram. Qurban Qurbanovun komandasının oyunu ümumilikdə məni razı saldı. Bəli, ilk hissədən fərqli olaraq ikinci hissədə daha yaxşı təsir bağışladıq. Qurbanovun əvəzetmələri, xüsusilə Dmitr Nazarovun meydana daxil olmasıyla oyunumuzu xeyli canlandırdı. Rəqibin baş məşqçisi matçdan sonra keçirilən mətbuat konfransında etiraf etdi ki, bizdə qol imkanları daha çox idi. Yəni buna görə qələbəyə biz daha yaxın idik, layiq idik. Bir epizodda rəqib müdafiəçi cərimə meydançasında əllə oynasa da, norveçli baş hakimi fiti susmamasını xüsusilə qeyd etmək istərdim. Qapı arxasında yer alan yardımçı hakimin gözü qarşısında yaşanan bu epizoda reaksiya verilməməsi bir daha sübut etdi ki, dürüstlüyə yalnız VAR sistemiylə nail olmaq mümkündü. Ümumilikdə Qurban Qurbanovlu millimiz oyun nizam-intizamıyla yadda qaldı ki, bu amil Maltayla qarşıdakı səfər görüşündə nikbin baxmağa əsas verir. Bəli, razıyam ki, bu turnirdə nəticə daha çox önəm kəsb edir. Millimizin kağız üzərində əsas rəqibi Kosovodu. Nəzərə alsaq ki, qarşıda hələ 5 tur var, indidən riskə gedib başıalovlu hücuma atılmaq da düzgün olmazdı. Axı, bu zaman qol buraxmaq təhlükəsi də vardı ki, 3 xalı rəqibə vermək şansların elə startdaca xeyli azalması demək olacaqdı. Heç kim təminat verə bilməz ki, Kosovo qrupda qalan 5 oyunda bir daha xal itirməyəcək. Deməli, Kosovodakı matçdadək oyunlarımızda maksimum nəticə qazanmağı daha çox düşünməliyik."

 

Mehman Rəsulov, (Real.TV) "Təbii ki, razı qalmadım. Milliyə namizəd futbolçuların formadan uzaq olması əsas problemimizdi. Bu futbolçuların əksəriyyəti öz klublarında normal futbol oynamalıdır. Vaxt keçirməklə, ortaya nəticə çıxmayacaq. Baş məşqçi sehrbaz deyil ki, yoxdan şirni düzəldə. Klublarımız gün-gündən zəifləyəcəksə, biz futbolçu tapmaqda çətinlik çəkəcəyik. Əsas da qol vurmağı bacaranımız yoxdu. Bu sonrakı oyunlarda da ciddi problem kimi gözümüzə girəcək."

 

Sənan Abdullayev, (Xəzər TV) "Məncə razı və ya narazı dəyərləndirməsi üçün bir oyun azdı. Sırf nəticə baxımından təbii ki, razı qala bilmərəm.  Kosovo bura uduzmamaq üçün gəlmişdi və nail oldu da. Çünki qrupdakı sonuncu oyunlarını bizə qarşı və evdə oynayacaqlar. Hələ də müstəqillik qazanmamış ölkənin vətəndaşlarının bunu göstərmək üçün hər vasitəyə can qoyduğunu, azarkeşlərin futbolçulara inanılmaz motivasiya verəcəyini nəzərə alsaq şanslar çox aşağıdır. Məncə Qurban Qurbanov və komandası startdaca ruhu sındırmamağa çalışdı. Yəni qələbə üçün açıq risk edib məğlubiyyət yaşamaq acısından uzaq durdular. Məncə də doğru gediş idi. Məğlubiyyətlərə öyrəşmiş beyinləri birdən dəyişmək mümkün deyil. Futbolçular qol vura və uda biləcəklərinə az da olsa inam qazandılar. Bunu oyunsonrası açıqlamaları da göstərir. İndi artıq qələbə lazımdı. Onu bacarmaq bu heç-heçədən daha vacib və "vahiməli"dir."

 

Rəşad Ergün, (Komanda.az) "Millinin oyunundan razı qalmadım. Sönük oyun oldu, milli gözləniləni vermədi."

 

Nuh TARVERDİYEV


Xəbər xətti